Menu

“XİN, Moskvadakı səfirlik Zaxarovaya xatırlatmaldır ki...” – POLİTOLOQ

02.02.2024, 00:01
“XİN, Moskvadakı səfirlik Zaxarovaya xatırlatmaldır ki...” – POLİTOLOQ

“Rusiya rəsmilərinin Nikol Paşinyandan xoşları gəlməsə də, onlar əvvəlkitək Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoymaq ənənəsindən qurtulmaq istəmirlər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı təxribatçı suala verdiyi təxribatçı cavab bu siyasətin tərkib hissəsidir”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu M.Zaxarovanın açıqlamasını şərh edərkən deyib.

“Biz dedik ki, Rusiya niyə Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulmasına etiraz etmir, axı o Hitler Almaniyasının əmrlərini yerinə yetirib? Rusiya rəsmiləri bir-iki kəlmə narazılıq etməklə işlərini bitmiş hesab etdilər, Njdenin heykəli İrəvanda yerindədir. Ermənilər əks-həmlə ilə Mariya Zaxarovadan bu dəfə Məhəmməd Əmin Rəsulzadə əleyhinə açıqlama almaq istədilər, o da dedi ki, “biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq”, -ekspert vurğulayıb.

Politoloq sual edir: “Birincisi, hansı qiymətləndirmədən söhbət gedir? İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyimiz Mariya Zaxarovaya xatırlatmalıdır ki, Məhəmməd Əmin Rəsulzadə ilə Njde arasında paralellər aparmaq, yumşaq desək, yanlışdır, tarixi bilgisizlikdir, ikinci faşistlərin əlaltısı olub, onların əmrlərini yerinə yetirərək qətllər törədib, Azərbaycan Cumhuriyyətinin qurucusu isə İkinci Dünya müharibəsində azərbaycanlıları əsirlikdən xilas etmək üçün çalışıb və inadkarlığına görə müharibənin gedişində onun Berlinə girişinə qadağa qoyulub”.

E.Şahinoğlu hesab edir ki, bunu Mariya Zaxarovaya xatırlatmaq lazımdır ki, gələn dəfə Rəsulzadə və digər öndərlərimiz haqqında danışanda qeyri-dəqiq ifadələrə yol verməsin.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Ruslan 2024-02-02 11:53:28

bu politoloqa adamın yazığı gəlir.bəlkə o nəsə bilir.Amma danıışa bilmir.Rusiyada Azərbaycan səfirliyinin fəaliyyəti yarım müğənni Polada hansı ağılla tapşırılıb.Bu onu təsdiq etmirmi ki_boş və mənasızişdir.

Mubariz 2024-02-02 11:36:44

Sizcə buna bizimkilərin cəsarəti çatar ? Çünki onlar ,deputatlar rusun icazəsi ilə oralarda oturub ,ölkədə bir iki tarixçi ,jurnalist bu məsələni qabartdı qalanlar yuxarıdan əmr gözlədi ,əmrdə gəlmədi susdular

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol