Teleaparıcı və bloger Nastya İvleevanın “çılpaq şou” gecəsində iştirak edən rus şou-biznes ulduzları Ktemldən verilən göstərişlə təqib olunur.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Moscow Times”a hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.
Bununla Kreml vətəndaşların diqqətini cəmiyyətdəki dünyəvi xarakterli neqativlərə yönəltməyə cəhd etdiyi, "harınlamış ulduzları” gözdən salmağa çalışdığı iddia olunur.
Politoloq Abbas Qallyamov isə hesab edir ki, Kreml jurnalist Yekaterina Duntsova ilə bağlı ictimai rezonansı arxa plana atmaq üçün “çılpaq şou”dan istifadə edir.
Xatırladaq ki, Duntsova prezidentliyə namizəd olmaq niyyətini açıqladıqdan dərhal sonra bir sıra rusiyalı müxalifətçilərin dəstəyini qazanıb. Lakin Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almaqdan imtina edib.
Qəzetə məlumat verən mənbə iddia edib ki, Duntsovanın ictimai fəaliyyəti Kremldə qıcıq yaradıb. Hakimiyyət üçün digər neqativ hallar arasında o, Feodosiyada Rusiya hərbi gəmisinin Ukrayna tərəfindən vurulmasına, həmçinin toyuq yumurtası və digər məhsulların bahalaşmasına diqqət çəkib.
Kremldən “çılpaq şou”nu şərh etməkdən imtina ediblər.
Prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə deyib: "Gəlin ölkədə bu mövzunu müzakirə etməyən yeganə biz olaq”.
Rusiya mətbuatı xəbər verir ki, dekabrın 20-də Moskvanın “Mutabor” klubunda “Playboy” jurnalı üçün fotoşəkillərdən ibarət sərginin açılışı adı altında əxlaqsız əyləncə gecəsi təşkil olinib. Dəvət edilən qonaqlara minimal geyim tövsiyə edilib. Bir çox "ulduz" gecəyə yarı şəffaf və ya yarı çılpaq geyimdə gəlib. Əxlaqsız gecədənçəkilən videolar internetə düşüb və Rusiya ictimaiyyətində rezonansa, daha sonra isə rəsmi qınaqlara səbəb olub.
Bir çox bloqçular Ukraynada rus əsgərlərinin həlak olduğu bir vaxtda əxlaqsız əyləncədə iştirak edənlərin hərəkətini satqınlara bərabər tutaraq onların ən sərt repressiyaya məruz qalmasını tələb ediblər.
“AzPolitika.info”


Şərhlər