Azərbaycanın öz ərazilərinin qaytarmaq üçün başladığı və zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsində Rusiyanın ermənilərin əvəzinə vuruşmaması, İrəvanın arzuladığının əksinə olaraq müharibəyə tərəf olaraq qoşulmaması Ermənistanda hələ də müzakirə olunur. Erməni müxalifəti bunun Paşinyanın Qərbin marionetkası olması, Rusiya əleyhinə apardığı siyasətlə bağlayır.
“AzPolitika.info” xəbər verir ki, noyabrın 24-də Ermənistanın Baş naziri canlı efirdə vətəndaşların və xaricdəki ermənilərinin suallarını cavablandırarkən bu iddiaları yalanlayıb.
“Bu tezisin mənası odur ki, bizim tərəfdaşlarımız üçün arzuolunmaz olan inqilab baş verdi. Ermənistanın yeni hakimiyyəti qərbyönlü baxışların daşıyıcıları olduğundan, cəza olaraq müharibə oldu. Belə olan halda 2016-cı ilin dördgünlük müharibəsində kim və nəyə görə cəzalandırılıb? Niyə 2013-cü il hadisələri baş verdi, Ermənistan uzun müddət danışıqlar apardı, sonra bir gecədə Gömrük İttifaqına üzv oldu? Rusiya hansı addımlara görə 2011-ci ildə Azərbaycana silah satışı ilə bağlı çoxmilyardlıq müqavilə imzalayıb? 2013-2014-cü illərdə baş verən hadisələrə münasibət necə oldu? Qarabağ problemi ilə bağlı deyiləsi çox şey var. 2018-ci ilin aprelində Serj Sarkisyanın bəyanatı nə idi? Bu, müharibə elanı idi?” – deyə, Paşinyan Azərbaycanın Qarabağı qaytarmaq istiqamətində Moskva ilə də uzun müddət əvvəldən iş apardığına işarə vurub.
Onun sözlərinə görə, müharibənin səbəbi Ermənistanın əvvəlki hakimiyyətlərinin danışıqlarda tutduğu qətiyyətsiz mövqe olub: “2013-cü ildə baş verən hadisələr buna sübutdur. Əgər imzalaya bilmirsinizsə, niyə danışıqlar apardınız? Bundan sonra 2016-cı ilin dörd günlük müharibə və danışıqlar paketlərini aldıq. Qarabağın verilməsi 2018-ci ilin avqustunda baş verib”.
“AzPolitika.info”


Şərhlər