Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Layihədə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, bu il ilk dəfə hökumət yaşayış minimumu və ehtiyac meyarını bərabərləşdirib. Qəbul edilmiş qanuna görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq olunub.
Rəqəmlərdən göründüyü kimi, yaşayış minimumu ölkə üzrə ehtiyac meyarı səviyyəsində müəyyən edilsə də (270 manat) pensiyaçılar və uşaqlar üçün bu rəqəm daha aşağı - 222 və 235 manat məbləğində müəyyən edilib. Müvafiq dövlət qurumları ictimaiyyətə bu fərqliliyin izahatını verməyib.
Azərbaycanda 65 yaşını tamamlamış, amma pensiya hüququ olmayan təxminən 120 min nəfər yaşa görə 220 manat sosial müavinət alır. Bu, ölkədə 65 yaşa çatmış əhalinin təxminən 40 faizi deməkdir və onlara ödənilən vəsait ehtiyac meyarından 50 manat azdır. Hökumət izahat verməyə ehtiyac görməsə də pensiya hüququ olmayan yaşlı vətəndaşların ən zəruri qida, dərman, kommunal xidmət, nəqliyyat və s. ehtiyacları üçün müəyyən edilən məbləği tam olaraq onlara vermir. O zaman belə çıxır ki, Azərbaycanda rəsmən yaşlı əhalinin bir hissəsi yoxsulluq həddindən aşağı ehtiyac içində yaşayır.
Bəs reallıqda necədir, Milli Məclisin təsdiqlədiyi yaşayış minimumu ilə bir ay yaşamaq mümkündürmü? Rəsmi rəqəmlərə görə, ölkədə vətəndaşlar gəlirlərinin 55 faizini, reallıqda isə 70 faizə qədərini ərzağa xərcləyir. Yüksək inflyasiya şəraitində istehlak mallarının bahalaşması hər il əhalinin alıcılıq qabiliyyətini azaldır. Bununla belə hökumətin il başı gəlirlərin indeksasiyası ilə bağlı qərarları real bahalaşma faizlərinin yarısına çatmır. Bura monopolist şirkətlərin inhisarında olan dərman bazarında kəskin bahalığı, keyfiyyətli tibii xidmətlərin əlçatan olmamasını, habelə kommunal xidmətlərin gəlirlərlə müqayisədə kifayət qədər yüksək olmasını da əlavə etsək, acınacaqlı vəziyyət yaranır.
Rəqəmlərə müraciət etsək, 220 manat müavinət alan yaşlı vətəndaş onun 70 faizini (154 manat) ərzağa xərcləyirsə, yerdə cəmi 66 manat qalır. Bu məbləğlı digər xərcləri qarşılamaq qeyri-mümkündür. Təxmini hesablasaq, bir nəfər yaşlı insanın qidalanmaq, tibb, dava-dərman, nəqliyyat, kommunal xərcləri 400 manatdan artıq vəsait tələb edir.
Bir faktı da nəzərə almaq vacibdir. Azərbaycanda bir çox ailələrin əsas gəlir mənbəyi qocalıq müavinətidir. Bu məbləğlə bir nəfər yox, 3-4, bəzən daha çox insan möhtacdır. Maraqlıdır, müvafiq dövlət qurumları bu istiqamətdə bir araşdırma aparıblarmı? Məsələn, ünvanlı sosial yardımı dayandırılan ailələrin sonrakı taleyi ilə maraqlanan varmı?
Dövlətin sosial siyasətinin hədəfi insanın sağlamlığını qorumaq, zəruri ehtiyaclarını ödəmək, məşğulluğunu təmin etməkdən ibarətdir. Təəssüf ki, Azərbaycanda aidiyyatı qurumlar minnətlə ödənilən müavinəti, yardımı “böyük yaxşlıq” kimi qələmə verməklə öz işlərini bitmiş hesab edirlər. Bu gün ölkədə on minlərlə ailə acınaqcaqlı vəziyyətdə yaşayır, aclıq həddindədir. Ünvanlı yardımın ümumi rəqəmlərindən bəh-bəhlə danışan rəsmilər heç onların harada yaşadıqlarını, ünvanlarını belə bilmirlər. İnsanlar özləri dövlət qurumlarını axtarıb tapır, yalvarıb-yapışır, sənəd toplayıb imdad diləyirlər. İndiyə qədər görən olub ki, sağlamlığı pozulan bir vətəndaş aylarla dövlət qurumlarının qapısında sürünmədən ona əlillik təyin edilsin, yaxud ünvanlı sosial yardım ayrılsın? Bu imtiyazları almaq vətəndaşın məşəqqətli mübarizəsindən keçir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Rasim Əliyev ,afərin ,demək arada çox maraqlı analitik yazı yaza bilirsiz ,bəzən də elə mövzulardan yazırsız ki , hakimiyyət « yazarlarına » şükr edirik
65 il bundan əvvəl anadan olduğum mənzil üçün sənəd almaq üçün 2 ildir reyestr qapılarındayam. Hanı bir pəncərə?
Hər səhər-günorta-axşam yeməyində nəfəsləri tıxanana qədər,hulqumuna qədər tıs-tıxama yeməkdən məste-xumar olan sallaq mordalı məmur təbəqəsi kasıb-kusubun ac qarnının qurultusunu eşitməz,bala,sən yaxşısı budur belindəki qayışını bir az da möhkəm sıx,dart ki arıqlıqdan şalvar düşməsin əynindən.Dart.Dart.”Dartıram,yenə düşür axı”.Adə sənə deyirəm,dart da.Onsuz da səsini eşidən olmayacaq.Yaxşı atları yaxşı kişilər mindi getdi.Bir qismini 37-də ləğv elədilər.Bir qismini də 41-45 apardı.Qalan ancaq ölülərdi,onlar da Abasqulu bəyin dəfnində,.Odur ki dart! Dart, bala, dart!
Hormətli jurnalist cənab Rasim Əliyev , siz , kasıb əhaliyə dəqiq və düzgün izah edrsinz ki , hansı səbəblərə görə , ölkədə acınacaqlı, ağır maddi vəziyyətdə yaşayır Azərbaycanlı kasıb əhali . Bu məqaləni hökmən oxumalıdır nazir Sahil Babayev və şəxsən Przident cənab
I. Aliyev, çünki , hökümetin tərkibində bəzi məsuliyyətsiz , yüksək vəzifəli cənablar , bilərəkdən , vaxtı - vaxtında , məruzə - bildiriş - doklad etmirlər Prezident cənab I. Aliyevə , bu səbəbdən, informasiya qıtlğı ucbatından , süni ( rusca - iskusstvenno ) anlaşılmazlıq baş verir , nəticədə, real vəziyyəti təcili və düzgün araşdırmaq əvəzinə , məmurlar istifadə edirlər
YALAN - GOPOLOGIYA metodundan və əhalinin kasıbçılığı davam edir ...........
Rasim müəllim çox gözəl ifadə çeçmisiniz.ALLAHA and olsun ki,haqqını əldə etmək üçün məmur ordusunu yarıb keçmək MƏŞƏQQƏTDİR. Cəhənnəmi eninə-uzununa keçməkdir. Bu dərdi kimə deyək ay ALLAH?
Hər kəsin bildiyi gerçəkləri məgər rəsmilər bilmirlərmi? Y