(Prezidentliyə namizəd Zahid Orucun 8-ci çıxışı)

Əziz həmvətənlər,

Əgər 7 fevraldan sonrakı Azərbaycanı necə görmək istədiyimizi soruşsaydınız, onu bir cümlə ilə belə deyərdik: Sülh planımız, barış gündəliyimiz müharibə qərarımız kimi hərtərəfli, bənzərsiz və qalibiyyətli olmalıdır! Biz silahlı savaş kimi, silahsız, sülh müharibəsini də qazanmalıyıq!

2003-cü ildə Robert Köçaryan Strasburqda “azərbaycanlılar və ermənilər etnik və genetik cəhətdən bir yerdə yaşaya bilməzlər” deyəndə əsrlərlə vuruşan almanlar və fransızlar, ingilislər və italyanlar o irqçi bəyanatı pisləmədilər. Bizsə Vətən müharibəsində Qələbədən sonra deyirik: Əbəbədi düşmənçilik davam edərsə, köçaryanlar haqlı çıxar. Ona yol vermək olmaz!

Məgər bu iki xalq arasında birgəyaşayış nümunələri tarixdə heç olmayıbmı? Obyektiv cavab versək, əlbəttə olub! Bir neçə misal: 1918-ci ildə Azərbaycan parlamentində təmsil olunan 9 ermənidən biri Arşak Malxazyan “türk millətinə və Azərbaycanda yaşayan xalqlara xidmət üçün parlamentə gəldik”, deyir. O vaxt eynilə, Ermənistan hakimiyyətində də azərbaycanlılar quruculuğa əvəzsiz töhfələr verirdilər.

İndi Nərimanova hücumlar edənlər unudur ki, o, Qarabağ və Naxçıvanı qoruyandan sonra da bütün Zaqafqaziyada, o cümlədən ermənilər arasında böyük nüfuz sahibiydi. Onunla hesablaşırdılar.

Böyük Vətən Müharibəsi illərində erməni milli diviziyalarında azərbaycanlılar da döyüşürdü və çoxlu medallarla yanaşı, “Sovet İttifaqı Qəhrəmanı” adını alan soydaşımız da var. Halbuki, yalnız Azərbaycandan gedən baqramyanları, babacanyanları, isakovları qabardırlar.

Başqa bir fakt: Erməni kinoşünaslığını yaradan Sabir Rzayev adlı çoxlarının tanımadığı azərbaycanlıdır. O, bir neçə erməni filminin müəllifidir.

Dünya şöhrətli Müslüm Maqomayevin bir çox mahnılarının bəstəkarı Arno Babacanyandır.

70 il sovet Ermənistanını qurub-yaradan soydaşlarımız bütün hakimiyyət oqranlarında təmsil olunurdular. Respublikamızda 1989-cu ildə 61 erməni yüksək vəzifə tuturdu. O cümlədən, iqtisadi əlaqələr də çox geniş idi. Dünya miqyaslı alim Çapay Sultanov göstərir ki, 1987-ci ildə münaqişə yenicə başlayanda Azərbaycan Ermənistana 388 min ton benzin, 375 min ton dizel, 1.8 milyon ton mazut, kimya və metallurgiya məhsulları ixrac edirdi. Özü də SSRİ Plan Komitəsinin qərarına görə, demək olar, müftə. Halbuki, indiki qiymətlə 3 milyard dollardan çox edir.

Bu faktları çox davam etdirə bilərik. Lakin məni ən çox düşündürən sual odur ki, Rusiya çeçen xalqı ilə 300 illik savaşdan sonra necə etdi ki, indi Ukraynada onun ordusunun önündə gedən batalyonları çeçenlərdir? Əsrlərlə qarşı səngərdə olanlar indi çiyin-çiyinədirlər.

Əlbəttə, 30 illik məhrumiyyətləri, şəhidlərimizin tökülən qanının baiskarlarını heç vaxt unuda bilmərik, ermənilər də bizim üçün əllərinə silah alıb savaşmağa hazır deyillər. Hərçənd rus Solntsev, yəhudi Aqarunov və digər xalqların nümayəndələri Azərbaycan uğrunda vuruşublar.

Paşinyana hərbi məğlubiyyətdən sonra səs verən 54 faiz əhali - 700 minə yaxın insanın hamısı sülh və birgəyaşayışı qəbul edənlərdir. Deməli, ermənilərin ən azı yarısı Njdenin ideolojisinin yanında deyil. “Bir günüm də türklərlə mübarizəsiz olmasın” deyən faşist təfəkkürü artıq məğlub olur.

Böyük Üzeyirdən bir sitat gətirmək istəyirəm. Mədəniyyətimizin və mübarizəmizin uvertularının banisi bütün qafqazlılara müraciət edir, milli və dini ayrılığı bir ittifaqda yaşamağa maneə saymır, əsərlərində sülhə çağırır. Xalqımız da barışın tərəfdarıdır. Respondentlərin 85 faizi sorğularda sülhü müdafiə edir.

Biz Beynəlxalq Sülh Konfransının çağırılmasını təklif edirik. Bütün dövlətləri dəvət etməliyik. Qoy kimlərsə gəlməsin. Onların qarşısında bəyan edəcəyik ki, regiona sülh gətirəcək hansı böyük layihələrimiz var. Bütün erməni yazıçılarını, elm adamlarını, partiyaları və qeyri-hökumət təşkilatlarını azərbaycanlılarla dialoq platformalarına çağırmalyıq. Əbədi qırğın vəziyyəti artıq yetər.

Biz onlara deyirik: Müharibədən yox, sülhdən qazanın!

Barışın alternativi yoxdur. O üzdən, “düşmən olma, qonşu ol” şüarını bir daha təkrar edirik.

Nəhayət, Ermənistan Konstitusiyasını dəyişir. Bu, mütərəqqi hadisədir. Biz bütün hüquq sistemində və dərsliklərdə qarşılıqlı olaraq, eyni addımı atmağı və nifrət nitqlərinə son qoymağı vacib sayırıq.

Bizim yapon xalqından, yaxud almanlardan misal gətirdiyimiz dövr sona çatır. İndi serblər, gürcülər, moldovanlar və dünyada ədalət istəyən bütün xalqlar bizi nümunə göstərir.

Mən istərdim ki, 21-ci əsrdə tək qalib xalqın nümunəsindən danışsınlar -desinlər ki, Qarabağ Zəfərini qazananlar indi dünyaya “Azərbaycan möcüzəsi”ni təqdim edir. Bütün sahələrdə uğurlu nümunələri yaratdıqca, hamı görəcək ki, sülhün alternativi yoxdur. Biz milli gündəliymizə, nəhayət, qayıtmalıyıq.

Silahsız müharibəmiz də xalqımıza qələbə gətirməlidir.

Haqlı olaraq öyünürük ki, Cənubi Qafqazın iqtisadiyyatının dörddə üçü ölkəmizdədir. Elə isə, azərbaycanlılar erməni və gürcülərdən 75 faiz yaxşı yaşamağı arzu edir.

Bizim məhkəmələrin 1 milyon 200 min qərarı öz növbəsini gözləyir. Özəl məhkəmə qərarları icra idarələrini sürətlə yaratmalıyıq ki, dövlət adından çıxarılan qərarlar həyata keçirilsin. Vətəndaş ədalətin təmin olunmasını istəyir.

Almaniya səhiyyəsinin rəsmi məlumatına görə, 1900-ə yaxın azərbaycanlı orada çalışır. Bu o deməkdir ki, yetişdirdiyimiz kadrlar faydanı o ölkələrə verir, minlərlə vətəndaşımız öz sağlamlığı üçün xarici ölkərə üz tutur. Biz həkimlərimizin də qayıdışı üçün 44 günlük proqramlar tərtib etməliyik.

Xətai rayonunda görüş zamanı 70 nəfərdən yalnız 4-ü sığorta hüququndan istifadə etdiyini söylədi. Halbuki, dövlət büdcəsindən onların sağlamlığı üçün 2.8 milyard manat vəsait ayrılıb. Biz bu məsələni də həll etməliyik.

Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 437,8 milyon manat təşkil edib. Bu, iş adamları və fiziki şəxslərin ən ağrılı yeridir. Nəhayət, kredit borclarının sıfırlanması üçün hökumətin yeni addımlarına ehtiyac var.

Bizim sığorta bazarımızın həcmi yenicə 1 milyard manata çatıb. Əmlak, kənd təsərrüfatı və digər sahələrdə vətəndaş bütün problemlərin çözümünü dövlətdə axtarır. Halbuki, sığorta bazarının inkişafı üçün biz təklif edirik ki, bütün özəl şirkətlərin təmsil olunduğu asossiasiyanın illik hesabatları qəbul edilsin və hər il yeni fəaliyyət proqramları qəbul olunsun.

Biz dövlət qulluqçularını qorumaq üçün sərt tədbirlər görməliyik. Müxtəlif nazirlik və komitələrdə prosesin tez-tez dəyişməsini görəndə, hərdən az qala çağırış etmək istəyirik: İslahatları dayandırın! Struktur və kadr siyasətinin məqsədi effektiv idarəçiliyi təmin etmək və vətəndaşı razı salmaqdır. Halbuki, hər gələn qurum rəhbəri “mənim komandam” prinsipini tətbiq edir. 310 milyonluq Amerikada prezidentlər dəyişəndə cəmi 3200 məmur əvəzlənir, bürokratik sistem qorunur. Bu dövlətçilik ənənəsi və varislik deməkdir. Bax, onda kadrların toxunulmazlığına şərait yaranır, təşəbbüskarlıq və faydalılıq inkişaf edir.

Son 30 ildə Konrad Adenauerdən də yaxşı strategiyanı izlədik - ardıcıl humanitar forumlar, mədəniyyətlərarası dialoqlar və dünyəvi iqtisadi, enerji layihələri və ən nəhayət, müasir ordu, mərkəzi dövlət və xalqın vəhdətinin yalnız bir məqsədi vardı - Torpaq! İndi bizim qarşımızda İrəvan və Bakını birləşdirmək dayanır - lakin dinc yolla, tank və toplarla deyil, kommunikasiyaları açmaq və ticarət kanallarını bərpa etməklə. Onda bizi düşmən edib qazananları da məğlub edəcəyik.

Burada demokratiyaya toxunuldu, biz yaxşı xatırlayırıq, 90-cı illərdə beynəlxalq hesabatlarda irəlilədikcə, ərazilərimizi itirməkdə davam edir, geriyə gedirdik və bizi həmin titullu dövlətlər müdafiə etmirdi. Ona görə də öz dövlət modelini bizi sırımağa çalışan dövlətlər, Amerikanın üsul-idarəsini gətirib Ukraynada və ya Gürcüstanda tətbiq edənlər, ölkəmizi Brüsseldən idarə etməyə çalışanların demokratiyası yalnız təhlükə vəd edir.

Bizim dövlət kursumuz: Mənim millətimin gözü başqa dövlətlərdə olmasın!

Kiçiklik və natamamlıq kompleksindən çıxsın, “balaca ölkəyik” duygusu bizi tərk etsin.

Əsrin əvvələrində böyük Cəfər Cabbarlı yazırdı ki, atan kazaklardır. İndi bizə siyasi güllələri cinayətkar okampolar, eva kaylinlər, natali luazolar, şvabelər atır. Nobelli Qorbaçovu indi qərbli həmkarları əvəz edir, lakin sonda iflasa uğrayacaqlar.

İndi İrəvanın gündəliyi Bakıda müəyyənləşir. Faktdır ki, ermənilər ölkəmizin addımları ilə sinxron hərəkət edirlər. 30 il gələn xarici nümayəndə heyətlərindən qovluqlarında indi hansı sənədləri gətirdiklərini gözləmirik.

“Azərbaycan möcüzəsi”ni - Azərbaycan insanı yaradacaqdır!

Gəlin unutmayaq, bütün millətimiz xüsusi təyinatlıdır - birgə gələcəyimizi qurmaq, qalibiyyətimizi davam etdirmək və qalıcı sülhü qurmaq hamımızdan asılıdır. Burada məğlub olan yoxdur!

Bir daha şüarımızı səsləndiririk:“Qalib Gələcəyə “hə” deyək!

7 fevralı 8 noyabrın davamına çevirmək bütün şəhidlərimizin ruhunu şad etməkdir!

Gəlin, onları sevindirək!