Menu

Macarıstan Ukraynaya 50 milyard yardımın ayrılmasına mane oldu - Orban şərt irəli sürüb

15.12.2023, 16:30
Macarıstan Ukraynaya 50 milyard yardımın ayrılmasına mane oldu - Orban şərt irəli sürüb

Macarıstan yenidən Avropa İttifaqının(Aİ) sammitində Ukraynaya 50 milyard avro məbləğində iqtisadi yardımın ayrılmasına mane olub. Macarıstanın baş naziri Viktor Orban “X” sosial şəbəkəsində yazıb ki, bu məsələnin müzakirəsinə gələn il qayıdacaqlar.

Orban əlavə edib ki, Ukrayna Aİ büdcəsindən belə böyük məbləğlər almamalıdır, çünki o, bloka daxil deyil.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel təsdiqləyib ki, Aİ liderləri Ukraynaya yardımın İttifaqın büdcə planına salınması ilə bağlı razılığa gələ bilməyiblər. Lakin o, hansı ölkənin buna qarşı olduğunu dəqiqləşdirməyib.

Bəzi Aİ liderləri Ukraynaya maliyyə yardımı məsələsinə gələn ilin yanvarında baxacaqlarına dair optimist fikirlər ifadə ediblər.

Hollandiyanın Baş naziri Mark Rutte bildirib ki, hələ vaxt var və yaxın bir neçə həftə ərzində Ukrayna pulsuz qalmayacaq.

“Əminəm ki, biz gələn ilin əvvəlində razılığa gələ biləcəyik, yanvarın sonunu düşünürük”, - deyə “Röyter” agentliyi ondan sitat gətirir.

Qeyd olunur ki, Aİ sammitində Kiyevlə təşkilata üzv olmaq üçün danışıqlara başlamaq qərarından bir neçə saat sonra Macarıstan Ukraynaya yardımın ayrılmasına mane olub.

“The New York Times” qəzetinin yazdığına görə, görüşün əvvəlində Orban Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına veto qoymaq niyyətində olduğunu bəyan edərək, ölkənin buna hələ hazır olmadığını və bunun Avropa İttifaqına zərər verə biləcəyini iddia edib.

Bildirilib ki, Macarıstanın Baş naziri səsvermədə bitərəf qalıb və onun sözlərinə görə, “pis qərar”ın bir hissəsi olmaq istəmədiyi üçün iclas zalını tərk edib. Sonradan məlum olub ki, Almaniya kansleri Olaf Şolz onu zalı tərk etməyə dəvət edib. Nəticədə Macarıstanın iştirakı olmadan yekdil qərar qəbul edilib.

Macarıstanın Ukraynaya yardımın ayrılmasına mane olması ilk dəfə deyil. Budapeşt daha əvvəl bəyan etmişdi ki, Macarıstan Aİ-nin 30 milyard avro vəsaitinin dondurulmaması müqabilində Ukraynaya qoyulan paketə qoyduğu vetonu ləğv etməyə hazırdır. Avropa Komissiyası Macarıstanı qanunun aliliyini pozmaqda ittiham edərək bu vəsaitləri dondurub.

Sammitin başlamasına bir gün qalmış Avropa Komissiyası Macarıstan üçün Avropa İttifaqınınayırdığı 10 milyard avro vəsaitini buraxıb.

Qeyd edək ki, Aİ ölkələri Ukraynaya 4 il müddətinə 50 milyard avroluq iqtisadi yardımın ayrılmasını müzakirə ediblər. Avropa İttifaqı həmçinin Ukraynaya hərbi yardım üçün büdcədən 24 milyard avro ayırmaq niyyətindədir. Sammitdəki Avropa liderləri bu məbləğin hansı istiqamətlər üçün verildiyini açıqlamayıblar.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-12-15 17:01:16

Ai - 26 ölkəsi fərdi şəkildə Ukraynaya yardım paketini razılaşdırıblar ,ən kasıb ölkə ən azı 3-4 milyard avro verəcək ,Belçika baş naziri isə Orbana çənəsini qapamağı məsləhət görüb ,yəqin ki ,bir müddətdən sonra ya Orban gedəcək ,ya da Macarıstan Aİ dən çıxarılacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol