Xəbər verildiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı Ukraynadakı müharibənin gedişi və perspektivi ilə bağlı “The Ekonomist” nəşrinə məqalə yazıb.
“AzPolitika.info” xəbər verir ki, Zalujnı öz məqaləsində bu ilin yayında başlanan Ukrayna əks-hücumunun nədən gözlənilən nəticələrə gətirib çıxarmadığına aydınlıq gətirməyə çalışıb. General bildirib ki, ilkin plana görə, onun rəhbərlik etdiyi ordu gündə orta hesabla 30 kilometr irəliləməli və 4 aya Krım yarımadasına girməli idi: “NATO dərsliklərinə və bizim apardığımız riyazi hesablamalara görə, 4 ay bəs etməli idi ki, Krıma çataq, orada döyüşək, Krımdan qayıdaq, yenidən oraya girək və çıxaq”. Lakin Zalujnının dediyi kimi, ilk günlərdəcə ordu “misli görünməmiş mina sahələri” ilə qarşılaşıb və həmin sahələrdə ilişib. Bu vaxt general hesab edib ki, bəlkə yerlərdəki qoşunlara rəhbərlik edən komandirləri dəyişsə, vəziyyət dəyişər. Lakin bu dəyişikliklər, hətta bölmələrdəki döyüşçülərin yerlərinin dəyişdirilməsi də heç bir nəticə verməyib.
Zalujnı deyir ki, bundan sonra o, hələ 1941-ci ildə Sovet generalı P.S.Smirnovun yazdığı “Gücləndirilmiş müdafiə xətlərinin yarılması” kitabına müraciət edib: “Həmin kitabın heç yarısını oxumamış başa düşdüm ki, o vaxt olduğu kimi, bizim bugünkü inkişaf səviyyəmiz həm bizi, həm də düşmənimizi dalana dirəyib”.
Zalujnı qeyd edib ki, məhz texnoloji gerilik bu müharibəni dalana dirəyib və tərəflərdən heç biri irəliləyə bilmir.
“AzPolitika.info”

Şərhlər