“QƏRBLƏ MÜZAKİRƏ OLUNACAQ MƏSƏLƏ QALMAYIB” – “Azərbaycan bütün diplomatik-siyasi variantlara hazır olmalıdır”

Politoloq Nəsimi Məmmədli “AzPolitika.info”-ya müsahibəsində gündəmin əsas suallarını cavablandırıb. Ekspert Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişi, Prezident İlham Əliyevin bu barədə son çıxışını, Fransa-Azərbaycan münasibətlərində yaranmış gərginliyin perspektivlərini, habelə Yaxın Şərqdə gedən prosesləri, ölkədə baş verən hadisələri dəyələndirib.

Müsahibəni təqdim edirik:

- Nəsimi bəy, ötən həftə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan normallaşma prosesinin əsas şərtlərini açıqlayıb. Mən istəyirəm, üç vacib isqtiqaməti ayrı-ayrılıqda təhlil edəsiz. İlk növbədə Prezident bəyan edib ki, Azərbaycan sovet dövründəki xəritələri qəbul etmir, məsələyə tarixi ədalətin bərpası prizmasından baxılmalıdır, ADR və ya onun süqutundan dərhal sonrakı sərhədlər məsələsi gündəmə gəlməlidir. Ermənistan rəhbərliyi bunu yeni ərazi iddiası hesab edir. Bu barədə nə düşünürsüz?

- Məsələyə tarixi ədalətin bərpası baxımından yanaşsaq, təbii ki, ilk növbədə ADR-in sərhədləri məsələsi gündəmə gəlir. Məhz ADR sovet Rusiyası tərəfindən 1920-ci ildə işğal edildikdən sonra ərazilərimiz Ermənistana hədiyyə edilib. Hazırkı Azərbaycan Respublikası ADR-in varisidir və bu iddianın hüquqi-siyasi əsasları var.

Digər tərəfdən isə SSRİ dağıldıqdan sonra üç Pribaltika respublikası istisna olmaqla, digər müttəfiq respublikalar 1991-ci ildə “Alma-Ata Bəyannəməsi” imzaladılar. Bu sənədlə MDB üzvü olan respublikalar SSRİ-nin ən sonuncu daxili sərhədləri ilə ayrıldılar. Amma Ermənistan 30 il bu Bəyannaməyə məhəl qoymadan Qarabağı və 7 rayonu işğalda saxladı. İndi hərbi məğlubiyyət aldıqdan sonra bu Bəyannamə yada düşdü.

Azərbaycan rəsmi olaraq Ermənistana ərazi iddiası irəli sürməyib. Sadəcə öz milli maraqlarına uyğun olan yanaşmanı danışıqlar masasına çıxarıb. Danışıqlar prosesində müxtəlif imkanlar və risklər ortaya çıxa bilər. Hələ konkret mövqeyə gəlmək tezdir. Amma Azərbaycan bütün diplomatik-siyasi variantlara hazır olmalıdır.

- Prezident Naxçıvana maneəsiz dəhliz məsələsinin əsas parametrlərini açıqlayıb. Bildirib ki, Azərbaycanın bir hissəsindən digərinə gedib-qayıdan insanlar, habelə yüklər Ermənistan tərəfindən heç bir yoxlamaya məruz qalmamalıdır. Amma Türkiyə də daxil üçüncü ölkələrlə bağlı gömrük və sərhəd qaydaları tətbiq oluna bilər. Paşinyan isə bu tələbi qəbul etmir, o bildirib ki, azərbaycanlılar hazırda İran vasitəsi ilə Naxçıvana hansı şərtlərlə gedib-gəlirsə, o şərtləri Azərbaycan üçün təmin etməyə hazırdı.

Daha bir məsələ ondan ibarətdir ki, tərəflərin təqdim etdiyi marşrut fərqlənir. Azərbaycan Araz çayı boyunca ənənəvi dəmir yolu və ona paralel avtomobil yolunun çəkilməsini təklif edir. Ermənistan isə fərqli marşrutları. İlham Əliyev bəyan edib ki, Ermənistan buna razı olmasa, heç bir yerdə sərhədləri açmayacaq. Sizcə kompromis variantlar tapmaq mümkündürmü?

- Ermənistanla istənilən sülh sazişinin imzalanmasına Azərbaycan tələsməməlidir. Yalnız ölkəmizin milli-strateji maraqlarına cavab verən sülh sazişini imzalamalıdır. Hələlik Ermənistan belə bir sülhə hazır deyil. Ermənistan cəmiyyətində revanşist ovqat qismən azalsa da, erməni lobbisinin təsirində olan böyük dövlətlərin yanaşması sülh prosesinə əngəl yaradır. Ermənistan hökuməti böyük güclərin himayəsinə sığınaraq Azərbaycanla razılaşmadan yayınır. Uzlaşmanı pozan şərtlər irəli sürür. Daha çox Qərbin regiondakı geosiyasi maraqlarını təmin etməsinə çalışır.

Azərbaycan Naxçıvana sərbəst keçid əldə etmədən heç bir kommunikasiyanın açılmasına razılaşmamalıdır. Ermənistanın irəli sürdüyü heç bir şərt qəbul edilə bilməz. Hazırda sülh bizdən çox Ermənistana lazımdır. Əgər onlar indi güzəştlərə hazır deyilsə, bu, gələcəkdə Ermənistanın daha təhlükəli olacağına işarədir. Məhz kompromis üçün Ermənistan addımlar atmalıdır.

- Prezident işğalda olan Azərbayan kəndləri ilə bağlı məsələni belə qoyub: anklav olmayan 4 kənd dərhal qaytarılmalıdır, Hökumətlərarası Komissiyanın yanvarın sonunda keçiriləcək iclasında Qərb sərhədlərinin delimitasiyası məsələsi müzakirə olunmalıdır. Erməni tərəfi isə fərqli gündəlik təklif edir – delimitasiya üçün xəritələrin, hüquqi aktların və s. müəyyənləşdirilməsini istəyir. Prezident həmçinin bildirir ki, anklav olan daha 4 kəndin, habelə Azərbaycanın nəzarətində olan 1 kəndin məsələsi ekspert komissiyası tərəfindən araşdırılmalı, o kəndlərə maneəsiz yollar məsələsi həll edilməlidir. Paşinyan isə bildirib ki, Ermənistan da 8 kəndin əvəzinə 32 kəndin həyati ərazilər məsələsini qaldırır... Yəni mövqelər bir-birindən uzaqdır. Bu istiqamətdə qarşıda nələr gözləyirsiz?

- Bu məsələdə də Azərbaycan konstruktiv davranır. Əgər bizim Ermənistana ərazi iddialarımız olsaydı, çoxsaylı fürsətlər var idi, onlardan yararlanmaq olardı. Ermənistan bu yanaşmanı nəzərə almalı və anklav olmayan kəndləri dərhal boşaltmalıdır. Digər ərazilərlə bağlı qarşılıqlı güzəştləri, həll yollarını müzakirə etmək olar.

Azərbaycan güclü ordusunu daha da müasir silahlarla təmin etməli və hər zaman gözlənilən hərbi təcavüzə hazır olmalıdır. Belə görünür ki, Ermənistan sözdə sülhdən danışır, amma əməldə sülhdən çox uzaqdır.

- Növbəti sualım Qərbin getdikcə prosesdən kənarda qalması barədədir. Belə məlum oldu ki, Bakı Vaşinqtonda XİN rəhbərlərinin görüşündə iştirak etmədi və Dövlət Departamentinin nümayəndəsi Luis Bono İrəvana gəlsə də, Bakıda qəbul edilmədi. Ermənistan isə israrla Qərb ölkələrinin prosesdə iştirakını, sülh müqaviləsində qarantor rolda olmasını tələb edir. Bu məsələdə də mövqelər antoqonistdir...

- Ermənistan Qərbin vasitəçiliyi ilə Azərbaycana təzyiq etmək niyyətindədir. Qərb isə öz yanaşması ilə prosesdən kənarda qalıb. 44 günlük müharibədən dərhal sonra danışıqlarda Qərbin mövqeyi qismən qənaətbəxş idi. Hətta müəyyən uğurlu təmaslar, razılaşmalar da oldu. Amma 19 sentyabr anti-terror əməliyyatından sonra Qərbin tutduğu mövqe tamamilə anti-Azərbaycan mövqeyi idi. Belə şəraitdə daha Qərblə müzakirə olunacaq məsələ qalmayıb. Onların əksəriyyəti, xüsusilə də Fransa və Almaniya təktərəfli şəkildə Ermənistanın yanındadır.

Qərb regionda Rusiyanı sıxışdırmaq üçün Ermənistan-Azərbaycan münaqişəsindən yararlanmaq istəyir. Azərbaycan heç bir halda belə ziddiyyətli və mürəkkəb siyasi şəraitdə alət olmamalıdır.

- Fransa Milli Assambleyasının Senatı Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul edib. Azərbaycan Milli Məclisi buna adekvat cavab verib və Fransa ilə iqtisadi, siyasi əlaqələri dayandırmağa çağırıb. Bu gərginlik daha üst mərhələyə çıxa bilərmi? Azərbaycana qarşı sanksiyalar olarsa, Avropa Birliyinin ona qoşulması mümkündürmü?

- Fransa ilə münasibətlərdəki gərginlik əsasən Fransanın siyasətindən qaynaqlanır. Xüsusilə də Azərbaycanın beynəlxalq hüquqa uyğun davranaraq öz ərazi bütövlüyünü tam təmin etməsinə Fransanın reaksiyası qəbuledilməzdir. Fransa 27 il ATƏT-in Minsk Qrupunda həmsədr kimi Ermənistanı işğalçılıqdan çəkindirən heç bir addım atmadı. İndi Ermənistan-Azərbaycan arasında sülh danışıqlarında yenidən vasitəçiliyə can atır. Haqlı olaraq rəsmi Bakı bu məsələdə Fransaya güzəştə getmir.

Münasibətlərdəki gərginliyin yaxın vaxtlarda səngiyəcəyi real deyil. Fransa Cənubi Qafqazda öz varlığını davam etdirmək istəyir. Fransanın təkbaşına Azərbaycana qarşı atdığı addımlar təsirli siyasi-iqtisadi nəticə doğura bilməz. Avropa İttifaqının bu məsələdə Fransa ilə sinxron davranması da real deyil. AB üzvü ölan bəzi ölkələrlə Azərbaycanın ikitərəfli iqtisadi-ticarət əlaqələri kifayət qədər normaldır.

- Ekspertlərə görə, Yaxın Şərqdəki hadisələr böyük toqquşmalara gətirib çıxara bilər, artıq İran və Pakistan bir-birlərinə hərbi zərbələr endirir. Bundan əvvəl isə İraqdakı, Suriyadakı hədəflər vuruldu. İran hədsiz aqressivlik nümayiş etdirir. Bakı ilə Tehran arasında münasibətlərdə gərginliyi nəzərə alsaq, bu yöndə bizim siyasət necə olmaldır? Nəzərə alsaq ki, Türkiyənin Şimal-Qərb sərhədlərində terrorçular intensivliyi artırıb...

- Əslində Orta Şərqdə hərbi-siyasi qarşıdurma xeyli vaxtdır davam edir. Bunun tezliklə azalması real deyil. Böyük dövlətlər, regional güclər və onların proksi qüvvələri faktiki müharibəyə cəlb olunub. Bu regiondakı hərbi-siyasi proseslər Azərbaycana birbaşa təsir etmir. Lakin Azərbaycan İranla qonşudur, Türkiyə və İsrail ilə müttəfiqdir. Müttəfiqlərin və qonşuların cəlb olunduğu münaqişələr, müharibələr dolayısı ilə müəyyən təsirlər yarada bilər. Rəsmi Bakı beynəlxalq hüququn tələblərini rəhbər tutmaqda davam etməlidir. Mümkün olduqca hərbi-siyasi məsələlərdə neytrallığını saxlamalıdır. Ordunu daha da gücləndirməli, təhlükəsizlik tədbirlərini artırmalıdır.

- Ölkədə insan itkisi ilə nəticələnən ard-arda yanğınlar baş verir. Bəzi ekspertlər bunun təsadüfi olmadığına, “xarici əl” olduğuna inanırlar. Siz nə düşünürsüz?

- Hər bir təxribatın, terrorun özünəməxsus məqsədi var. Əgər bu olaylar təxribatdırsa, o zaman qarşıya qoyulan məqsədi aydınlaşdırmaq vacibdir. Təhlillər göstərir ki, indiki halda bu yanğınlarda təxribat izi axtarmaq nəticəsizdir. Hazırkı ictimai-siyasi şəraitdə belə olaylarla ölkəmizdə heç nəyə nail olmaq mümkün deyil.

Adətən istənilən təxribat, terror fəaliyyətini törədən qüvvə özünü gizlətməkdə maraqlı olmur. Məqsədi cəmiyyətdə qorxu, təşviş, güvənsizlik yaratmaq olan təxribatçı qüvvə bunu niyə etdiklərini bəyan edir. Müxtəlif vasitələrlə cəmiyyətə mesajlar ötürə bilirlər. İndiki halda açıq şəkildə belə bir iddiada olan yoxdur.

Mənim qənaətimcə, bu təsadüfi, yaxud da məsuliyyətsizlikdən doğan faciədir. Hüquq-mühafizə orqanları baş vermiş faciələrə görə məsuliyyət daşıyan şəxsləri cəmiyyətə göstərməklə və qanuni cəzalarını verməklə cəmiyyətdəki bəzi söz-söhbətlərə, şayiələrə son qoya bilər.

E.Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar