Bu gün, yanvarın 25-də Moskva Şəhər Məhkəməsinin binasında Donbass separatçılarının keçmiş rəhbəri, Ukraynanın və beynəlxalq məhkəmənin qatı terrorçu kimi tanıdığı İqor Strelkova (Qirkin) qarşı cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.
“AzPolitika.info” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, məhkəmə Strelkov barədə 4 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb.
Strelkov özü ilə bağlı bütün ittihamları rədd edib və ona qarşı irəli sürülən ittihamların “absurd” olduğunu bildirib. Cinayət işinin materialları “Telegram” messencerində 25 may tarixli iki yazıya istinad edir.
Strelkovun həbsindən sonra onun azadlığa buraxılmasını tələb edən tərəfdarları siyasi kampaniyalar keçirib. Avqustun sonunda onlar Qirkinə dəstək olaraq ümumrusiya ictimai hərəkatının qeydiyyata alınması təşəbbüsü ilə çıxış ediblər.
Strelkovun “Teleqram” kanalının məlumatına görə, məhkəmə binasının qarşısına jurnalistlərin “izdihamı” toplaşıb. Lakin media nümayəndələri məhkəmə zalına buraxılmayıb.
Xatırladaq ki, Qirkin öz “Teleqram” kanalındakı çıxışlarında və yazılarında ekstremizmə çağırışlar etməkdə ittiham olunur. Qatı millətçi-şovinist mövqeyilə tanınan və bir neçə il əvvəl HHM raketi ilə mülki təyyarəni vurduğu üçün Haaqa Məhkəməsi tərəfindən ömürlük qiyabi həbs cəzasına məhkum edilən Qirkin son illər Putin hakimiyyətini sərt tənqid edirdi. O, Rusiya ordu rəhbərliyini və şəxsən Putini ordunu dağıtmaqda və Ukraynada yarıtmaz hərbi kampaniya aparmaqda günahlandırırdı.
“AzPolitika.info”


Şərhlər