DİN VƏ İKİÜZLÜ SİYASƏT

Nurəddin İSMAYIL

ABŞ Dövlət Departamentinin dini azadlıqların məhdudlaşdırılmasına dair illik hesabatının Azərbaycana aid bölməsində ölkəmizin adının “qara siyahı”ya salınması sırf qərəzli xarakter daşıyır və ikili standartlara söykənən bu cür yanaşmalar ölkələrimiz arasında 30 ildən artıq davam edən faydalı əməkdaşlığın perspektivinə kölgə salır.

Multikultural dəyərlərin, tolerantlığın münbit məkanı sayılan, bütün dini konfessiyaların tam təhlükəsiz, qarşılıqlı hörmət əsasında fəaliyyət göstərdiyi ölkəmiz haqqında belə ədalətsiz, reallıqdan uzaq qərarların çıxarılması sağlam niyyətdən xəbər vermir. ABŞ Dövlət Departamentinə təqdim edilən bu syasi sifarişli sənədin müəllifinin erməni kökənli olması, faktın arxasında adı çəkilən ölkədə böyük maliyyə rıçaqlarına malik erməni lobbisinin durduğunu və Amerikanın demokratiyanı kapital axının girdabında boğduğunu açıq-aşkar ortaya qoyur.

Söhbət ümumi insan haqlarından, demokratik dəyərlərin gözardı edilməsindən, söz, mətbuat azadlığının pozulmasından, siyasi məhbus məsələsindən, rüşvət və korrupsiya faktlarının mövcudluğundan gedirsə və hesabatda bu neqativlər əksini tapmış olsaydı, hər şey başa düşüləndir və ölkəmiz hər halda bu sahədə birincilik təşkil etmir. İstər postsovet, istərsə də ondan kənar ölkələrdə bu faktlar var və bu faktların aradan qaldırılmaması qəbul edilmiş öhdəliklərə görə beynəlxalq qınağa, təsir vasitələrinə tuş gəlməlidir. Lakin durub durduğu yerdə Azərbaycanda dini azadlıqların pozulması barədə absurd çıxarışlar etmək, real məzmun kəsb etməyən bu çıxarışları illik hesabatlara salmaq, Qarabağda yaşamış erməni əhalisinin dini inanclarının sıxışdırılması haqqında balladalar oxumaq, əlbəttə, başa düşülən deyil. Ən azından 30 illik ABŞ-Azərbaycan əlaqələri, müstəqqillik əldə ediləndən sonra dünya ölkələri ilə yaranan birbaşa təmaslar, heç də az olmayan bu müddət ərzində beynəlxalq ekspertlərin apardığı müşahidələr, gəldiyi obyektiv rəylər ölkəmizdə dini azlıqların hüquqlarının ən yüksək səviyyədə qorunduğunu və bu hesabatın heç bir əndazəyə sığmadığını göstərir. Cavab haqqı olanlara sual oluna bilər: İsveçdə, Fransada, Hollandiyada “Qurani-Kərim”in yandırıldığı, çarşablı müsəlman qadının hücuma məruz qaldığı kimi, Azərbaycanda “İncil”in, “Tövrat”ın yandırıldığını, bir xristian, yəhudi, qriqoryan dinində, məzhəbində olan qadının döyülüb təhqir edildiyini kimsə gördümü? Avropanın orta göbəyində məscidlərə basqın etmənin, ibadət evini yadırıb külə döndərmənin vəhşi nümunəsini bizdə kimsə gördümü? Uzağa getmək lazım deyil, yeri-göyü texnolojinin verdiyi imkanlardan yararlanıb izləyə bilən ABŞ, nədən ermənilərin işğal etdiyi ərazilərimizdə dini ibadət yerlərini yerlə yeksan etdiyini görməzdən gəlir? Nədən bu monoetnik ölkədə başqa din daşıyıcılarına yer olmadığını, olduğu halda o yerləri yer üzündən silmə faktlarını bir dəfə dilə gətirmədi?

Nə deyəsən, Qəzzadakı qətliama göz göz yuman, başında durduğu NATO alyansının qoruyucu sütunlarından olan Türkiyə kimi etibarlı müttəfiqini dişlayan, 30 ildən artıq həmsədr ölkə kimi erməni təcavüzünə bu və ya digər formada haqq qazandıran, Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq edən, aborigen hinduların kökünü kəsən, afroamerikanları uzun müddət adam yerinə qoymayan bir ölkədən bundan artıq nə gözləyəsən.

Təbii ki, bu qədər ayrıseçkiliklər, insan hüquq və azadlıqlarına ikili yanaşmalar Amerikaya, elan etdiyi, axıra qədər arxasında durmağa söz verdiyi xalqların, o cümlədən imperialist Rusiyanın cəngindən xilas olan ölkələrin inamını sarsıdır. Xalqlar, millətlər okeanın o başından gələn demokratiya işığının öləzidiyini gördükcə, çarəsizliyini anlayır və qış yuxusuna gedən şimal ayısının çıxışı olmayan mağarasına sürüklənir. Lakin unudurlar ki, bu qərəzli hesabatlar yüz il əvvəl demokratik dövlət bayrağını Şərqdə ilk ucaldan xalqımız öz ideallarına sadiqdir və onların hansı konyuktur münasibətindən asılı olmayaraq biz milli mədəniyyətimizlə bərabər demokratik dəyərləri də qorumaq gücündəyik.

Dövlət başçısı İ.Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucu atalarından sayılan M.Ə. Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı verdiyi sərəncam ölkəmizin demokratik dəyərlərə bir daha sadiqliyini təsdiq edir. Bu addım dövlətçilik ənənələrinin qorunması, cümhuriyyət varisliyinin ardıcıl davam etdirilməsi, xalqımıza istiqlal nemətini daddıran tarixi şəxsiyyətlərin rolunun lazımınca dəyərləndirilməsi baxımından çox önəmlidir. İnanırıq ki, bu sərəncam yalnız protokol xatirinə deyil, real məzmun kəsb edəcək. M.Ə.Rəsulzadə irsinin öyrənilməsi, gənc nəslə çatdırılması, cümhuriyyət qurucuları haqqında yeni əsərlər yazılması, ağır şərtlər daxilində yoxdan yaradılan respublikanın keçdiyi yola işıq salan filimlər çkilməsi, onların xatirəsinin əbədiləşdirilməsi, orta məktəb dərsliklərinə onların dolğun fəaliyyətini əks etdirən materiallar salınması sərəncamın icrasına məsul şəxsləri dərindən düşündürməlidir.

635x100

Şərhlər

Müəllifə 2024-01-10 16:01:58

Nə qədər dundarlarımız həbsdədir və həbs müddətini bitirdikdən sonra buraxılıblar.Nardaran hadisələri və sair.Ölkədə azad toplaşma,sərbəstliyin,söz azadlığının təqib olunması və bu kimi hallar Azərbaycanın imicinə zərbə vurmaqla beynəlxalq təşkilatların gözündən saldığını unutmaq olmaz.Bir az da öz əməllərimizi qiymətləndirməyi bacarmalıyıq.

Son yazılar