Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli "AzPolitika.info"-ya müsahibəsində 2023-cü ilin yekunları, növbəti ildən gözləntilər, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların perspektivi, eləcə də regionda və ölkədə gedən proseslərlə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Qabil bəy, istərdik əvvəlcə başa çatmaqda olan ilin siyasi yekunlarını qiymətləndirəsiniz. 2023-cü il necə keçdi?
- Azərbaycan üçün çox uğurlu keçdi. Biz 30 ildən artıq davam edən Qarabağ problemini beynəlxalq hüquq və Azərbaycanın milli maraqlarına uyğun şəkildə həll edə bildik. Biz son 200 ildə misli görünməmiş tarixi bir zəfərə imza atdıq. Burada ölkə başçısının xidmətləri xüsusi qiymətləndirilməlidir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Azərbaycan xalqının özü də, onun ordusu da çox böyük xidmətlər göstərdi. Bundan başqa, cəmiyyətin digər sahələrində də uğurlar var.
Belə demək mümkündürsə, Azərbaycan tədricən dünyanın sayılıb-seçilən dövlətləri sırasına çıxır və öz gələcəyini yeni uğurlarla möhkəmləndirir.
- Gündəmdə ən çox müzakirə olunan mövzu ABŞ-Azərbaycan münasibətlərində baş verən son hadisələrdir. Sizcə, ABŞ Dövlət katibi A.Blinkenin Prezident İlham Əliyevə zəngindən sonra tərəflər ortaq məxrəcə gələ bildilərmi?
- Bu məsələni bir az da politoloqlar, müəyyən mətbu orqanlar çox şişirtdilər. ABŞ Konqresində dəfələrlə erməni lobbisinin təsiri altında Azərbaycanın ünvanına tənqidi fikirlər səsləndirilib. Məncə, məsələ yoluna qoyulmaqdadır. ABŞ Dövlət katibi Blinkenin dövlət başçısına zəngi, əldə edilən razılaşmalar onu göstərir ki, bölgədə ABŞ öz strateji niyyətlərini həyata keçirmək üçün Azərbaycanla münasibətlərini qaydasında saxlamalıdır. Bu münasibətlərdə hər hansı pozuntu, gərginlik ilk növbədə ABŞ-nin özünün yeni dünya nizamı ilə bağlı planlarına və bütövlükdə bu ölkənin strateji maraqlarının Kiçik Qafqaz və Orta Asiyada formalaşması istiqamətində atdığı addımlara ziyan vura bilər. Bu səbəbdən də münasibətlər artıq yoluna qoyulur. Tərəflərin bir-birinə elan etdiyi bəzi qadağalar aradan qaldırılır. Deyə bilərik ki, hətta sülh müqaviləsinin imzalanması prosesi ABŞ-nin paytaxtında həyata keçirilə bilər. Bütün bunlar onu göstərir ki, Azərbaycan konstruktiv siyasət yürüdür, böyük dövlətlərlə öz siyasətini uğurlu qurmağa çalışır. Bu nöqteyi-nəzərdən demək mümkündür ki, ABŞ-Azərbaycan münasibətlərindəki gərginlik artıq keçmişdə qalan bir mərhələdir.
- Qeyd edirsiniz ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ABŞ-də imzalana bilər. Son bəyanatlardan sonra danışıqlar prosesinin Qərb platformasında davam edəcəyi nə dərəcədə realdır?
- Mən başqa yol görmürəm. Rusiya variantı uğursuzdur və dayanıqlı, möhkəm sülhün yaranmasına xidmət edə bilməz. Üstəlik, Rusiya variantını Ermənistan qətiyyətlə rədd edir. Qərb dövlətləri də bunun qarşısını almaq üçün əllərindən gələni əsirgəmirlər. Ona görə də sülhyaratma prosesinin Qərb ölkələrində, ola bilsin, Brüssel platforması əsasında baş tutması mümkündür. Amma zənnimcə, bu, ABŞ platforması üzərində, amma bir qədər gec baş tutacaq.
- İki gün əvvəl Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qrupu sərhəddə görüş keçirdi. Bu görüşün əhəmiyyətini necə qiymətləndirirsiniz, sülhə faydalı olacaqmı?
- Delimitasiya məsələləri ilə bağlı olan görüş kifayət qədər uğurlu keçdi. Tərəflər bir sıra prinsipial məsələlərdə razılaşıblar. İşçi qrup yaradılıb və bu qrupun əsasnaməsinin, reqlamentinin hazırlanması məsələsi razılaşdırılıb. Qısa müddətdə əsasnamə hazır olduqdan sonra yeni görüşün keçirilməsi qərara alınıb. Bütün bunlar onu göstərir ki, sərhədlərin delimitasiyası məsələsi ciddi surətdə müzakirə olunacaq. Bəziləri tələsir və hesab edirlər ki, delimitasiya məsələləri tezliklə başa çatmalıdır. Belə düşünmək olmaz. Bu, ən ağır məsələdir, çox ciddi müzakirələr, hətta ola bilsin ki, qarşıdurmalar da baş verə bilər. Yəqin ki, proses müəyyən vaxt aparacaq. Üstəlik, müəyyən müddətdən sonra sərhədlərin delimitasiyası məsələsində xəritələr, tərəflərin anklavlar məsələsindəki mövqeyi də gündəmə gələcək. Bu məsələlər aşılması mümkün olmayan problemlər deyil. Bunun müəyyən müddət ərzində reallaşacağını proqnozlaşdırmaq olar.
- Bu arada Rusiya və Ermənistan arasında münasibətlər getdikcə gərginləşir. Paşinyan hökuməti KTMT, MDB toplantılarını boykot edir, Moskva isə iqtisadi rıçaqlardan istifadə etməklə təzyiqlərə başlayıb. Sizcə, Paşinyanın devrilməsi, Ermənistanda yenidən xaosun baş qaldırması olması mümkündürmü?
- Rusiyanın qoşun yeridəcəyi, Paşinyanı devirəcəyi və yaxud da Ermənistanın xaosa qərq olacağıyla bağlı fikirləri çox da şişirtmək olmaz. Hesab edirəm ki, Paşinyanın mövqeyi günbəgün daha da möhkəmlənir, onun qorunması məsələsində Qərb daha yaxından iştirak edir. Üstəlik, sülh müqaviləsi tezliklə imzalansa, bu Paşinyanın mövqeyini ciddi şəkildə möhkəmləndirə bilər.
- Gürcüstan Avropa Birliyinə namizəd statusu aldı. Hiss olunur ki, bu güzəştin qarşılığında ciddi razılaşmalar var. Məsələn, Fransadan göndərilən zirehli transpartyorların Gürcüstan vasitəsilə Ermənistana çatdırılması da bunun tərkib hissəsi sayılır. Bu cür addımlar tendensiyaya çevriləcəyi təqdirdə Bakı-Tbilisi münasibətlərinə necə təsir edəcək?
- Gürcüstan Azərbaycanla münasibətlərdə öz üzərinə götürdüyü öhdəliklərə sona qədər əməl etmədi. Sona qədər Azərbaycana sadiq mövqedə qalmayaraq, öz maraqlarını üstün tutdu. Halbuki, Gürcüstana dar günlərində ən çox köməklik göstərən Azərbaycan olub. Elə bu gün də Gürcüstan xəzinəsinə gələn gəlirlərin 42 faizindən çoxu Azərbaycanın reallaşdırdığı beynəlxalq müqavilələr, beynəlxalq iqtisadi layihələr hesabına formalaşır. Azərbaycanın Gürcüstana belə bir yardımı fonunda Gürcüstanın sərgilədiyi etimadsız mövqe, həmçinin Ermənistanla hərbi-siyasi alyans barədə danışıqlara başlaması çox zərərli proseslərdən xəbər verir. Yəqin ki, Azərbaycan bunu önləmək üçün Türkiyə ilə birlikdə müəyyən tədbirlər görəcək.
- Qabil bəy, 2024-cü ildən əsas gözləntiləriniz nədir? Ermənistanla sülh sazişi olacaqmı, Rusiya ordusu ölkəmizi tərk edəcəkmi?
- 2024-cü il ciddi dəyişikliklər ili olacaq. Ermənistanla sülh müqaviləsi də imzalanacaq, Rusiyanın bölgədən uzaqlaşdırılması prosesi də ilin birinci yarısında mütləq baş tutacaq. Daha bir şeyi əlavə etmək istəyirəm ki, Rusiya-Ukrayna müharibəsində gözlənilən kəskin dəyişikliklər Ukraynanın xeyrinə olacaq. Nəticə etibarilə Rusiyanın bölgədəki münasibətlərdə yeritdiyi aqressiv siyasət öz məqsədinə çatmayacaq. Hətta nəzəri cəhətdən söyləmək mümkündür ki, Rusiya Ukrayna müharibəsində məğlubiyyətə düçar olduqdan sonra ölkənin daxilində milli zəmində ciddi proseslər başlayacaq, ciddi siyasi dəyişikliklər olacaq və bütün bunlar elə Rusiyanın özündə xaos mühitini xeyli dərinləşdirəcək.
- Azərbaycan daxilində hansı dəyişiklikləri gözləyirsiniz? Referendum, parlament seçkiləri haqda danışılır...
- Məncə, daxili siyasi vəziyyətdə də dəyişikliklər mütləq baş verməlidir və baş verəcək. Ölkə parlamentin idarəetmədəki funksiyalarını artıran dəyişikliklər prosesinə qədəm qoya bilər. Yəni parlamentar idarəetmə üsuluna keçə bilər. Ölkədə 14 iqtisadi rayonun yaranması ilə əlaqədar olaraq rayonların vilayətlərlə əvəz edilməsi və icra başçılarının əvəzinə bələdiyyələrin iş başına gətirilməsi prosesi başlaya bilər. Nəticə etibarilə Avropa standartlarına uyğun olan bir idarəçilik sistemi qurula, o da öz növbəsində Azərbaycanın müharibədən sonrakı inkişafına böyük təkan verə bilər.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Proqnoz belə olmaz.Moskvadakı Zirəddinsən ki, “ola bilər,gələ bilər” deyə fala baxarkən işini ehtiyatlı tutursan?Dediyin baş tutmasa deyəcəksən demədim ki olacaq,dedim ola bilər.Baş tutsa isə deyəcəksən dedim də ola bilər,demədim ki ola bilməz.Onda mən də proqnoz verim ki,gələn il Azərbaycandan yoldaş dadaşyev ola bilər Aya uçsun.Söz deyəndə,proqnoz verəndə konkret demək lazımdır.Misalçün,mən bilirəm ki və il yarımdan çoxdu deyirəm ki,Ukrayna konkret uduzacaq və üç yerə bölünəcək.Deməmişəm ola bilər,demişəm və yenə də deyirəm ki belə olacaq.Artıq hadisələr buna doğru gedir.Hətta deyirəm ki Ukraynada hərbi çevriliş olacaq və Zelenskini devirəcəklər.
Şərq ölkələrində parlamentar idarə üsulu fəlakətdir.Bu üsul yaxşı olsaydı o boyda Türkiyə bundan imtina edib prezident idarə üsuluna keçməzdi.Ərdoğanın hakimiyyətə gəldiyi ərəfələrdə bu üsul tam iflasa uğramışdı,çünki hansı partiya seçkilərdə qalib gəlirdisə ana müxalifəti Qərbin diktəsiylə qızışdırıb “erkən seçim” deyə çığırdaraq qoymurdular o baş naziri iş görməyə və yarım il,bir il sonra təkrar seçkilər keçirilirdi,iqtisadiyyat da belə qarışıq ,stabil olmayan mühitdə çökdükcə çökürdü,Bir dənə çörək o illərdə az qala bir milyon lirəyə olmuşdu.Şərq ölkələrində qanun deyil,tayfabazlıq,aşirət qayda-qanunlarına tabeçilik güclü olduğu üçün parlamentar sistem qəti yaramır.Bizdə prezident idarəsi qalmalıdır,amma bələdiyyələr seçkili olmalıdır Türkiyədəki kimi,icrakomlar isə valilik səlahiyyətində olmalıdır.Türkiyədə vali şəhərlərin idarəetmə işinə əsla qarışmaz.Yalnız fəlakət,terror filan hadisələrində o vilayətdəki ordu,jandarma birliklərindən istifadə edər.Bələdiyyə isə əhalinin bütün problemləriylə məşğul olar.Amma bizdə bələdiyyə önə çıxarılsa,icrakomlar valilik kimi olsa,bələdiyyələr əsil seçkiylə olacaqmı?Məsələ bundadır.Seçki formal olacaqsa,onda bələdiyyələr olacaq icrakom səlahiyyətində,icrakomlar da bələdiyyə.Dəyişən nə olacaq yəni?Rusiyaya gəlincə,qardaşım,Rusiya məğlub olmayacaq,əksinə daha da qüvvətlənəcək və heç vaxt ermənistandan bazasını çıxarmayacaq.Bizə ABŞ,Fransa kimi dəyyuslardansa yenə Rusiya ilə yaxşı qonşuluq etmək məqsədəuyğundur.Çarəmiz budur yəni.Pislər arasında nisbətən yaxşını seçməliyik.
Zeleniskinin oxşarı qabil palitoloqcuq
Doğurdanda biz çox sadəlöv insanıq,dünyadə nə baş verdiyin fərqində deyilik,hələdə qərbin yalançı vədlərin təsiri altındayıq,qoy rusya dağılsın hər şey yaxşı olar,əslində belə düşündüyümüz sadə məsələ deyil,rusya dağılsa biz harda və necə olacağımız haqqındada biraz düşünsək pis olmaz,təkcə biz yox bütün regionda nələr olacağını heç olmasa təxmin edin.
Rusiyaya nüvə silahı verən Qərbin nəyə görə indi birdən birə onu özünə düşmən etdiyi düşündürücüdür. Demokratiya deyə deyə , Rusiyanı belə güclü edən, elə Amerika və qərb dünyasıdır, tarix və zaman bunu bir daha sübut edir.
Qabil qurtar da bu Qərbin tərəfini tutmağı... Sənin siyasətdən anlayışın yoxdu, həmişə şərhlərdə yazmışam, yenə yazıram, sən necə dövlət müşaviri olmusan ona təəccüb edirəm
Rusiya bölgələrdən uzaqlaşdıqca,Azərbaycan da dincliyinə qovuşacaq.