Rüfət Əhmədzadə

Səmimi deyəcəm: mən və mənim tanıdığım insanların 90 faizi inanmırdı ki, Qarabağın işğalı bu qədər tez bitsin.

Əslində, o qədər də tez deyil: 30 il heç də qısa vaxt sayıla bilməz. Amma cəmiyyət olaraq, ümidimizi üzmüşdük.

Bizim son 30 ilimiz Qarabağ problemi ilə keçib. Təkcə qaçqınların yox, bütün Azərbaycan xalqının həyatı...

Yaşadığımız bütün sosial-iqtisadi problemlər, çatışmazlıqlar Qarabağ problemi ilə bağlı olub.

Təəssüf ki, bu illərdə bəzi məmurların da dilində bu ifadə əzbər olmuşdu: “Bizim Qarabağ boyda problemimiz var”.

Öz işini görə bilməyən və ya rüşvətə bulaşan hər kəs, sonda bəhanə kimi Qarabağ problemindən yapışırdı.

Artıq inanmışdıq ki, Allah da ermənilərin tərəfindədir.

Mənim uşaqlığım bu əzabı yaşamaqla keçib. Məcburi köçkün deyiləm, valideynlərim əslən Xızı zonasındandır. Amma atam hələ 1980-ci illərdən hərəkatla bağlı adam olub, Ermənistandan deportasiya olunan həmvətənlərimizin daşınmasında da iştirak edib... Ona görə də, bu ağrılı-acılı mövzular həmişə evimizin içində olub. Mən öz uşaq ağlımla, Xırdalanda yaşaya-yaşaya, Xocalıda qətliama məruz qalan uşaqların acısını yaşamışam. Axı, 6-7 yaşlı uşaqlar niyə faciə və qətliam xəbərlərilə böyüməlidir?

1990-cı ilin 19 yanvar gecəsi mənim cəmi 4 yaşım var idi (3 yaş 6 ay). Amma bir epizod yadımdadır. Xırdalanda, Bakı-Sumqayıt yolunun kənarında yaşayırdıq. Əlimdə sarı rəngli oyuncaq su tapançası ilə, atamla birlikdə həyətə çıxmışdım. Birdən yol kənarında tanklar göründü. Küçəmizdə səs-küy düşdü. Binamızın müxtəlif pəncərələrindən qadın səsləri ətrafı bürüdü. Atam məni tez qucağına alıb evə apardı. Ondan sonrası yadımda deyil. Amma sonradan öyrəndim ki, atam bizi bir dostunun vasitəsilə Xırdalandan çıxarıb, özü isə Bakıya, hadisələrin “qazan”ına yollanıb. Atam 20 yanvar hadisələrindən sağ qayıtsa da, 8 il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişdi. Heyif ki, bu günləri görmədi. Yadımdadı, Mübariz İbrahimovla bağlı xəbərləri də ona danışanda, çox pis olmuş, bir siqaret yandırıb, nəzərlərini sonsuz bir nöqtəyə zilləmişdi. Sözləri yadımdan çıxmaz: “Biz nə vaxta qədər bu əzabı çəkəcəyik?”

1992... müharibə başladı, 12-13 yaşlı bacılarım belə, anamla birlikdə əsgərlər üçün corab və şərf toxuyurdu. Atam o vaxt bütün məhəllədən bu toxunan corab və şərfləri toplayıb, Abşeron batalyonuna göndərirdi.

Doğma bibim olmasa da, uzaqdan qohumumuz olan, «Tahirə bibi» dediyim, Xırdalanda mərd qadın və şəhid anası kimi tanınan Tahirə Xəlilovanın 4 oğlundan 3-ü Qarabağda, Abşeron batalyonunda döyüşüb. Onun kiçik oğlu Vüsal Xəlilovun adına indi Xırdalanda küçə və məktəb var. O küçənin necə abadlaşdırılması, musiqi məktəbinin orta məktəbə necə çevrilməsi də yadımdadır. Uşaq idim, amma mən də o məktəbə güldan, şəkil, lövhə və digər xırda əşyaların daşınmasında iştirak etmişəm. Bu yaxında həmin məktəbin yanından keçdim. Nəzər saldıqda, həmin illər gözümün qabağından keçdi. Çətinliklər, məhrumiyyətlər, pulun olsa da belə, çörək mağazalarının qabağında saatlarla növbədə gözləmək məcburiyyəti...

Və ötən gün eşitdim ki, Xankəndidə parad olacaq. Keçirdiyim hisləri yazmayacam, çünki bu yazıdan daha qarışıqdır.

Ötən yazılarımın birində demişdim, içi mən qarışıq çoxumuz düşünürdük ki, Qarabağ məsələsi Allaha qalıb. Amma həqiqətən də, Allaha qalıbmış – İlahı ədalət sözünü dedi. Bundan sonra isə... Kaş ki, bu yazımı bir erməni oxusun. Və anlasın ki, müharibədə əzab çəkməyən xalq olmur.

Biz sadəcə, öz evimizdə yaşayırdıq, mən sadəcə oyuncaq su tapançası ilə oynayırdım, tankları ancaq televizorda, filmlərdə görməli idim. Mən də, Qarabağda qışın şaxtasında evindən didərgin düşən uşaqlar da...

Atam sadəcə öz övladları üçün işləyib qazanırdı, tank qabağına çıxmaq kimi həvəsi-hobbisi olmayıb.

Şəhid Vüsalın öz arzuları var idi, boksçu idi, 18 yaşında müharibəyə getdi, həyatı tamamilə dəyişdi. Daha doğrusu, bitdi.

Mübariz İbrahimov da hərbi xidmətini sona yetirib, ailəsinin yanına qayıdacaq, oğul-uşaq sahibi olacaqdı...

Hazırda Qəzzada dəhşət yaşanır. Dinc insanların ölüm sayı 10 minə çatıb. Heç nə demirəm... Sadəcə, hər iki tərəfə İLAHİ ƏDALƏT arzu edirəm.