“SÜLH MÜQAVİLƏSİNİN İMZALANMASINA ÇOX YAXINIQ” – “Uzağı bir ildən sonra Rusiya bölgədə diqtə edə bilməyəcək”

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika.info”-ya müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların perspektivi, ölkə başçısının yerli televiziya kanallarına müsahibəsində verdiyi bir sıra önəmli açıqlamalar, eləcə də regionda gedən proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qabil bəy, suallarımız əsasən Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqları ilə bağlıdır. Azərbaycan Prezidenti yerli telekanallara geniş müsahibəsində proseslə bağlı mövqeyini açıqladı. Sizcə, Bakının tələb etdiyi sülh formulu Ermənistan tərəfindən qəbul ediləcəkmi?

- Düşünrəm ki, tərəflərin mövqelərində yumşalma hiss olunur. Rəsmi Bakının sülhə can atdığı açıq şəkildə ifadə edilməkdədir. Sülh müqaviləsi ilə bağlı elə də ciddi şərtlər irəli sürülmür. Sadəcə Ermənistan tərəfinin sülh müqaviləsi üçün beynəlxalq zəmanət təklif eməsi Azərbaycan tərəfindən qəbul edilmir. Azərbaycan yumşaq formada bəyan edir ki, əgər zəmanətçilərdən söhbət gedirsə, onlar son dərəcə mülayim olmalı və proseslərə tez-tez müdaxilə etməməli, sadəcə kənardan izləməlidirlər. Belə olmadıqda Azərbaycan tərəfi haqlı olaraq beynəlxalq zəmanətçilərin əleyhinədir. Lakin buna baxmayaraq, ölkə başçısı kifayət qədər konstruktiv ideyalar irəli sürür. Həmin ideyalar yazılı şəkildə Ermənistan tərəfinə göndərilib, onlardan da cavab gəlib. İndi intensiv müzakirələr gedir. Biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq.

- Prezident bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yalnız Mehri rayonundan keçən ənənəvi marşrut xətti üzrə təmin edilməlidir. Ermənistan isə başqa xətt təklif edir. Prezident bildirdi ki, bu marşrut iqlim və reylef baxımdan əlverişsizdir. Söhbət hansı yoldan gedir?

- Ermənilərin Naxçıvana təklif etdikləri yol bir neçə ay əvvəl də gündəmə gətirilmişdi. Söhbət Qazax-İcevan marşrutundan gedir. Bu marşrut Ermənistan ərazisindən keçməklə Naxçıvana avtomobil və dəmiryolu təklif edir. Bu xətt tamamilə qarışıq, çətin relyefi və iqlim şəraiti olan bir bölgədən keçir. Bunu özləri də başa düşürlər. Sadəcə qəsdən işi dolaşığa salmaq üçün edirlər. Üstəlik, Türkiyə də bu xətti qəbul etməyəcək. Ənənəvi yol var - Zəngəzur dəhlizi. O yola razı olsalar, kommunikasiyalar Türkiyə və Azərbaycan tərəfdən açılacaq. Başqa variantları yoxdur. Çünki başqa variantları nə Türkiyə, nə də Azərbaycan qəbul etməyəcək.

- Prezident onu bildirdi ki, Zəngəzur dəhlizi məsələsi 10 noyabr sazişinə uyğun üçtərəfli formatda həll olunmalıdır. Rusiya sərhədçiləri də yola nəzarət etməlidir, çünki Ermənistanın öhdəliyi var. Bu tələbin Bakı tərəfdən səsləndirilməsi nə ilə bağlıdır? Məlumdur ki, Ermənistan bu yolda Rusiyaya nəzarət hüququ verməkdən qəti şəkildə imtina edir...

- 10 noyabr üçtərəfli razılaşmasında Zəngəzur dəhlizinə Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulur. Ermənistan isə bunu öz suverenliyinə bir növ sui-qəsd kimi qiymətləndirir. Ermənistan Rusiyanın bu avtomobil və dəmiryolu xəttinə nəzarətini qəbul etmək istəmir. Azərbaycan tərəfi də Rusiyanın təklif etdiyi, üçtərəfli müqaviləyə uyğun olaraq bu xətti müdafiə edir. Zənnimcə, bu məsələ kifayət qədər dolaşıqdır və dərin fikirləşməyi tələb edir. Buna bir anlıq cavab vermək asan deyil.

- Rusiyanın Naxçıvana gedən yola nəzarət etməsi Bakı tərəfindən məqbul hesab edilir, təki Zəngəzur dəhlizi işə düşsün. Maraqlıdır, Türkiyənin yanaşması nədən ibarətdir? Bu barədə nə düşünürsüz?

- Dediyim kimi, Ermənistanın Bakının şərtlərini qəbul etməkdən başqa əlacı yoxdur. Üstəlik, Türkiyə də bu xətti müdafiə edir. Bu günlərdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu əraizlərdə olub. O, bildirib ki, “Zəngəzur dəhlizi açılacaq”. Hətta bəyan edib ki, onlar Ermənistanı da bu xəttə qoşulmağa razı salacaqlar. Görünür, Ermənistan bu şərtə razı olmasa, Azərbaycan tərəfi Ermənistana gedən kommunikasiya yollarını açmayacaq. Yəqin ki, Türkiyə də eyni addımı atacaq və beləliklə, Ermənistan beynəlxalq izolyasiyada qalmaqda davam edəcək. Bütün bu məsələlər Ermənistan üçün çox əhəmiyyətli olduğundan, axır-əvvəl Azərbaycan və Türkiyənin dediyini etməli olacaq.

- Prezident qəti şəkildə dedi ki, Zəngəzur dəhlizinin açılması baş tutmazsa, Azərbaycan Ermənistanla digər sərhədlərini bağlı saxlayacaq. Sizin də qeyd etdiyiniz kimi, bu, Ermənistanın blokadasının davam edəcəyi deməkdir...

- Rusiya sülh müqaviləsinin öz ərazisində imzalanmasını istəyir. O, bununla regiondakı hegemonluğunu qoruyub-saxlamaq niyyətindədir. Zəngəzur dəhlizi ilə bağlı nümayiş etdirdiyi mövqe də bunu aydın surətdə təsdiq edir. Rusiya proseslərin inkişafında o qədər də maraqlı deyil, əksinə proseslərin ləngidilməsinə çalışır. Əsas istəyi də Zəngəzur dəmiryolu xətti ilə bağlı əlində olan nəzarət funksiyasından axıra qədər istifadə etməkdir. Elə bunun özü Ermənistanla Rusiya arasında ciddi fikir ayrılığı yaradır. Azərbaycan da Rusiyanın mövqeyini müdafiə etməkdə davam edir. Burada da ciddi bir dolaşıqlıq yaranıb.

- Bəzi ekspertlər bildirirlər ki, Rusiya sülh prosesinə imkan verməyəcək, bu və ya digər şəkildə danışıqları pozmağa çalışacaq. Bu barədə sizin fikirləriniz maraqlı olardı, Rusiyanın hazırda da bu qədər imkanları varmı?

- Rusiya üçtərəfli müqavilədəki müddəaları irəli sürür. Ermənistan isə bu müddəaların artıq işləmədiyini deyir. Bütün bunlar sülh prosesinin irəliləməsi üçün maneədir. Bunların aradan qaldırılması üçün ciddi səylər tələb olunacaq. Burada Rusiyanın özünü də bəzi məsələlərdə inandırmaq, tutduğu mövqedən geri çəkilməsinə nail olmaq lazım gələcək.

- Bu günlərdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə müşaviri Luis Bono İrəvanda oldu, amma Bakıya gəlmədi. Qərbin prosesdə fəallığı artacaqmı, Rusiyanın məlum mövqeyini nəzərə alsaq, 2024-cü ildə geosiyasi rəqabətin necə davam edəcəyini proqnozlaşdırırsız?

- Rusiyanın bu bölgədə potensial qüvvələri zəifləyir və getdikcə də zəifləyəcək. Uzağı bir ildən sonra Rusiya bölgədə diqtəedici mövqedən çıxış edə bilməyəcək. Moskvanın bu məsələdə barışmaz mövqe nümayiş etdirəcəyini gözləmək çətindir. Ona görə də başda ABŞ olmaqla, kollektiv Qərb bir sıra prinsipial məsələlərdə Rusiyanın mövqeyini əymək xətti tutublar. Güman edirəm ki, buna nail ola biləcəklər. Rusiyanın sona qədər kollektiv Qərb və ABŞ-la mübarizə aparmaq şansı yoxdur. Rusiyanın bu məsələdə mövqeləri çox kövrəkdir. Rusiya sona qədər davam gətirə bilməyəcək.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Qabilə 2024-01-13 22:06:28

Çox mənasız lazımsız bir analitika

Mürsəl 2024-01-13 14:29:51

Qabil bəyin .şübhəli baxışı onu öz sözünü demədiyi ehtimalı yaradır.Gu adam həmişə vokruq-okolo danışır və özünü bu sahədə ağıllı anlitik sayır.Amma indiyə qədərki onun çıxışlarında və yazılaında konkretlik görünməyib.Ona görə belə şəxsləri tərpətmək,onlardan fikir almaq cəhdi faydasızdır.

Cəmşid Dərələyəzli 2024-01-13 10:33:46

Qabil müəllimin müsahibəsinin sonundakı fikirlərini məqbul saymıram. Belə ki, zennimcə Qabil müəllim xoşlanmadığəməz Rusiyanın gücünü həddinden artıq çox küçümseyir və imdadı qərbdən gözləyir. Hansı ki, Qərb və ABD o "zəif" Rusiyanın əlində Ukraynada aciz qalıblar və indi də müharibənin durması üçün çarə axtarırlar. L obyektiv olaq.

Son yazılar