“BU TARİX MƏNİM YADDAŞIMDA ŞƏR-BÖHTAN GÜNÜ KİMİ QALDI...” – “Şərəfli ömrün anları” (VİDEO)

Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri Məmməd Abbasov öz həyatından bəhs edən “Ömrün şərəfli anları” adlı sənədli filmi “AzPolitika.info”-ya təqdim edib. Film 10 il əvvəl çəkilsə də, indiyədək ictimailəşdirilməyib.

M.Abbasov uzun illər Naxçıvanda yüksək vəzifələrdə çalışıb. 2013-cü ildə Baş nazirin müavini-kənd təsərrüfatı naziri vəzifəsindən şərlənərək uzaqlaşdırılıb. Bunun sadə bir səbəbi var idi: O vaxtkı MR rəhbərliyi M.Abbasovun xalq arasındakı nüfuzundan çəkinirdi. Vəzifədən uzaqlaşdıra bilsələr də, MR əhalisi arasında böyük nüfuz sahibi olan M.Abbasovu ləkələmək və xalqın gözündən salmaq mümkün olmadı...

M.Abbasovun “AzPolitika.info”-ya təqdim etdiyi videomaterialı və qeydlərini təqdim edirik:

“04 fevral 2013-cü il. Bu tarix mənim yaddaşımda və həyatımda “şər-böhtan günü” kimi qalacaq. Həmin gün mənə şər ataraq, məzuniyyətdə olduğum ilk gündə tutduğum vəzifədən azad etdilər.

Bu barədə mən keçən il, hadisənin 10 illiyində “AzPolitika.info”da və şəxsi “Facebook” səhifəmdə geniş yazı ilə çıxış etdim. Belə bir deyim var: “Hər şərdə bir xeyir var”. Təqaüddə olduğum son 11 il həyatımın yeni və maraqlı dövrü kimi yadda qalacaqdır. Bu dövrdə yeni-yeni maraqlı insanlarla tanış oldum. Ölkəmizin əksər rayonları ilə tanış oldum, bir sıra xarici ölkələri ziyarət etdim, sağlamlığıma diqqət ayırdım. Bakı şəhərinin ictimai-mədəni həyatında iştirak etdim. Son 7 ildir ki, sosial şəbəkə hesabım vasitəsilə müxtəlif mövzularda siyasi-iqtisadi təkliflərlə çıxış edib, dostlarla öz təəssüratlarımı bölüşürəm.

Bu dövrün maraqlı cəhətlərindən biri də o oldu ki, Azərbaycanın əməkdar jurnalisti, “Space” telekanalının əməkdaşı Rasim İsmayılovun rəhbərliyi ilə iki sənədli film ərsəyə gəldi. “Torpaq islahatı: Naxçıvan təcrübəsi” və bioqrafik “Ömrün şərəfli anları” filmləri. Torpaq islahatı haqqında film artıq ictimailəşib. İkinci sənədli film isə 10 il idi ki, şəxsi arxivdə saxlanılırdı. Keçən il “Qanun” nəşriyyatında “Facebook”da və mətbuatda dərc olunan yazılar toplusundan ibarət “Unudulmaz günlər, yaşanan xatirələr” adlı bir kitab da dərc olundu. Əlbəttə, film və kitab deyəndə “böyük” səslənir, mən isə sıradan bir şəxsəm. Amma bütün bunlar yaxın dostlar, ailəm və nəvələrim üçün bir xatirə, yadigar olaraq qala bilər.

Digər tərəfdən təqdim olunan xronikalarda cərəyan edən hadisələr Muxtar Respublikanı və ümumilikdə ölkəmizi əhatə etdiyindən bir çox insanların da diqqətini çəkə bilər. Fürsətdən istifadə edib, filmlərin və kitabın hazırlanmasında zəhməti olan yaradıcı insanlara öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Filmin sonunda dilə gətirdiyim azularım isə artıq çin olmuşdur: Torpaqlarımız azad olunub, şər-böhtançılar da ifşa olunub...

Bu film Muxtar Respublikamızın yaradılmasının 100 illiyi yubileyinə bir kiçik töhfə olaraq təqdim olunur. Filmin ictimailəşməsinə şərait yaradan “AzPolitika.info” saytının kollektivinə və şəxsən Baş redaktor Elnur Məhərrəmliyə öz təşəkkürümü bildirirəm.

İzləyib, rəylərinizi bildirsəniz, yaxşı olar...”

635x100

Şərhlər

Eli 2024-02-05 00:59:40

Roma bey fikrinizde heqiqet. var.Ancaq dahi rehberler hemişe tabeçiliyinde olan rehber işçilerin savadlı ve vetenperver,namyslu insanlar olmasına çalışıb Memmed müellimin qiymetini Ulu Önder vermişdi teessüf ki sonrakı rehberlik onu kayiqince qiymetlendire bilmedi ve bu işde hem mzü hem de müxtar respublika uduzdu.

Roma 2024-02-04 13:52:06

Hörmətli Məmməd müəllim, mən Sizi qiyabi tanıyıram və necə deyərlər şəxsiyyətinizə böyük hörmətim var. Məncə Siz Vasif Talıbovun yerinə Naxçıvana rəhbərlik etmiş olsaydınız, indi Naxçıvanın demək olar ki, heç bir problemi olmazdı. Sizinlə tam razıyam, belə ki, adətən hər hansı bir rəhbər tabeliyindəki, savadlı, dünyagörüşlü bir mütəxəssisi yanında görmək istəmir...

Son yazılar