Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.

Bu  barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.

1980–1982-ci illərdə "Azneftyoltikintitəmir" trestində mühəndis və iqtisadçı işləyib. 1982–1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib, 1983–1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib,1985–1994-cü illərdə Ə. C. Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib.

1994–2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib, 2003–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi ,2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyində baş direktorun müşaviri vəzifəsində çalışıb

O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

"AzPolitika.info"