Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin ötən gün Qazaxıstana səfər edib. Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasında yeni müqavilələrin imzalandığı görüşlərdən sonra birgə mətbuat konfransı keçiriblər.

"AzPolitika.info" xəbər verir ki, mətbuat konfransı maraqlı bir anla yadda qalıb. 

Belə ki, Tokayev ənənəni pozaraq rus dilini bildiyi halda, çıxışına qazax dilində başlayıb. Tokayevin bu hərəkətini böyük təəccübə qarşılayan Rusiya nümayəndə heyəti onun çıxışını qulaqcıqla dinləməli olublar. Putinlə birlikdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Kremlin sözçüsü Dmitri Peskovun da tərcümə üçün qulaqcıq istəməsi diqqətdən yayınmayıb.

Qeyd edək ki, Tokayev çıxışına qazax dilində başlasa da, daha sonra rus dilində davam edib.

Tokayev öz çıxışında bunları deyib: "Rusiya Qazaxıstanın strateji tərəfdaşı və müttəfiqidir. Ortaq tarix, daimi dostluq, qarşılıqlı hörmət və etimadın sarsılmaz dəyərləri əsasında biz dövlətlərarası münasibətlər qurmuşuq ki, bu da qarşılıqlı anlaşmanın reallaşmasının parlaq nümunəsidir. Bir çox sahələrdə qarşılıqlı maraqlar var. Bu fürsətdən istifadə edərək Qazaxıstanın Rusiya ilə əməkdaşlığını daha da dərinləşdirmək üçün onun bu strateji yola sadiqliyini təsdiq etmək istərdim”.

"AzPolitika.info"