Nurəddin İsmayıl

Dünyanın nizamını pozan, yaratdığı qorxunc vahimə ilə insanlığı daim təhdid altında saxlayan və dövlətlərarası münasibətlərə sarsıdıcı zərbə vurmaqla beynəlxalq münasibətləri pozmağa yönələn terrorizm bu gün dünyanın rastlaşdığı ən ciddi problemlərdəndir. Latın mənşəli olan terror sözü qorxu və vahimə anlamını verməklə, təqib etmək, divan tutmaq, öldürmək, dəhşətə salmaq kimi mənaları da özündə ehtiva edir.

Terrorizm ayrı-ayrı dövlətlərin yardımı, terror aktlarına onların göz yumması və ya səhlənkarlığı nəticəsində intişar tapan və beynəlxalq hüququn müdafiəsi altında olan şəxslərə, obyektlərə qarşı yönələn beynəlxalq zorakılıq aktıdır. Terrorizmin başlıca hədəfi xarici dövlət və hökumət başçılarının, onların diplomatik və digər səlahiyyətli nümayəndələrinin öldürülməsi, səfirlik və missiyaların yerləşdiyi binaların, beynəlxalq təşkilatların mənzil qərargahlarının partladılması və nəqliyyat şəbəkələrinin dağıdılması vasitəsi ilə qarşıya qoyulan məqsədə çatmaqdır.

Göründüyü kimi, əhatə dairəsi və törətdiyi vəhşiliyin dərəcəsinə görə terrorizm bütün dövlətlər və xalqlar üçün eyni təhlükə mənbəyidir. Terror aktının harada və hansı qrup tərəfindən törədilməsindən asılı olmayaraq, təkcə baş verdiyi ərazinin dövlət quruluşunu deyil, bütövlükdə beynəlxalq münasibətlərin sabitliyini pozur və sivil dünyanı öz qorxunc təsiri altında saxlayır. Məhz bu baxımdan terrorizmə qarşı mübarizədə bütün beynəlxalq səylər birləşdirilməli və bəşəriyyət üçün böyük fəlakətlər gətirən bu bəlaya qarşı xalqlar və millətlər vahid cəbhədən çıxış etməlidirlər.

Lakin təəssüflə qeyd edilməlidir ki, kiçik dövlətləri öz siyasi təsir dairəsində saxlamaq istəyən və onlar üzərində hegemonluğa can atan bir sıra dövlətlər nədənsə terroru doğuran səbəblərin aradan qaldırılmasına, problemin köklü şəkildə həll edilməsinə ciddi səy göstərmək əvəzinə, terror yalnız onların özləri üçün təhlükə mənbəyinə çevrildiyi məqamda narahat olmağa başlayır, canfəşanlıq göstərirlər.

Terrora qarşı mübarizəni sözdə bayraq edən bəzi dövlətlər strateji maraqları naminə özləri terrorun intişar tapmasına və genişlənməsinə şərait yaradır, terrorçu qrupların onların ərazisində təşkilatlanmasına, sərbəst fəaliyyət göstərməsinə açıqca göz yumurlar. Terrorizmin yaranmasında daxili faktorlarla yanaşı, böyük güclərin ayrı-ayrı suveren dövlətlərin daxili həyatına etdiyi müdaxilələr, ölkələrin enerji ehtiyatlarını ələ keçirmək cəhdləri, güclənməkdə olan dövlətlərin başını iç savaşa qatıb, onları zəiflədərək, özlərindən asılı vəziyyətə salmaq istəklərindən doğan xarici faktorlar da mühüm rol oynayır. Azərbaycan istər iyirminci əsrin əvvəllərində, istərsə də son onilliklərdə ermənilərin törətdikləri terrordan ən çox zərbə alan, terrorun, onun astar üzü olan separartizmin gətirdiyi bəlalarla üz-üzə qalan nadir ölkələr sırasına daxildir. Məhz beynəlxalq səviyyədə himayə edilən, silahlanan erməni teerrorçuları 30 ildən artıq müddət ərzində, “öz müqəddəratını təyin etmə azadlığı” adı altında onminlərlə insanımızı terrora məruz qoyub, dinc əhalini məhv edib, mülki obyektləri, yaşayış məskənlərini hədəf seçməklə qanlı qırğınlar törədib. Otuz il ərzində beynəlxalq təşkilatlar, nəinki erməni terrorizminə qarşı susqunluq nümayiş etdirib, həmçinin erməni terrorizminin bu və ya digər formada himayədarı, dəstək verəni rolunda çıxış edib. İranda bir səfirlik əməkdaşımızın ölümü, digərinin ağır yaralanması ilə nəticələnən terror aktının baş verdiyi tarix çox da uzaq deyil.

Bir çox Qərb dövlətləri sözdə terrorizmə qarşı mübarizədə həmrəylik göstərsələr də, arxa planda terrorizmin müdafiçisi rolunu oynamışlar. Bu gün Fransanın, ABŞ-ın və bir sıra dövlətlərin erməni terrorizmini dəstəkləməsi, terrora məruz qalan Azərbaycanı “etnik təmizləmə”də suçlaması onların ikili oyunlarından xəbər verir. Təcavüzkarı, işğalçını, terroristi bu və ya digər adla müdafiə etməyin, suveren bir ölkənin ərazisində törədilən terror aktlarına göz yummağın riyakarlıqdan, iküzlülükdən başqa bir adı yoxdur. Biz terrora qarşı münasibətdə ikili yanaşmaların qardaş Türkiyə timsalında canlı şahidiyik. İstər ölkə daxilində, istərsə də Türkiyə ilə həmsərhəd ölkələrdə terrorçu PKK, PYD, YPG dəstələrinin beynəlxalq səviyyədə müdafiə olunması, onların əliylə Türkiyənin siyasi quruluşunu sarsıtmaq cəhdləri hər kəsə gün kimi aydındır.

Bir zamanlar ASALA erməni terror təşkilatının Türkiyəin xarici ölkələrdə yerləşən səfirlik binalarına hücumu, tanınmış şəxslərin, diplomatların qətlə yetirilməsi heç kəsin yadından çıxmayıb. İŞİD, Taliban, Hizbullah, HƏMAS havadan meydana gələn terrorçu və ya radikal islami qruplar deyil və bu dəstələr yalnız himayədarlarının başağrısına çevriləndə onları narahat etməyə başlayır.

Fikrimizcə, Azərbaycanın Qarabağda uzun müddət kök salan, bir çox dövlətlər tərəfindən həyasızcasına himayə edilən erməni terrorçularına qarşı keçirdiyi son antiterror əməliyyatı terrordan əziyyət çəkən dövlətlər üçün örnək olmalıdır.