Menu

ZELENSKİ TRAMPLA GÖRÜŞƏ CAN ATIR – Kreml isə Putin-Tramp “dostluğu” ilə fəxr edir...

13.11.2023, 11:25
ZELENSKİ TRAMPLA GÖRÜŞƏ CAN ATIR – Kreml isə Putin-Tramp “dostluğu” ilə fəxr edir...

Ukrayna Baş nazirinin müavini Yuliya Sviridenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Amerikaya səfər edib. Heyətin tərkibində Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak da var. Nümayəndə heyətinin məqsədlərindən biri Prezident Volodimir Zelenskinin ABŞ-nin sabiq Prezidenti, hazırda isə Respublikaçılar partiyasının ən yüksək reytinqli prezidentliyə namizədi sayılan Donald Trampla görüşünü təşkil etməkdir.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatının bu səfərə dair məlumatlarında Trampın faktiki olaraq ABŞ Nümayəndələr Palatasına orada üstünlük təşkil edən respublikaçılar vasitəsilə nəzarət etdiyi önə çəkilir.

Qeyd olunur ki, Tramp Nümayəndələr Palatasında Ukraynaya hərbi-maliyyə yardımlarının ayrılması məsələsinə birbaşa təsir imkanlarına malikdir. Odur ki, Trampın mövqeyi Ukrayna üçün əhəmiyyətlidir. Onun növbəti prezident seçkisinə qatılması və qalib gəlməsi ehtimalları da nəzərə alınsa, belə bir görüşün təşkilinin kifayət qədər ciddi əhəmiyyət kəsb etdiyini demək olar. Məhz buna görə Zelenski onunla görüşmək və məlum məsələləri müzakirə etmək istəyir. Bu görüşü təşkil etmək isə Prtezident Ofisinin başçısı Andrey Yermaka həvalə olunub. Hələ ki, belə bir görüşün baş tutub-tutmayacağı bəlli deyil. Lakin təhlilçilər Ukraynaya yardımın əleyhinə olan qatı trampçı respublikaçıların çıxışlarından və mövqeyindən irəli gələrək, sabiq Prezidentin Zelenski ilə görüşə istəkli olmadığını düşünürlər...

Bu arada Tramp-Zelenski görüşü mövzusuna Rusiya XİN tərəfindən də reaksiya verilib. Çox zaman qeyri-adekvat və aqressiv ritorikası ilə seçilən Rusiya XİN sözçüsü Mariya Zaxarova Trampla görüşə can atan Zelenskini ələ salmağa çalışıb. Zaxarova Zelenskinin Trampla telefon dialoqunu təsəvvür edərək, öz sosial şəbəkə səhifəsində yazıb: “Donald, bu, Vladimirdir. Yox, sənın dostun (Vladimir Putin-red.) yox, Baydenin dostu. Bizim Co və onun oğlu ilə biznesimiz olub...” Bununla da Zaxarova Trampın Zelenskinin yox, Putinin dostu olduğunu demək istəyib və bununla fəxr edib.

Qeyd edək ki, bir çox təhlilçilər Putinin Ukraynadakı müharibəni ən azı ABŞ-də gələn il keçiriləcək prezident seçkisinə qədər uzatmaq fikrində olduğunu bildirirlər. Buna səbəb həmin seçkidə Trampın yenidən Prezident seçilməsi ehtimalının yüksək qiymətləndirilməsidir. Kreml ümid edir ki, Tramp yenidən Ağ Evə sahiblənəcəyi təqdirdə, ABŞ Ukraynaya yardımları dayandıracaq və rəsmi Kiyevi kapitulyasiyaya bərabər şərtlər daxilində sülh danışıqlarına vadar edəcək.

C.Məmmədov

“AzPoilitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol