Menu

“BİZ RUSİYA İLƏ YAXIN OLMALIYIQ...” – “Çalışmalıyıq ki, Avrasiya məkanında Avropa İttifaqı modelində yeni bir birlik quraq”

26.01.2024, 00:03
“BİZ RUSİYA İLƏ YAXIN OLMALIYIQ...” – “Çalışmalıyıq ki, Avrasiya məkanında Avropa İttifaqı modelində yeni bir birlik quraq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin üzvü və prezidentliyə qeydə alınmış namizəd Qüdrət Həsənquliyevlə qısa müsahibəni təqdim edirik:

- Qüdrət bəy, son vaxtlar Azərbaycanın Rusiya ilə yaxınlaşmasının ölkəmiz üçün facilərə yol açacağına dair geniş kampaniya aparılır. Sizin məsələyə baxışınızı bilmək istərdik.

- Bu kampaniyanı aparanlar Qərbin müəyyən dairələrinin qucağında bəslənənlərdi. Azərbaycan Rusiya ilə münasibətləri inkişaf etdirərərk onun Ermənistanla münaqişədə neytrallığını təmin edib, öz torpaqları üzərində dövlət suverenliyini bərpa edib, işğalçı dövləti Azərbaycandan qovub. Dövlətin xarici siyasətində birinci yerdə milli maraqlar dayanmalıdı. Mən işğalın davam etdiyi zamanlarda hökuməti çağırırdım ki, Ermənistanla mənasız danışıqlara son qoysun və danışıqlar Rusiya ilə aparılsın. Hətta hökuməti çağırırdım ki,torpaqlarımızın azad olunması üçün Rusiya Azərbaycanda hərbi baza yaratmaq, yaxud Avrasiya İttifaqına üzv olmamızı istəyəcəksə, buna getmək lazımdır.

Tək Qarabağ probleminin həllinə görə yox, həm də Azərbaycanın digər həyati maraqlarına görə biz Rusiya ilə yaxın olmalıyıq. Mən, müşahidələrimə əsasən həmişə söyləmişəm ki, rəsmi Bakı dostlarımız, müttəfiqlərimiz haqlı olanda onların yanında olur. Biz Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləmirik. Ukraynaya humanitar yardım edirik, amma Rusiyaya qarşı da sanksiyalara qoşulmuruq. Ukrayna bizə görə bunu işğalçı Ermənistana qarşı etsəydi, onda bizi kimsə qınaya bilərdi.

Mən Qarabağ münaqişəsinin həlli üçün niyə Rusiya ilə danışıqlar aparmağı təklif edirdim? Çünki Rusiyanın işğalçı Ermənistanı dəstəkləməsində Qərbin müstəsna rolunun olduğunu bilirdim. Qərb Ermənistanın işğalına baxmayaraq onu dəstəkləyib, işğalçı dövlət kimi tanımayıb, hətta Qarabağdakı separatçı rejimə humanitar yardım adı altında kömək edib. İşğal dövründə xalqımız Putinin şəxsi dostu olan, əli xalqımızın qanına batmış Köçəryana Qərbin soyuq münasibətini hiss etdimi? Əlbəttə ki, yox. İşğal dövründə Qərbdəki güclü erməni diasporası Ermənistan hökumətini Rusiyadan uzaqlaşdırmağa cəhd etdimi? Yenə də yox.

Biz 22 fevral 2022-ci ildə Moskvada Rusiya ilə müttəfiqlik münasibətlərinə dair saziş imzalamasaydıq, 19-20 sentyabr 2023-cü ildə Xankəndi ətrafında antiterror əməliyyatları keçirən zaman Rusiya sülhməramlıları neytrallığını qoruyub saxlayardımı? Kimsə boşboğazlıq edib deyə bilər ki, bu bizim beynəlxalq hüquqa əsaslanan hüququmuz idi. Hüquqa əhəmiyyət verən olsaydı, torpaqlarımız 30 il niyə işğal altında qalırdı?

570 il keçsə də, Qərb İstanbulun (Konstantinopolun) fəthini türklərə bağışlamır. Bizim öz Qarabağımızı işğaldan azad etməyimiz onları özündən çıxarıb. Onlar deyildimi bizi referendum keçirib Qarabağı ermənilərə verməyə məcbur edən? Gözünüzün qabağında savadsız, əxlaqsız küçə gədələrini səfərbər edib ölkəmizə qarşı mənəvi terror həyata keçirmirlərmi? Diqqət yetirdinizsə, bilə-bilə ki, AŞPA-nın Azərbaycan əleyhinə yönəlmiş qərarının arxasınada Ermənistana açıq dəstək dayanır, insan hüquqlarına dair hüquqpozmalara dair müddəaları ora sadəcə ona görə əlavə ediblər ki, əlaltılarına Azərbaycan hökumətinə qarşı təbliğat aparmaq imkanı versinlər, buna baxmayaraq, dünən necə sevinirdilər. Onlar milli xəyanət yolu tutmaqla ölkəmizi modern dövlət qurmaq yolundan sapdırırlar.

- Azərbaycan Avropa Şurasından çıxmalıdırmı?

- Düşünmürəm ki, buna ehtiyac var. Biz çalışmalıyıq Avrasiya məkanında Türkiyə, Rusiya, İran, keçmiş sovet respublikalarının iştirakı ilə Avropa İttifaqı modelində yeni bir birlik quraq. 3+3 formatında əməkdaşlıq yeni ittifaqın bazasını təşkil edə bilər. Bu, Avropa İttifaqı və digər Qərb ölkələri ilə əməkdaşlıqdan imtina kimi başa düşülməməlidir. Dünyada çoxsaylı ölkələr müxtəlif siyasi və iqtisadi birliklərin üzvüdür, bir təşkilatın üzvü olmaq digərini inkar etmir.

(xalqcebhesi.az)

Şərhlər

Şərh yazanlara 2024-01-27 20:43:49

Qüdrət bəy doğru yazıb sadəcə sizi kimilər onun yazdıqlarını başa düşəcək qədər savadlı deyilsiniz gedin işinizlə məşqul olun bizə lgbt i dəsdəkliyən avropa lazım deyil

Türk 2024-01-26 14:42:15

Ölkəni xalqı talan-qarət edən klanlardan biri də Naxçıvan klanıdır. Siz bu talan-qarətin vaxtını uzatmaq istəyirsinizş Ona görə də sən və sənin kimilər nala mıxa vurursunuz. Bəs millətin xalqın qalan hissəsi acından ölsünmü

Vaqi 2024-01-26 13:45:22

Biz müstəqilliyi elə belə qazanmamışıq onu itirəh

Baba 2024-01-26 11:05:09

.... MİLLƏTİ MƏHV ETMƏKYİN NƏTİCƏLƏRİDİR. İNŞALLAH SON OLACAQ

Watchman 2024-01-26 09:59:35

Bu müsahibədə də qeyri-adi bir şey görmürəm. ...

RR 2024-01-26 04:57:27

Ózlerini tanimayannar , coxalib,,,

ƏNHU 2024-01-25 23:17:35

Qüdrət bəy, rusları elə sevirsənsə köç Rusiyaya daha onları niyə bizim ölkəmizə gətirirsən? Sərhədlərimizdir özümüz qoruyuruq onlar gəlib haramızı qoruyacaqlar? Özlərinkini qoruya bilmədikləri halda.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol