Bu gün səhər Ukrayna mətbuatı Azov dənizi üzərində Rusiyanın “A-50” və “İl-22M” təyyarələrinin vurulduğunu yazıb. Qeyd olunur ki, “İl-22M” Anapa hava limanına qəza enişi edib, “A-50” isə Azovun soyuq sularına qərq olub. Bu məlumatı Rusiya Müdafiə Nazirliyi nə təsdiq, nə də təkzib edib. Amma rusiyalı hərbi bloqerlər hər iki təyyarənin vurulduğunu təsdiqləyir.
Ekspertlərə görə, Uzaq radio-lokasiya aşkaretmə təyyarəsi – “А-50”-nin vurulması Ukraynanın Qərb tərəfdaşlarından müasir silah sistemləri almasından xəbər verir. Qeyd olunur ki, “A-50” təyyarəsi qarşı tərəfin hava hücumundan müdafiə (HHM) sistemlərinin atəş məsafəsindən uzaqda əməliyyat aparmaq üçündür. O zaman təyyarə üçün Ukrayna cəbhəsində 120-160 km məsafədə dayanması lazımdır. Bu məsafədə isə “A-50”-nin atəş məsafəsi 160 km olan “Patriot” ZRK tərəfindən düşürülməsi mümkündür.
İkinci ehtimal isə Ukrayna Hərbi Hava Qüvvələrində ABŞ istehsalı “AİM-120” raketlərinin olmasdır ki, onların maksimal tətbiq məsafəsi 120-180 km təşkil edir. Bəzi ekspertlərə görə, “A-50” təyyarəsi Ukraynaya məxsus təyyarədən atılan “AİM-120” raketi ilə də vurula bilərdi.
Ekspertlər bir məsələdə həmfikirdilər ki, Ukrayna Hərbi Hava Qüvvələrinin Krıma son hücumları, bu gün “A-50” təyyarəsinin vurulması son aylarda Ukrayna Silahlı Qüvvələrinin ixtiyarında cox ciddi radio-lokasiya əngəlləri qoya bilən texnikanın peyda olmasından xəbər verir.

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Rusiyaya məxsus “A-50” kəşfiyyat təyyarəsinin məhvi, üstəlik onu idarə edən nadir mütəxəssislərin ölümü Rusiya üçün ağır itkidir. “”A-50” unikal təyyarədir. Uzaq mənzilli hava hədəflərini aşkar edir, göyərtəsində erkən hava xəbərdarlığı və idarəetmə sistemi quraşdırılıb. Bu sistem qanadlı və ballistik raketlərin buraxılışını, hava hücumundan müdafiə əməliyyatlarını izləyə və qeydə ala bilir. Azı 350 milyon dollar dəyərində olan bu təyyarələr Rusiyada çox məhdud sayda – cəmi 9 ədəd idi. Daha bir “A-50” ötən ilin fevralında Belarusun Maçulişşi aerodromunda ukraynalı diversantlar tərəfindən sıradan çıxarılmışdı”, - o əlavə edib.
Ekspert qeyd edir ki, İl-22M isə döyüş əməliyyatları zamanı qoşunların idarə edildiyi hava komandanlığı məntəqəsidir: “Ötən ilin iyununda Priqojinin qiyamı zamanı bir “İl-22” vaqnerçilər tərəfindən Voronej üzərində vurulmuş və 10 ekipaj üzvü ölmüşdü. Bəzi rusiyalı hərbi blogerlər təyyarələrin "dost atəşi", yəni Rusiya HHM tərəfindən vurulduğunu iddia edirlər”, - o əlavə edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər