İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan sonra keçirilən sorğularda 81 yaşlı ABŞ Prezidenti Co Baydenin seçicilərinin sayının getdikcə azaldığı məlum olub.
“AzPolitika.info” xəbər verir ki, “NBC News and Public Opinion Strategies”-in 10-14 noyabr tarixli sorğusunun nəticələrinə görə, Baydenin gənc demokratlar arasında da nüfuzu aşağı düşüb.
Səbəb kimi, 18-34 yaş aralığında olan gənc seçicilərin İsrailin Qəzza zolağına hücumlarını yaşlı seçicilərə nisbətən “daha az” dəstəklədiyi və Qəzzada dinc əhalinin qətliamına qarşı çıxdığı göstərilir. 81 yaşlı Baydenin yerinə daha gənc namizəd görmək istəyən gənc seçicilərin 70 faizinin Baydenin İsrailin Qəzzaya hücumlarını idarə etməsini bəyənmədiyi bildirilir. Qeyd olunur ki, sentyabr ayında gənclərin Baydenə dəstəyi 46 faizdən 31 faizə düşüb.
Demokratik seçicilərin 51 faizi İsrailin Qəzzada dinc əhaliyə qarşı “həddindən artıq irəli getdiyinə” inansa da, onların 49 faizi ABŞ-ın İsrailə hərbi yardım göstərməsinə qarşıdır. Digər tərəfdən 2021-ci ilin aprelində Baydenə dəstək 50 faizdən çox olsa da, hazırda bu göstərici 40 faizə bərabərdir.
Bu səsəvermədə Bayden ilk dəfə ABŞ-ın keçmiş Prezidenti Donald Trampdan daha az səs toplayıb.Tramp bütün seçicilərin 46 faizinin səsini toplayaraq, 44 faiz səsi olan Baydeni 2 faiz qabaqlayıb.
Qeyd olunur ki, sentyabrda hər iki namizədin aldığı dəstək 46 faiz olduğu halda, Bayden iyunda Trampı 49-45 faiz nisbətində üstələmişdi.
“AzPolitika.info”


Şərhlər