Nurəddin İSMAYIL

İnsan xəlq olunmuşlar içində ən kamil varlıqdır. Dərk qapıları üzünə açıldıqca, insanlar toplum olaraq özünü realizə etmək üçün yollar aramış və üzərinə düşən ilahi missiyanı daha qətiyyət və ardıcıllıqla həyata keçirməyə səy göstərmiş. Ətraf mühitin dərkindən başlayan və sonda insanın özünü dərkinə yönələn bu proses tarixi ardıcılıqla davam etmişdir.

İnsan yalnız ədalətli quruluş daxilində tükənməz istedad və qabiliyyətini reallaşdıra və ictimai missiyasını yerinə yetirə bilər. Dəyişikliyə meyilli xalqlar daha erkən oz toplumlarının ədalətli və demokratik sistem içində yaşamasına səy göstərmişlər. Elə bir sistem ki, insan sosial varlıq olaraq burada öz ali dəyərini qoruyub saxlaya bilsin. Elə bir sistem ki, onun idarəetmə formasından ta məişət zəmininə qədər hər şey insanın özünü təsdiqinə, ideallarının gerçəkləşməsinə xidmət etsin.

Tarixi təcrübə göstərdi ki, yalnız hüquq və azadlıqların qarantiyaya alındığı ədalətli və demokratik toplum daxilində insan öz dəyərini tapa bilər. Bugünkü Avropa evinə dinclik və əmin-amanlıq gətirən, insanlarını rifah içində və ədalətlə yaşatmağa qadir olan demokratik idarəetmə sistemi, ən böyük ictimai nailiyyət hesab edilməlidir.

2500 il bundan əvvəl Afinada başlayan və müxtəlif vaxtlarda Avropanın ayrı-ayrı yerlərində təzahür edib yenidən qüruba gedən, gərgin çarpışmalardan sonra bir daha geri dönməz prosesə çevrilən demokratiya, onun ləyaqətli və ardıcıl qoruyucularına elə böyük üstün həyat tərzi bəxş etdi ki, qoca Şərqin mücərrəd və praktik həyatdan uzaq doqmaları ilə bu uğurları əldə etmək çətin olardı. Qərb kələfin ucunu, insan üzərində pozucu təsirə malik olan uzun müddətli hakimiyyətin könüllü olaraq məhdudlaşdırılmasında tapdı. Qəbul etdilər ki, fövqəl hakimiyyət, ədaləti heç vaxt tükənməyən uca tək Tanrıya məxsusdur. Kralların Tanrı, təbəələrin isə bu tanrıların hakimiyyətinə qiyamətə qədər itaət göstərməsi haqqında uydurulmuş çürük fəlsəfəyə birdəfəlik son qoyuldu və insanın qanun qarşısında bərabərliyini təmin edən dövlət quruluşuna önəm verildi.

Siyasi reformalar hakimiyyətin üç qol üzərində bölgüsünü qaçılmaz edirdi. Hakimiyyətin mənbəyinin xalqdan qaynaqlandığı və yalnız xalqın böyük əksəriyyətinin səsini qazanmaqla hakimiyyəti legitimləşdirməyin mümkünlüyü barədə düşüncə ictimai xarakter aldı. Siyasi təcrübədən doğan qənaət ondan ibarət oldu ki, xalq idarəetmədə yaxından iştirak etməli və etimadını doğrultmayan istənilən hakimiyyəti dəyişdirmək səlahiyyətini özündə saxlamalıdır.

Məntiq ona söykənirdi ki, vətəndaşların, idarəçiliyində birbaşa ya dolayı iştirak edə bilmədiyi, taleyi ilə bağlı qərarların verilməsində rəyi olmadığı bir cəmiyyət ədalətli olmadığı kimi, öz fərdlərini də xöşbəxt yaşatmağa qadir deyil. Mütləq iradənin hökm sürdüyü kral hakimiyyəti tədricən dəmir intizamın mövcud olduğu və idarəçiliyində hər bir kəsin iştirak etmə hüququ təmin edildiyi xalq hakimiyyəti ilə əvəzləndi.

Demokratik quruluşda hər şey insanın insan kimi yaşaması prinsipinə söykənir. Burada insanların taleyi İran mollasının və ya ərəb şeyxinin kor ixtiyarına buraxılmayıb. “Sən seçəcəksən və seçdiyinə layiqsən” prinsipi ilə müəyyənləşmiş seçki prosesi sonda seçilənlərin öz seçiciləri qarşısında hesabatlı olmasına xidmət edir.

Etirazlara, nümayişlərə anlaqlı yanaşılır, polis yalnız asayişin qorunmasına cavabdeh olduğu öz görəvini yerinə yetirir. Məhkəmə siyasilərin rəyinə uyğun qərar çıxarmır, parlament öz fəaliyyətində sərbəstdir. Bələdiyyə öz səlahiyyəti çərçivəsində həmin yerin müstəqil yönətmənidir və özüşah icra başçısının yersiz müdaxiləsindən səksənmir. KİV öz fəaliyyətini məmur basqısının əzici risqi altında qurmur.

Müasir Avropa rəngarəngliyin vəhdətinin yaşandığı bir məkandır və içinə aldığı hər bir kəs özünü vahid bir ailənin üzvü hesab edir. İctimai sərvətin ədalətli bölgüsü var, israfçılıq, talançılıq, başqasının hesabına vəhşi ehtirasla varlanmaq xoş qarşılanmır. Yol hərəkət qaydalarından tutmuş seçki prosedurlarına əməl etməyə qədər ictimai həyatın bütün sahələrində hər kəs eyni nizam və normaları gözləməyə özünü borclu hesab edir.

Məhz bu aspektdən yanaşmaqla biz dövlət-vətəndaş bağlılığını özündə ehtiva edən “vətəndaşlar onun hüquq və azadlıqlarının qorunduğu qədər dövlət qarşısında cavabdehlik və məsuliyyət daşımağa borcludur” qənaətinə gəlməliyik. Fikrimizcə, Azərbaycan demokratik cümhurriyyətin varisi olaraq bütün parametrləri ilə gerilik simvolu olan Rusiyanın təsir dairəsindən uzaqlaşıb, elmin, tərəqqinin, demokratik dəyərlərin üzünə açıq olan Avroatlantik məkana inteqrasiya kursunu götürməlidir.