Menu

Krım işıqsız və istiliksiz qalıb, səngərləri su basıb – Yarımada fırtınaya təslim olur

27.11.2023, 10:33
Krım işıqsız və istiliksiz qalıb, səngərləri su basıb – Yarımada fırtınaya təslim olur

İşğal altında olan Krımda fırtına səbəbindən 500 minə yaxın insan işıq, su və qaz problemi ilə qarşılaşıb.

“AzPolitika.info” Rusiya və Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Rusiyanın nəzarətində olan Krımın “başçısı”nın müşaviri Oleq Kryuçkovun verdiyi məlumata görə, Krımda 498 min insan təbii fəlakət səbəbindən işıqsız qalıb: "Yarımadanın ən çox zərər çəkdiyi ərazilər Saki, Beloqorski, Simferopol, Jotnevı, Baxçasaray, Leninskidir".

Onun sözlərinə görə, Saki rayonunda Mityaevo və Trudovoye kəndləri arasında yola düşən elektrik xəttinə görə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu məlumatları Rusiya və Krım teleqram kanalları da təsdiqləyir və buna dair müvafiq videolar paylaşırlar.

Məlumatda o da bildirilir ki, Rusiya ordusunun sahil boyu qazdığı səngərlər və tikdiyi istehkamlar su altında qalıb.

Krımın işğalçı hakimiyyət orqanları, eləcə də Rusiya və Krım teleqram kanalları hava şəraitinə görə Saki-Evpatoriya magistral yolunun tamamilə bağlandığını bildirir. Kryuçkovun sözlərinə görə, Yevpatoriyadakı evlərdən 150 nəfər təxliyə edilib.

Təbii fəlakət Ukraynanın nəzarətində olan ərazilərdə də özünü göstərib. Odessada güclü külək səbəbindən ən böyük qazanxanaların birində ağır qəza baş verib - hündürlüyü 100 metrdən çox olan boru aşıb. Şəhərin bir hissəsində işıq və su problemi yaranıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol