Menu

Putinlə Şimali Koreya diktatoru arasında məxfi anlaşma – KXDR-ın sanksiya altında olan pulları...

06.02.2024, 18:06
Putinlə Şimali Koreya diktatoru arasında məxfi anlaşma – KXDR-ın sanksiya altında olan pulları...

Rusiya silah-sursat müqabilində Şimali Koreyaya (KXDR) qlobal maliyyə sisteminə çıxış əldə etməyə icazə verib, həmçinin bu ölkənin BMT-nin sanksiyalarına məruz qalan bəzi aktivlərini blokdan çıxarıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The New York Times” ABŞ-ın müttəfiqlərinin kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya hakimiyyəti maliyyə institutlarından birinə Rusiya banklarında dondurulmuş təxminən 30 milyon dolların doqquz milyonunu blokdan çıxarmağa icazə verib. Ehtimal ki, KXDR bu pulu neftin alınmasına xərcləyəcək. Bundan əlavə, mənbələr bildirir ki, Moskva Pxenyana qismən tanınan Cənubi Osetiya ərazisində bank hesabı açmağa icazə verib. Gürcüstan və Qərb ölkələri bu ərazinin Rusiya tərəfindən işğal olunduğunu bəyan edir.

Ekspertlər hesab edirlər ki, Rusiya KXDR-ə sanksiyalardan yan keçməyə kömək edərkən ehtiyatlı davranacaq. BMT-dən şikayətlər olarsa, Rusiya tərəfi iddia edə bilər ki, aktivlər özəl bank tərəfindən blokdan çıxarılıb və hakimiyyətin bununla heç bir əlaqəsi yoxdur.

“The New York Times” yazır ki, Amerika rəsmiləri Moskvanın Pxenyanla razılaşmalarının təfərrüatlarını bilmirlər. Bununla belə, onlar qeyd ediblər ki, bu maliyyə əməliyyatları ABŞ-ın Şimali Koreyanın silah tədarükü müqabilində Rusiyadan nə tələb edə biləcəyi ilə bağlı gözləntilərinə uyğundur.

2023-cü ilin oktyabrında Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi Şimali Koreyanın Rusiyaya silah-sursat göndərdiyini bildirib. Ağ Ev KXDR-dəki anbardan döyüş sursatı göndərildiyini əks etdirən foto yayımlayıb. Silahlar Rusiya bayraqlı gəmiyə yüklənərək Rusiyanın cənub-qərb sərhədindəki anbara göndərilib. Vaşinqtonun məlumatına görə, çatdırılma sentyabrın 7-dən oktyabrın 1-dək həyata keçirilib.

Cənubi Koreya kəşfiyyatı KXDR-in üç ay ərzində Rusiyaya bir milyon artilleriya mərmisi göndərdiyini bildirib.

Yanvar ayında Kirbi bildirib ki, Şimali Koreya bu yaxınlarda Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə üçün taktiki raket sistemləri və ballistik raketlər verib. Ağ Ev sözçüsü deyib ki, Rusiya dekabrın 30-da və yanvarın 2-də Ukraynaya qarşı endirilən kütləvi zərbələr zamanı artıq Şimali Koreya raketlərindən istifadə edib.

BMT Təhlükəsizlik Şurasının yeddi üzvü Rusiyanı Pxenyanla hərbi-texniki əməkdaşlığa qoyulan embarqonu pozmaqda ittiham edib.

2022-ci ildə Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermə zamanı ABŞ-ın Şimali Koreyaya ballistik raket buraxılışlarını bərpa etdiyinə görə əlavə sanksiyalar tətbiq etmək təklifinə veto qoyub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə demişdi ki, Rusiya KXDR-ə qarşı yeni sanksiyaları qəbul etməyəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol