İstənilən ölkənin, xalqın strateji baxımdan təhlükəsizliyi təkcə onun Silahlı Qüvvələri, təhlükəsizlik və hüquq-mühafizə orqanları, sərhədi, xarici siyasət proritetləri və s. ilə deyil, həm də iqtisadiyyatı ilə təmin olunur. Azərbaycan kimi ölkələrdə isə neft-qaz sənayesilə yanaşı, iqtisadiyyatın təməl sütunlarından biri kənd təsərrüfatıdır.

Bu baxımdan bir ölkə üçün onun ərzaq təhlükəsizliyinin təminatı – məsələn, taxıl ehtiyatı, silah arsenalı qədər əhəmiyyətli və vacibdir. Ancaq Azərbaycan özünü buğda ilə cəmi 55 faiz səviyyəsində təmin edir, qalan 45 faizi isə kənardan alınır. Baxmayaraq ki, bu sahəyə hökumət tərəfindən kifayət qədər ciddi subsidiyalar ayrılır. Deməli, subsidiyaların və dəstəyin seçildiyi ünvanlarda, yaxud onun struktur keyfiyyətində hansısa problemlər var.

Azərbaycan Prezidenti özü də ötən ayın 25-də aqrar sektorla bağlı keçirdiyi müşavirədə məhz buna xüsusi vurğu etdi və kənd təsərrüfatındakı bəzi göstəricilərin qənaətbəxş olmadığını açıqladı. Prezident İlham Əliyev çıxışında aqrar sektordakı mövcud istehsal dinamikasından ciddi narazılığını bildirdi, xüsusilə buğda ilə özünütəminetmə səviyyəsinin illərdir 55%-də donub qalmasını və artmamasını tənqid etdi. Həmçinin, may ayının sonunda yeni "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura istehsalı və emalı üzrə 2026-2030-cu illər üçün Dövlət Proqramı" imzalandı.


Əlbəttə ki, bu proqramın icrası, eləcə də ölkə başçısının səsləndirdiyi iradların aradan qaldırılması və tapşırıqların yerinə yetirilməsi təkcə bu sahəyə cavabdeh məmurların Bakıdakı kabinetlərində deyil, yerlərdə, kənd və rayonlarımızda, fermerlərimizin, iş adamlarının iştirakı ilə həyata keçiriməlidir. Bu baxımdan hökumət rəsmilərinin qarşıdakı zamanda fermerlərlə ünsiyyət qurmaq üçün birbaşa regionlarımıza - sahələrə üz tutması vacibdir və bu, müşahidə olunmaqdadır. Bununla bağlı Qarabağdan Naxçıvana, Zəngilandan Qubaya və digər bölgələrimizə qədər bütün ölkə üzrə on üç genişmiqyaslı regional görüş planlaşdırılır.

Prezidentin xüsusi nümayəndələri, köməkçiləri, komitə və agentliklərin rəhbərləri Dövlət Proqramını izah etmək və fermerlərin səsini eşitmək üçün sahələrə gedirlər.

Bu o deməkdir ki, ölkə başçısının keçirdiyi məlum müşavirə və imzaladığı proqram cavabdeh dövlət qurumlarını ciddi şəkildə hərəkətə gətirib.

"Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası üçün ilkin hesablamalara görə 5,9 milyard manat investisiyaya ehtiyac var". 

Bunu Zəngilanda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Rəşad Hüseynov Dövlət Proqramı ilə bağlı keçirilən müşavirədə deyib. 

Onun sözlərinə görə, tələb olunan investisiyanın təxminən 37 %-i dövlət dəstəyi hesabına, 63 %-i isə özəl sektorun vəsaiti hesabına təmin ediləcək: "Dövlət dəstəyi subsidiyalar, güzəştli maliyyələşmə mexanizmləri və digər təşviq alətləri vasitəsilə həyata keçiriləcək. Proqram aqrar sektorda istehsalın artırılması, ixrac potensialının genişləndirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir".

Göründüyü kimi, dövlət kənd təsərrüfatının inkişafında təkcə öz potensialına deyil, həm də özəl sektora, iş adamlarına, fermerlərə arxalanır. Belə də olmalıdır, dünya təcrübəsində də belədir…

İnvestisiya qoyuluşunun və məsuliyyətin proporsional, düzgün bölgüsü bu sahənin inkişafını təmin edən əsas faktorlardandır. Məhz bu təmin olunduqda Azərbaycana gətirilən məhsulların yerli istehsalının genişləndirilməsi və bu yolla özünütəminlik göstəricisinin artırılması mümkündür.

Bu, sahibkarlar üçün də prioritet məsələlərdən birinə çevrilməlidir və bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr edilmiş regional müşavirədə bildirib.

Onun sözlərinə görə, özəl sektor nümayəndələri dövlət proqramının reallaşdırılmasında mühüm rol oynamalıdır: "İnvestorları çağırıram ki, hazırda idxal edilən məhsulların yerli istehsalına öz töhfələrini qoysunlar. Aqrar sahənin davamlı inkişafı təkcə dövlət dəstəyi hesabına deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, habelə texnologiya və suvarma həlləri təklif edən özəl sektor subyektlərinin aktiv iştirakı sayəsində mümkün ola bilər. Buna görə də gələcək dövrdə özəl sektor yalnız istehsalçı qismində deyil, aqrar dəyər zəncirinin əsas iştirakçısı və hərəkətverici qüvvəsi kimi çıxış etməlidir".

Z. Nağdəliyev həmçinin qeyd edib ki, fermer məhsul yetişdirir, emal müəssisəsi isə həmin məhsula əlavə dəyər qatır: "Logistika və saxlama infrastrukturu məhsul itkisinin qarşısını alır, ixracatçı isə məhsulu beynəlxalq bazarlara çatdırır. Nəzərə alınmalıdır ki, bu zəncirin istənilən bir halqası zəifləyəndə istehsalda əldə olunan nəticə tam iqtisadi dəyərə çevrilə bilmir. Təsdiq edilmiş dövlət proqramının 4 il yarım müddətində icra olunmalı olduğunu hesaba alsaq, proqramın həyata keçirilməsinə təxirə salınmadan başlanmalı və vaxt itirilməməlidir".

Doğrudan da indiki texnoloji inkişaf sürətinin görünməyən həddə çatdığı bir dövrdə vaxt itkisinə yol vermək, geri qalmaq olmaz. 

Zəngilanda keçirilən görüşdə çıxış edən Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun gətirdiyi statistika vəziyyətin mümkün qədər tez düzəldilməli olduğunu bir daha göstərdi. O qeyd edib ki, keçən il kənd təsərrüfatı ölkənin ÜDM-nin 5,9%-ni (qeyri-neft ÜDM-nin təxminən 8-10%-ni) təşkil edib. Bu sektor region əhalisinin demək olar ki, yarısını məşğulluqla təmin etsə də, son illərdə onun orta illik artım tempi cəmi 1% olub. Ət istehsalı artır, lakin bu hələ də kifayət deyil və fərq idxalın davamlı artması hesabına ödənilir. Nazir vurğulayıb ki, Azərbaycanın kənd təsərrüfatı sektoru prinsipcə yeni yanaşmalar tələb edir. Əlavə edək ki, hazırda ölkənin ətə tələbatının təxminən yarısı xaricdən idxalla təmin olunur…

Bu sahədə dövlət dəstəyi mexanizmlərində də əsaslı dəyişikliklər gözlənilir. Son dövrlərdə subsidiyaların cəmi 6 %-i birbaşa heyvandarlığa, 20 %-i avadanlıq tədarükünə, 74 %-i isə bitkiçilik sahəsinə ayrılıb. Yeni Dövlət Proqramında isə ayrılacaq dəstəyin təqribən 40 %-nin heyvandarlıq sektoruna yönəldilməsi nəzərdə tutulur. Bundan əlavə, məhsul subsidiyası və süd subsidiyası kimi yeni dəstək alətləri tətbiq ediləcək. Heyvandarlıq sahəsində ən azı 50 baş heyvanla fəaliyyət göstərən təsərrüfatlara yardım göstərilməsi, eləcə də süd və yun toplama məntəqələrinin qurulması planlaşdırılır. Bu infrastruktur kiçik fermerlərin məhsullarının yığılması və bazar imkanlarının genişləndirilməsinə kömək edəcək.

Prezidentin nümayəndələrinin bölgələrdə nəzərdə tutulan görüşlərinin maraqlı tərəflərindən biri də bunların regional ixtisaslaşmalara uyğun qurulmuş marşrutdur. Lənkəran-Astara marşrutu çay, sitrus və düyüyə, Gəncə-Qazax, Tovuz və Dağlıq Şirvan üzümçülüyə, Qarabağ və Şərqi Zəngəzur intensiv meyvə bağları və balıqçılığa yönəlib.

Qarabağda aqroparklar, aqroemal və balıqçılıq layihələri prioritet olacaq. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilanda "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında kənd təsərrüfatının inkişafı çərçivəsində aqroparkların yaradılması, aqroemal müəssisələrinin qurulması və balıqçılıq layihələrinin təşviqi əsas prioritetlərdən biri olacaq: "Qarşıdakı dövrdə iri və orta fermer təsərrüfatlarının yaradılması, heyvandarlıq və yemçilik təsərrüfatlarının genişləndirilməsi, bağçılıq, üzümçülük və intensiv meyvəçilik layihələrinin həyata keçirilməsi diqqət mərkəzində olacaq. Məqsəd Ağdam, Füzuli və Xocavənd rayonlarını müasir aqrobiznes və aqroemal mərkəzlərinə çevirməkdir".

Ağdaşda isə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramının müzakirəsi məqsədilə keçirilən regional müşavirədə deyib ki, bu sahədə yanaşma artıq daha hədəfli formalaşdırılır: "Rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır. Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Kürdəmir, Yevlax və Zərdab rayonları bu 22 rayonun siyahısına daxildir".

S. Səfərli bildirib ki, bundan əlavə, 8 perspektiv rayon müəyyən edilib: "Ağdaş, Göyçay və Ucar rayonları da bu perspektiv rayonlar sırasındadır. Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir".

Qeyd edək ki, Mərkəzi Aran iqtisadi rayonu üzrə də kənd təsərrüfatının inkişaf perspektivləri olduqca böyükdür və əlbəttə, bütün yuxarıda qeyd edilənlər reallaşdırılacağı təqdirdə bu regionumuzda da kənd təsərrüfatının inkişafına ciddi təkan verə bilər.

Lakin bütün bunlar üçün lazım olan resurslar təkcə maliyyə, investisiya, işçi qüvvəsi, texnika və texnologiyalar deyil, həm də sudur! Bu sahədə əsas prioritetlərdən biri su probleminin köklü həllidir. 

Su Ehtiyatları Agentliyinin Su Ehtiyatlarının Mühafizəsi üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Zəngilanda keçirilən iclasda bu məsələyə toxunub. Qeyd edək ki, Azərbaycanda sudan istifadə səmərəliliyi səviyyəsi 45%-dir və bu, dünyada müasir texnologiyaların inkişafı və suya tələbat səviyyəsi nəzərə alınmaqla qətiyyən qənatbəxş sayıla bilməz. Su Ehtiyatları Agentliyinin rəsmisinin də dediyi kimi, yeni Dövlət Proqramının əsas məqsədlərindən biri suyun səmərəliliyi göstəricisini 95%-ə çatdırmaqdır. Hazırda müasir suvarma sistemləri ölkənin ümumi əkin sahəsinin yalnız 10%-ni əhatə edir. Proqram təkcə Ağdamda 41.000 hektar, Füzulidə 18.000, Cəbrayılda 12.000, Qubadlıda 3.500 və Laçında və Kəlbəcərdə əlavə 3.500 hektar sahədə su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.

Ağdaşdakı müşavirədə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov da bu mövzuya toxunaraq deyib ki, onun rəhbərlik etdiyi qurum öz səlahiyyətləri çərçivəsində Dövlət Proqramının icrasına tam dəstək verməyə, fermerlərin və kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək: “Əminəm ki, bu müşavirə çərçivəsində müəyyən edilmiş hədəflər, həmçinin dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, fermerlərin və sahibkarların sıx əməkdaşlığı nəticəsində regionun aqrar potensialı daha dolğun şəkildə reallaşdırılacaq, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərində sosial rifahın yüksəldilməsi sahəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq".

Qalır bu müşavirələrdə deyilənlərin və Dövlət Proqramında nəzərdə tutulanların qarşıdan gələn 4.5 il ərzində real olaraq həyata keçirilməsi. Ümid edək ki, qarşıya qoyulan tapşırıqlar keyfiyyətli və effektiv şəkildə həyata keçiriləcək. Bunun üçünsə lazım olan təkcə investisiyalar, ixtisaslı işçi qüvvəsi, su ehtiyatlarının və maliyyənin düzgün, sahələr üzrə proporsional istifadəsi, bölgüsü, müasir texnologiyalar və s. deyil, həm də hazırda keçirilən müşavirələrdə olduğu kimi, məmurların tez-tez xalqın arasına çıxması, Dövlət Proqramının icrası ilə yerində tanış olması və fermerlərin problemlərini dərhal həll etməsidir.

E.Qüdrətoğlu

“AzPolitika.info”