Nurəddin İSMAYIL

Azərbaycan son dövrlərdə hərbi sahədə olduğu kimi, beynəxalq aləmdə də onun çəkisini artıran, nüfuz dairəsini genişləndirən bir çox siyasi, diplomatik uğurlara imza atan ölkə kimi özünü tanıdıb. Ev sahibliyi etdiyi regional və qlobal tədbirlərdə aktiv iştirakı, bu tədbirlərdə dünyanı ciddi narahat edən, onun nizamını pozan məsələlər barədə səslənən önəmli mesajlar, dövlətimizin öz strateji hədəflərinə doğru inamla addımlamasının təsdiqidir.

Bakı Təşəbbüs Qrupunun təşkilatçlığı ilə paytaxtımızda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfrans, müstəmləkəçilik siyasətinin ifşası baxımından önəmli əhəmiyyət kəsb edir. Fransanın timsalında yeni müstəmləkəçilik siyasətinin davam etdiyini, hərbi, iqtisadi-siyasi nüfuz dairəsinə saldığı ölkə və xalqların milli sərvətini amansızcasına istismara sürüklədiyini əks etdirən bu cür konfransların davamlı olaraq keçirilməsinə ehtiyac var. İnsan azadlıqlarının, demokratiyanın ilk boy atdığı ölkə olan Fransanın bu gün sərgilədiyi neokolonial siyasət bu dövlətin öz dəyərlərindən hansı məsafədə uzaqlaşmasının, beynəlxalq hüquqa nə dərəcədə arxa çevirməsinin göstəricisidir. İş təkcə bununla bitmir. Fransa demokratiya, milli azlıqların haqqının müdafiəsi adı altında Ermənistanı revanşizmə həvəsləndirir, dinc nəfəs almaq istəyən, sabitliyə qədəm qoyan Cənubi Qafqazı təzədən münaqişə ocağına çevirmək, nəyin bahasına olursa-olsun bölgəmizdə özünün neoimperialist, neokolonial məqsədlərini həyəata keçirmək istəyir. Ermənistan bu hiyləgər, riyakar məqsədlərin gerçəkləşməsində onun əlaltısı, yeni vassalı rolunda çıxış edir.

Bakı konfransında dövlət başçısı İ.Əliyevin səsləndirdiyi fikirlər Fransanın müstəmləkəçi dünəninə və yeni müstəmləkəçi bu gününə işıq salır. Bir ölkə nə qədər riyakar, ədalətsiz olarmış, dayanmadan ikili standartlara qol qoyan, ölkəsində milyonlarla türk, müsəlman yaşamasına, onun dövlət quruluşuna sadiq olmasına baxmayaraq türkə, müsəlman dünyasına bu qədər nifrət ruhunda köklənərmiş. Təmsil olunduğu elə bir beynəlxalq platforma yoxdur ki, Fransa yetkililəri o kürsülərdə anti-Azərbaycan mövqe sərgiləməsin. Minsk Qrupunun həmsədr ölkəsi kimi otuz ildən artıq əleyhimizə işləməsi bəs deyilmiş, indi də erməni hamisi rolunda çıxış edərək, Azərbaycanı insan haqlarını pozmaqda, “etnik təmizləmə”də günahlandırmaq, ölkəmiz əleyhinə ədalətsiz qərarlar qəbul etdirməkdən çəkinmir. Azərbaycan Prezidenti Fransada neokolonializm meyilləri ilə bərabər, irqçilik və islamofobiyanın da geniş vüsət aldığını, konfransda təmsil olunan insanların bəzilərinin müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qaldığını forum iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə etdiyini, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olduğunu gündəmə gətirib.

Fransanın Avropadan kənarda, Sakit və Atlantik okeanları hüdudlarında yaşayan bir çox xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmədiyi, həmin ölkələri aparteizmin, müstəmləkəçilik siyasətinin qurbanına çevirdiyi, onları böyük zaman kəsiyində əsarət altında saxlaması faktları konfransda həmin xalqların öz nümayəndələri tərəfindən dilə gətirilib. Martinika təmsilçisi L. F. Kerolun Afrikada bir çox ölkənin Fransanın neokolonializm siyasətinə qarşı mübarizə aparması, Sakit okean və Karib dənizində illərdir eyni siyasəti davam etdirməsi, 300 ilik müstəmləkə siyasətinin xalqını köləyə çevirməsi barədə məruzəsi böyük həyəcanla qarşılanıb.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan istifadə edərək uzun müddət Afrikada qərəzli siyasət yürüdən və Əlcəzairi qan gölündə boğan, genosidə məruz qoyan Fransanın neokolonial siyasəti bu gün də davam etməkdədir. Onun Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal etməsi, sərvətlərini talaması, həmin ərazilərdə bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətməsi faktları daim nifrətlə xatırlanacaq.

Keçmiş SSRİ ərazisində yaşayan xalqlar da uzun müddət müstəmləkə siyasətinin qurbanı olub. Çar Rusiyası və sonradan onu əvəzləyən bölşevik-kommunist rejimi müstəmləkə siyasətinin ən alçaq formalarını tətbiq etməklə ərazisinə zorla birləşdirdiyi ölkələri, xalqları qəddarcasına istismar etmiş, onların milli sərvətlərini talamışdır. Digər xalqlar kimi Azərbaycan da həmin rus müstəmləkə siyasətinin 200 illik günahsız qurbanına çevrilmiş, tarixi əraziləri param-parça edilmişdir.

Bu günkü reallıqlar Rusiyanın hələ də davam edən müstəmləkəçilik siyasətini ifşa etməyə imkan verməsə də, vaxtı çatanda bu dövlət yüzillərlə əsarətdə saxladığı xalqların ona qurduğu divanla üz-üzə qalacaq.