TƏBRİZDƏN TURANA DOĞRU

Nurəddin İSMAYIL

31 dekabr 1989-cu il. İki qardaş arasında iki qanlı rejimin pərçimlədiyi sərhədlərin dağıdıldığı, gözdağı tikanlı məftillərin aradan götürüldüyü gün idi.

O gün başı bəlalı Araza doğru ardı kəsilməyən bir axın vardı. O taydan da, bu tay taydan da. Həsrət yorğunlarının vüsal görüşü olacaqdı, o gün. Dirçəlişin, oyanışın, həmrəyliyin müjdəsi gəlirdi. O taydan da, bu taydan da. Nə qışın can kəsici sazağı, nə sırsıra bağlayan yolların keçilməzliyi, nə o tayın qartımış fars rejimi, nə bu tayın son nəfəsini çəkən sovet rejimi durdura bilmirdi bu axını.

Avtomat lülələrinin tuşlandığı nəzarət-müşahidə məntəqələrində gözətçilik çəkən əsgərlərin gözləri bərələ qalmışdı. Bir vaxtlar quşların belə qanad çalmağa cürət etmədiyi bu sərhədlərə milyonların axını başlamış, səs səsə qovuşmuşdu. Hər kəs ölənindən, itənindən xəbər sorurdu. Şaxtalı, ayazlı bu qış günündə illərin həsrətinin buzu əriyir, gözlərə azadlığın bahar işığı gəlirdi. Necə olacaq, hansı siyasi fərmanlar veriləcək, Arazda boğulmağın, soyuqdan, namərd gülləsinə tuş gəlməyin, heç nəyin, heç bir ölüm qorxusunun fəqində deyildi, kükrəyən xalq. Nə olacaqdısa, olması olanların olduğu gün idi.

“Gülüstan”, “Türkmənçay” adlı ayrılıq salan o nəhs sazişlərin bir həmlədə puç olmasının başlanğıc günü idi. Təbrizdən Bakıya, Bakıdan Təbrizə gedən yollar açılırdı. Bakı həsrəti ilə həyatdan köçən ustad Şəhriyarın yuxuları çin olurdu. Bölünmək qorxusundan çöpü də bölməyə ürəyi gəlməyən S.Tahirin bütövlük arzuları gerçəkləşirdi, Araz boyu “İlğımlar qova-qova yulğunlar qucaqlayan”, “Bu gecə Arazı yuxuda gördüm” deyən M.Arazın həsrət gözlərinə işıq gəlirdi...

Üstündən 30 il keçəcək. Zəfər qutlamaları günü, Bakının Azadlıq meydanından qardaş Türkiyə lideri T.Ərdoğanın o tay-bu tay həsrətinin simvoluna çevrilən, Azərbaycanın yenidən vəhdət halına gəlməsinin qaçılmaz olduğuna işarətlər verən “Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zülm ilə ayırdılar” bayatısı sələnəcəkdi...

31 dekabr həmrəyliyi 30 il sonra Vətən savaşında milli birliyimizin əsasını qoydu. Müharibə dövründə dünyanın hər yerində yaşayan soydaşlarımız bir səs, bir yumruq oldular. Yenə o taydan can Azərbaycan sədaları, erməni soysuzlara nifrinlər səsləndi...

Bu həmrəylik bizi daha geniş coğrafi məkəna, Bütöv Azərbaycana, Türk Dövlətləri Təşkilatına, əsrlər boyu xəyalını gerçəkləşdirmək istədiyimizi Turan evinə aparır.

Yolumuz açıq, məramımız qutlu olsun.

635x100

Şərhlər

Eli 2023-12-31 12:43:49

Amin

Son yazılar