Yanvarın 29-da Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilə görüşüb. Onların arasında Ukraynanın bu il nə qədər hərbi personalı səfərbər etməsinə ehtiyac olduğu ilə bağlı fikir ayrılığı yaranıb.
“AzPolitika.info” xəbər verir ki, “The Washington Post” belə bir iddia ilə çıxış edib. Bu mövzuyla bağlı yazıda qeyd olunur ki, Zalujni təxminən 500 min insanın səfərbər edilməsini təklif edib. Lakin Zelenski uniforma, silah və təlim obyektlərinin çatışmazlığı, eləcə də səfərbərliklə bağlı digər potensial problemləri nəzərə alaraq, bu rəqəmi qeyri-mümkün hesab edib.
Eyni zamanda, Prezident bildirib ki, Ukraynanın bu qədər səfərbər edilmiş ukraynalıya ödəniş etmək üçün kifayət qədər maliyyə vəsaiti yoxdur.
Öz növbəsində Zalujnı cavab verib ki, Ukrayna yaşanan itkilər səbəbindən kifayət qədər gücə malik deyil. Həmçinin, Moskvanın 400 min əsgəri səfərbər etmək planını nəzərə almaq və buna qarşı cavab tədbiri görmək lazımdır.
Nəşr yazır ki, Zelenski Zalujnıya ukraynalıların müharibədən yorulduğunu, Ukraynaya beynəlxalq dəstəyin səngidiyini, ona görə də təyin olunacaq yeni Baş Komandanın vəziyyəti “canlandıra” biləcəyini deyib.
Qəzet həmçinin iddia edir ki, Zalujnının özünün və onun yüksək rütbəli əməkdaşlarının işdən çıxarılması gözlənilir.
“AzPolitika.info”


Şərhlər