“UKRAYNANI İRƏLİDƏ ÇOX AĞIR İKİ AY GÖZLƏYİR” - “Rusiya bunu hiss etsə, hücuma keçəcək...”

"Rusiya Federasiyasında keçiriləcək seçkilərdən sonra orada daha bir səfərbərlik dalğasının başladılması istisna deyil"

Volodimir Zelenski ABŞ səfəri zamanı keçirdiyi görüşlərdə Ukraynanın Rusiyaya qarşı mücadiləsinin Qərb üçün də önəmli olduğunu vurğulayaraq ölkəsinə hərbi və maliyyə yardımları istəsə də, hələlik vəd edilən 61 milyard dolların verilməsi ciddi mane ilə üzləşir.

ABŞ hələ də Ukraynanın yanında olacağını və onu daim dəstəkləyəcəyini bəyan etsə də, bu ölkənin qanunverici orqanı müxtəlif bəhanələrlə gözlənilən yardımı əngəlləyir.

Hazırda bütün Ukrayna cəmiyyəti kimi siyasi icmalçılar da mövcud vəziyyətdən narahatdır. “Üçüncü sektor” analitik mərkəzinin direktoru Andrey Zolataryov “Glavred.info” saytına verdiyi müsahibəsində Ukraynaya yardımla əlaqədar ABŞ hakimiyyət qolları arasında razılaşma əldə edilməyəcəyi təqdirdə Ukraynanı hansı nəticələr gözləyəcəyindən danışıb.

“AzPolitika.info” həmin müsahibəni təqdim edir:

-ABŞ Senatında Ukraynaya yardım ayrılması məsələsinə baxılması təxirə salınıb. Amerikalı qanunvericilər bu məsələyə nə qədər tez qayıda bilərlər?

-Konqresin tətili 15 dekabrda başlayır. Ağ Evdə gözəl bilirlər ki, bu, Ukrayna üçün kritik əhəmiyyət kəsb edir. Əks təqdirdə buna yeni ildən sonra, yanvarın ikinci yarısında baxılacaq. Bəllidir ki, bu cür ləngimə ukraynalı əsgərlərin qanı bahasına ödənəcək və cəbhədə Ukrayna çox böyük problemlərlə üzləşəcək. Elə Kreml də məhz bunu hesablayıb. Belə bir vəziyyətin yaranması öncədən proqnozlaşdırılan idi, çünki dəfələrlə deyilirdi ki, Ukraynanın ilin sonunda ABŞ-dəki daxili siyasi hesablaşmanın girovuna çevriləcəyi qaçılmazdır.

Qeyri-leqal miqrasiyanın əleyhdarı olduqlarını göstərmək respublikaçılar üçün vacibdir. Onlar Meksika ilə sərhəd boyu milyardlarla xərc tələb edən divar inşa edilməsini istəyirlər, çünki bunu onlardan seçiciləri gözləyir. Öz növbəsində Bayden üçün dünənki mühacirlərin gözündən düşməmək çox önəmlidir. Həmin mühacirlər əsasən demokratlara səs verirlər. Əgər Bayden respublikaçılar qarşısında geri çəkilərsə, bu, onun seçilmə şanslarına neqativ təsir göstərə bilər. Biz Ukraynadakı hərbi risklərlə yanaşı, ABŞ-dəki seçici riskləri ilə də üzləşirik. Hələlik Ukraynanın yardım alması ilə bağlı hər hansı bir kompromisin tapılmasına ümüd etmək olar. Amma ümumi meyl belədir ki, 2024-cü ildə hərbi və maliyyə yadımının həcmi az olacaq. Ən nəhayətdə, bu məsələ öz həllini tapacaq, ancaq görəsən, onlar bunu vaxtında edə biləcəklərmi.T arixdə artıq belə presedent olub. Vyetnam müharibəsi zamanı Amerika hərbi yardım zərfinin gecikməsi hərbi qarşıdurmaya ölümcül təsir göstərmişdi. Nəticədə Şimali Vyetnam ordusu Cənubi Vyetnamın döyüş sursatında yaranmış çatışmazlıqdan istifadə edərək qələbə qazana bilmişdi. Elə məhz o zaman ABŞ-də “müharibə alovunun üstünə yağ tökməyə dəyərmi, yoxsa, hələ gözləməyə ehtiyac var” dilemması ətrafında qızğın müzakirələr gedirdi. Yeri gəlmişkən, o vaxt gərginliyin azaldılması tərəfdarlarından bir də gənc konqresmen Co Bayden idi. Belə bir vəziyyətin fonunda hərbi və maliyyə yardımının ləngiməsi təbii həyacan yaradır.

-ABŞ bu məsələnin həllini yubadarsa, bu, cəbhədəki vəziyyətə nə dərəcədə təsir göstərə bilər?

-Əgər Rusiya hiss etsə ki, Ukrayna Silahlı Qüvvələrində sursat və məhvetmə vasitələri çatışmır, bundan yararlanmaq üçün fəal hücuma keçməyə çalışacaq. Yəni, Avdeyevka və Kupyanskdan sonra digər istiqamətlərə də hücumlar olacaq. Cəbhədən Xarkova qədər təxminən 100 kilometr məsafə var. Elə ona görə xüsusən də “Z təbliğatçılar” arasında hərbi eyforiya yaşanır və onlar deyirlər ki, indi Vaşinqton Ukraynaya yardımı azaldacaq və biz onları “sıxıb əzişdirəcəyik”.

-Mən belə başa düşürəm ki, hazırda söhbət hərbi yox, maliyyə yardımından gedir...

-Bəli, söhbət maliyyə yardımından gedir. Ukrayna büdcə kəsirini qapatmaq üçün ayda 40 milyard qrivna maliyyə yardımı alırdı, indi artıq bu olmayacaq.

-Mən yalnız nəticələr barəsində soruşmaq istərdim, əgər bu yardımlar gəlməzsə, nə ola bilər?

- Belədə bizi “çap dəzgahı” gözləyir və bunu qrivnanın məzənnəsində görəcəyik. Elə indidən vergi təzyiqinin artmasını gözləmək olar. Danil Qetmansev(Ali Radanın maliyyə, vergi və gömrük məsələləri komitəsinin sədri) avtomobil qazının, aksiz vergilərinin yüksəlməsinin vacibliyindən danışır. Bu, bir çox məhsullara və xidmətlərə mənfi təsir göstərəcək. Təbii ki, bunu sosial xərcləri azaltmaqla edəcəklər. Demək olar ki, artıq şəhər merlərindən fərdi gəlir vergisi tutulacaq və bunun sayəsində yerli hakimiyyətlərin döşəmə daşları, yaşıllaşdırma, abadlıq və sair xərclərinin “mişarlanmasına” başlanılacaq. Bunlar hiss olunacaq.

-Gördüyümüz kimi, Qərbin yardımlarının bizə yetişməsi xeyli uzun çəkir. Əgər iqtisadiyyatda da fırtına başlasa, bu, cəbhədə özünü necə büruzə verəcək?

-Belə bir qanunauyğunluq var - əgər raket və mərmi kifayət etmirsə, bu çatışmazlıq insanlar hesabına aradan qaldırılır. Yəni, biz mahiyyət etibarı ilə səfərbərliyin güclənməsini gözləyirik. Sözsüz ki, səfərbərliklə bağlı bir çox imtiyazlar ləğv olunacaq. Biz bütün bunları 2024-cü ildə görəcəyik, çünki hücum zamanı yarana biləcək itkilərin yeri doldurulmalıdır.

- ABŞ Senatında səsvermənin əngəllənməsi ilə bağlı vəziyyəti Rusiyanın necə təqdim etməsini nəzərə alsaq, Rusiya Federasiyasının Ukraynanı danışıqlar masası arxasında oturtmağa cəhd göstərməsi ssenarisi nə dərəcədə mümkündür?

-Putinin ABŞ-dəki prezident seçkilərini gözləməsi barədə yalnız tənbəl adamlar danışmır. Lakin indi vəziyyət elədir ki, bəlkə də onlar heç seçkiləri gözləmədən danışıqlar şansından istifadə etməyə çalışacaqlar. Aydındır ki, buradakı səbəb mərmi çatışmazlığı ilə bağlıdır və bu, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə neqativ təsir göstərə bilər. Bizi irəlidə çox ağır iki ay gözləyir.

-Yəni, Rusiyadakı seçkilər öncəsi iki aydan söhbət gedir?

-Bəli, Rusiya Federasiyasında keçiriləcək seçkilərdən sonra orada daha bir səfərbərlik dalğasının başladılması istisna deyil. Hazıra problem faktiki olaraq müqavilə əsasında gələn əsgərlər və həyatını riskə atmaq istəyən adamlar hesabına həll olunur. Lakin Rusiya ABŞ-dəki prezident seçiklərinə qədər vəziyyəti “sıxıb saxlamaq” üçün payızda əlavə 400 min nəfər əsgər yığmağa çalışacaq”.

V. Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar