Nurəddin İSMAYIL
20 yanvar. Qanlı sovet ordusunun, o zamana qədər sovet xalqının bir parçası olan Azərbaycana qanlı hücum günü. Əliyalın, məsum, günahsız insanlarımızın ağır, zirehli maşınların tırtırları altında vəhşicəsinə əzildiyi gün. Vətən eşqi ilə döyünən ürəklərə namərd gülləsinin tuşlandığı gün. 1988-ci ildən körüklənən erməni fitnəsinin Kremlin soyuq divarları arasında soyuqqanlı siyasi qərara çevrilib, hərbi təcavüzlə sonuclandığı gün.
Sosializm kazarmasının qapalı həyatını yaşayan xalqımın dünyadan təcrid edilib gülləborona tutulduğu gün. 1920-ci ilin aprelində gənc Cümhuriyyətimizin varlığına 70 il son qoyan işğalçı ordunun 70 il sonra milli kimliyinə sahib durmaq istəyən millətimi yenidən qan gölündə boğduğu gün. Və həm də 70 il xalqımızın sadəlövhcəsinə inanıb, bel bağladığı kommunist rejiminin alçaq simasının aşkara çıxdığı gün.
Bu qanlı gün sosializmin kommunizmlə əvəzlənib hər bir sovet ailəsini dünyanın ən xoşbəxti edəcəyi barədə bayağı vədlərinin ağ yalandan başqa bir şey olmadığını anlatdı xalqımıza. Öləziyən yaddaşlar itliləndi, onu 70 il əvvələ qaytardı və bu alçaq rejimin xalqımızın başına gətirdiyi bəlaları ona bir daha xatırlatdı.
Yaddaşın geri qayıdışı millətin gələcəyə baxışına təkan verdi. Üstü pərdələnmiş, təntənəli siyasi çalarlara bürünmüş bu qanlı rejimin alt qatında nələr yatırmış, ilahi. Daha öncəsi bir millətin iki yerə parçalanması və bu parçlanmadan sonra qədim yurd yerlərimizə erməni köçünün başlanması faktı. Demokratik, dünyəvi dəyərləri özündə ehtiva edən ilk respublikanın ideallarının qaranlığa gömülməsi, onun qurucularının bir-bir məhv edilməsi, dini, milli mənsubluğun geydirmə sosialist qardaşlığına qurban getməsi. Bunlar azmış kimi tarixi ərazilərimizin qarış-qarış erməni soysuzlara pay verilməsi. 31 mart milli qırğınları, onminlərlə sayseçmə aydınlarımızın 37-nin qara güdazına getməsi, ağır işgəncələrlə, dözülməz məhbus həyatı, uzaq sürgünlərlə müşahidə olunan repressiyalar, yüzminlərlə vətəndaşımızın öz dədə-baba yurdlarından deportasiya edilməsi və bu milli zülm silsiləsinin 20 yanvar qırğınından geri qalmayan Xocalı soyqırımı, Qarabağın 30 illik işğalı ilə sona yetməsi.
20 yanvar xalqımızın ləyaqətli övladlarının haqq yolunda şəhadətə qovuşduğu gün. Sövet rejiminə qarşı milli birliyin, həmrəyliyin, bütövləşmənin, 30 il sonra Qarabağın azad edilməsinə aparan yolda yaranan milli vəhdətin başlandığı gün idi.
20 Yanvar milli iradənən, milli coşqunluğun mənfur kommunist ideologiyasının buz qatlarını əridib, milli istiqlalına yenidən qovuşduğu gün.
20 Yanvar şəhidlərinə
İyrimi yanvar yorğanın
əbədi bükümündə
yatan şəhidlər,
Alnı açıq, üzü ağ,
haqqın dərgahına
çatan şəhidlər.
Nə uca bir ad ki,
candan keçib
qazandı onlar,
Millətimin qan yaddaşına
şəhidlik dastanını
yazandı onlar.
Torpaq, canına
şəhid qanı hopduqca
saflaşar, arınar,
Uca zirvəsinə
bayrağı sancılan yurd,
belə sevilər,
vətən belə qorunar.
Qazisi, şəhidi
olan vətənin,
sevgisi qəlblərə
dolan vətənin,
bayrağı kəfən, andı uca olar,
Sarılar övladı silaha,
düşmənindən öc alar.
İyirmi yanvar,
millətimin tək bir ürək,
tək bir can olan günü idi.
Əli yalın insanların,
təpədən dırnağadək
silahlanan düşməndən,
qan bahasına,
qisas alan günü idi.

Şərhlər