Rəsmi İrəvan Azərbaycanla sülh danışıqlarında özünü “mələk” kimi təqdim etməyə çalışsa da, revanşist iddialardan əl çəkməyib. Nikol Paşinyan dünən ordu günü ilə bağlı tədbirdə Ermənistanın Azərbaycanla 44 günlük müharibədə darmadağın edilmiş silahlı qüvvələrini dirçəltmək planlarını açıqlayıb.

O, vurğulayıb ki, Ermənistan yeni və müasir silahlar və texnika əldə etmək yolu ilə gedir.

Paşinyanın sözlərinə görə, son illərdə hökumət bir neçə yüz milyon dollar dəyərində silah və sursat almaq üçün müqavilələr imzalayıb.

“Ermənistanın hərbi-sənaye kompleksi bir neçə yüz milyon dollarlıq sifarişə malikdir. Təbii ki, biz hərbi sənaye kompleksinə sərmayə qoymağa davam edəcəyik” –deyə o, vurğulayıb.

Paşinyan 44 günlük müharibədə fərarilərinin çoxluğu ilə yadda qalan Ermənistan ordusunu ölkəsinin müstəqilliyinin təminatçısı hesab etdiyini açıqlayıb.

O, paralel olaraq təhlükəsizlik baxımından daha iki amilinin - xarici əlaqələr və hərbi əməliyyatlarla bağlı həyata keçirilən siyasətin beynəlxalq hüquq baxımından legitimliyinin vacib olduğunu deyib.

Paşinyan sovet hakimiyyəti tərəfindən Ermənistana verilmiş Azərbaycan torpaqlarını geri qaytarmaq istəmədiklərini, qorumağa çalışacaqlarını da bəyan edib: “Ermənistan özünü beynəlxalq ictimaiyyət tərəfindən tanındığı əraziləri qorumalıdır. Bu, Ermənistanın suveren ərazisi ilə eyni olan Ermənistan SSR ərazisidir. Biz aydın və birmənalı şəkildə bildirməliyik ki, bizim heç bir başqa əraziyə dair heç bir ambisiyamız yoxdur və olmayacaq və bu, Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsi üçün strateji əsasa çevrilməlidir”.

Paşinyanın bu bəyanatı bir daha onun revanşist iddialardan əl çəkmədiyini, Fransa, Hindistan, İran kimi tərəfdaşları vasitəsi ilə ordusunu gücləndirməyə çalışdığını göstərir. Amma bir məqam unudulur ki, ən müasir silahlar güclü ordu sistemi üçün əsas amil deyil. Silahların arxasında peşəkar, vətənpərvər hərbçilər dayanmasa, dövlətin təhlükəsizliyinin etibarlı qorunmasından danışmağa dəyməz.

Ermənistan ordusu isə əsasən fərarilərdən ibarətdir. Buna görə də 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğraması, daha sonra daxildə gedən proseslər Ermənistanın hələ uzun illər güclü ordu xəyalı ilə yaşayacağını göstərir.

Rasim Əliyev

“AzPolitika.info”