Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2018-ci ilin sentyabrında imzaladığı fərmana dəyişiklik edib. Dəyişikliyə əsasən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə yaradılmış İşçi Qrupuna rəhbər təyin edilib. İndiyə qədər İşçi Qrupuna Milli Məclis sədrinin keçmiş müavini Valeh Ələsgərov rəhbərlik edirdi. 

V.Ələsgərov İşçi Qrupunda üzv kimi qalmaqdadır. İşçi Qrupunun tərkibindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, “Azərsu” ASC-nin sədri və iqtisadiyyat nazirinin müavini çıxarılıb, əvəzində Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti, Salyan Rayon İcra Hakimiyyətinin başçısı, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri daxil edilib.

İşçi qrupunun digər üzvləri isə maliyyə nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri, “Azərenerji” ASC-nin prezidenti, “Azərişıq” ASC-nin sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorudur.

Bununla da Ələt azad iqtisadi zonasının İşçi Qrupunun üzvlərinin sayı 14-dən 18-ə çatdırılıb. “Yeni Müsavat”-ın məlumatına görə, bu dəyişiklik V.Əsgərovun tezliklə İdarə Heyətinin sədrliyindən uzaqlaşdırılacağı haqda iddialara səbəb olub. 1944-cü ildə anadan olan V.Ələsgərovun artıq 77 yaşı var. Bu isə o deməkdir ki, seçkidən sonra V.Ələsgərov da yola salınır və bu dəyişiklik də onun anonsudur.

O da da qeyd edilir ki, Ələt AİZ-in yaradılmasının təşəbbüskarları hakimiyyət pillələrində yenicə irəliləməyə başlayan bir qrup gənc kadr olub. Onların aktiv iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin azad iqtisadi zonaların yaradılması sahəsində çox böyük və uğurlu təcrübəsi olan "DP World" şirkəti prosesə cəlb edilib. Qısa müddət ərzində Dubayın yaradıcısı olan şirkət Ələtdəki azad iqtisadi zonaya dair konsepsiyanı, qanunvericilik bazasını hazırlayıb. Həmin vaxtlar açıqlanan məlumatlarda zonanın idarəetməsinin də BƏƏ şirkətində olacağı bildirilirdi. Lakin konsepsiya və qanun qəbul olunduqdan sonra "DP World" prosesdən tam kənarlaşdırıldı.

2020-ci ilin mayında imzalanan “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmana əsasən, Ələt azad iqtisadi zonası (azad zona) və azad zonanın səlahiyyətli qurumu yaradılıb. Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.

Ələt Azad İqtisadi Zonasının açılış mərasimi olub

Adının çəkilməsini istəməyən ekspert isə bildirib ki, V.Ələsgərov bacarıqlı mütəxəssis olsa da, kifayət qədər yaşlandığı üçün gənc kadrla əvəzlənəcəyi gözləniləndir:  “Mən xatırlayıram, V.Ələsgərov Azərbaycanın ilk neft-qaz müqavilələrinin hazırlanmasında aktiv iştirak edirdi. Hasilatın pay bölgüsü sazişlərinin ayrıca qanun halında qəbulunda onun mühüm rolu olub. Yəni mahiyyətinə görə eyni tipli qanunla işləyəcək Ələt AİZ-in səlahiyyətli qurumuna onun rəhbər təyin olunması təsadüfi seçim deyil. Mənə görə, AİZ haqqında qanunvericiliyin hazırlanmasında da V.Ələsgərovun iştirakı kifayət qədər əsaslı rol oynayıb. Lakin düşünürəm ki, artıq V.Ələsgərov kifayət qədər yaşlanıb və son dərəcə aktiv iştirakçılıq tələb edən AİZ rəhbərliyi onun üçün öhdəsindən gəlinməyəcək bir işə çevrilib. Azərbaycan hökuməti yeni layihələrdə çevikliyə, müasir texnologiyalara əsaslanan idarəetmə siyasəti yürütməyə çalışır. Kadr seçimlərində bu tələblər nəzərə alınır mümkün qədər. Bu baxımdan, V.Ələsgərovun gənc və aktiv iş imkanlarına malik kadrla əvəz olunması gözləniləndir. Mənə elə gəlir ki, Valeh müəllim özü də bu dəyişikliyi gözləyir”.