Noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən proses müzakirələrlə başladı. Ə.Sultanov proses iştirakçılarından ABU-nun sabiq rektoru Elşad Abdullayevin çəkib yaydığı videolara baxılmasına ehtiyac olub-olmadığını soruşdu. G.Əhmədovanın “videoların əsli varsa, baxaq” replikasına hakim “əlimizdə olan variantlara baxa bilərik”, dedi. Prokuror, G.Əhmədova və sonuncunun vəkili Əfsər Talıbov bu baxışa ehtiyac olmadığını bildirdi.

ƏFSƏR TALIBOV: “PUL ALAN ADAM 4 SAAT YARIM SÖYÜŞƏR HEÇ?”

Daha sonra Ə.Talıbov vəsatətlə çıxış edərək videoçəkilişlərlə bağlı daha öncə elan edilən ekspertiza rəyinə münasibət bildirdi. Onun sözlərinə görə, E.Abdullayev İ.Qutqaşınlı 9 ünvanında yerləşən ofisdən qanunsuz istifadə edib və çəkilişləri qanunsuz aparıb: “O ofis Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədova məxsusdur. Məhkəmə zamanı Hüseyn Əhmədovdan Elşad Abdullayevin həmin ofisdə hansı fəaliyyətlə məşğul olduğu soruşulanda o da “hüquq fəaliyyəti ilə” cavabını verib. “Era” adlı hüquq firmasının orda fəaliyyət göstərdiyi bildirilsə də, əslində həmin firma Elşad Abdullayevin sürücüsü Şamil Hüseynovun adına sənədləşdirilib. Bundan başqa, o ofisin heç bir yerində müşahidə kamerası yerləşdirilməyib. Ancaq bir otaqda kamera olub”.

Ə.Talıbovun sözlərinə görə, E.Abdullayev sözügedən ofisdə müxtəlif insanları şantaj etmək üçün gizli çəkiliş aparıb. Vəkil dedi ki, müşahidə kamerası ilə səs və görüntü yazmaq qanunla qadağandır. Çünki bunun üçün xüsusi icazə alınmalıdır: “Ofislərində gizli kameranın olmasını Elşad Abdullayev özü də etiraf edib. Dəfələrlə media orqanlarına müsahibəsində deyib ki, əlində 50-ə yaxın gizli videoçəkiliş var. Bundan başqa, yayılan və istintaq orqanlarına verilən video əsli yox, surətidir. Heç bir qurum surəti hüquqi sənəd kimi qəbul etmir”.

Vəkil həmçinin videolarla bağlı ekspertiza rəyində də ziddiyyətlər olduğunu bildirdi. Ə.Talıbovun sözlərinə görə, rəyin bir yerində sinxronluğun pozulduğu, digər yerində isə pozulmadığı yazılıb: “Əgər videonun birinci hissəsində sinxronluq pozulub, o biri hissəsində isə pozulmayıbsa, bu, onu göstərir ki, videonun üzərində işlənib. Ekspert göstərir ki, akustik fon dəyişib, keçid səsi olub. Bundan başqa, videonun nə zaman çəkildiyi də ekspertiza tərəfindən dəqiqləşdirilməyib. Elşad Abdullayevin sözçüsü Elnur Məcidli dəfələrlə mətbuata deyib ki, videolar üzərində tamamlama işləri gedir. Bu, o deməkdir ki, videonun üzərində işləyirlər. O, hər zaman deyir ki, əlində Gülər Əhmədova ilə bağlı 5 saatlıq video görüntülər var, amma cəmi yarım saatını yayımlayıb. Bəs 4 saat yarımlıq videogörüntülər hardadır? Azad Mürsəliyev hər dəfə mətbuata müsahibəsində deyir ki, onlar videodakı söyüş hissələrini kəsiblər. Hansı pul alan adam söyüşür? Əgər ortada bunların iddia etdiyi kimi alver var idisə, alver edən adamlar 4 -5 saat söyüşərdilər? İnsan pul alanda adətən dilini şirin edir, söyüşmür”.

Vəkil videonun tam versiyasının istintaqa təhvil verilmədiyini dedi. Onun sözlərinə görə, E.Abdullayev qanunu pozaraq, Gülər Əhmədova haqqında yalan məlumat verdiyi, KİV-lərdə şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onun əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir: “Bundan başqa, qanunsuz görüntü əldə etdiyi üçün həmin məsələyə də hüquqi qiymət verilsin. Xahiş edirəm, ekspert məhkəməyə dəvət olunsun və ziddiyyətli məlumatlar araşdırılsın”.

“BAKIDAKI GÜLƏR ƏHMƏDOVALARDAN BİRİNİ SALIN İÇƏRİ, MƏNİ BURAXIN”

 

Daha sonra Gülər Əhmədova çıxış etdi. Sabiq deputat xatırlatdı ki, ötən proseslərdən birində şahid kimi məhkəməyə qatılan Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyevdən xahişi olub: “Ona dedim ki, dayısına videoların tam versiyasını göndərməsini çatdırsın. Lakin o bu sözümü çatdırmadı. Çünki onlar o videonun əslini göndərə bilməzlər. Kopiya necə düzəlir? Baxın, adi misal. Bakıda Gülər Əhmədova adında 120-dən artıq adam var. Əsli ilə surətin heç bir fərqi yoxdursa, o 120 nəfərdən birini mənim yerimə salın içəri, mən çıxım. Surəti çıxarılmış sənədi heç bir qurum qəbul etmir. Uşağı məktəbə qoyanda, “JEK”ə sənəd verəndə mütləq əslini tələb edirlər. Hörmətli məhkəmə, siz əsli olmayan şeyi necə qəbul edirsiz? Videolar əsl deyil, ekspertiza da dolaşıq rəy verib. Deyir, montaj olunmayıb amma sinxron pozulub. Bir formatdan başqa formata köçürülüb. Montajın buynuzu olur? Mən əvvəldən demişəm, o videonu qəbul etmirəm. Kimin ixtiyarı var, prezidentin fərmanını, Konstitusiyanı pozmağa? Oyun oynayırlar və bu oyunun ucbatından mən 10 aydır içəridəyəm. Bu adam siyasi akrobatika ilə məşğuldur. Saxta videonu əsas götürüb, məni həbs ediblər, ekspertiza keçiriblər.

“BƏLİ, O VİDEODA SÖYÜŞ VAR, MƏN ONU İFŞA ETMİŞƏM”

 Dünyanın hansı yerində əsli olmayan video sübut kimi götürülür? Deyir, videoda söyüş var, ona görə yaymıram. Bəli, söyüş var. Mən onu orda ifşa etmişəm. Burda hamının 18 yaşı tamam olub. Qorxur ki, prokurorluğun tərbiyəsini pozar? Hansı sözə görə söyüldüyünü də desin qoy. Söydüyümə görə pul verib mənə? Mən buna məəttəl qalmışam - Elşad kimdir axı? O videonun əslini ortaya çıxara bilməz. Kişiliyi çatsa, bura gələrdi. Əslində nə var, o da bilir, mən də. Ölsəm də, batsam da, o videonu qəbul etməyəcəyəm. Rəydə də var ki, videoçəkilişin səviyyəsi ortadan da aşağıdır. Çünki o kasetin başına itin oyununu açıblar. Mən o videonu Fransaya, Rusiyaya da göndərəcəm, qoy görsünlər. Siz qəbul edirsiniz, özünüz bilərsiniz. Elşad bilir, orda kimin dalınca danışıb və nə cavabı alıb. Ona görə əslini göstərmir. Buna görə qadın xeylağını həbsdə saxlayarlar? Başdan-ayağa “girdirmə” işdir, bu, hansı qanuna sığır? Günahım nədir: bir şərəfsiz oturub orda, insanları şantaj edir. Cənab hakim, bir iclasınızın videosunu çəkib verin mənə. Görün onu necə montaj edib, sonra şantaj edirəm? Bu adam yeddi il kimi və nəyi gözləyib? 7 ildə bir dəfə niyə heç kimə deməyib? Qardaşımı bütün Azərbaycan tanıyır. Bir dəfə qardaşıma demisən? Bəlkə yoldaşıma, özümə demisən? Prokurorluğa, polisə demirsənsə, Milli Məclisə, evimə gəl də. Bir milyon pul verən adam 7 il gözləyər? Çünki sən də bilirdin ki, bu pulların hardadır. İstintaqa baxın – Sevinc Babayevanın “pakrışka” qaraldanını çağırırlar, ona zəng edəni çağırırlar, dindirirlər”.

Sabiq deputat bildirdi ki, daha öncəki açıqlamalarında baş prokuror Zakir Qaralov da E.Abdullayevin ölkəyə gətirilməli olduğunu deyib: “Biri ölüb, o biri də Fransada oturub. Bunu Allah götürməz. Mən onsuz da hər kəsi Allaha tapşırmışam”.

Dövlət ittihamçısı Eldar Həmzəyev isə bildirdi ki, videolarla bağlı vəsatət təmin oluna bilməz, çünki həmin məsələ ilə bağlı cinayət işinin başladılması istintaq orqanı tərəfindən rədd olunub. Prokuror həmçinin vurğuladı ki, ekspertiza ilə bağlı şübhə olmadığı üçün bu vəsatət də rədd olunmalıdır və ekspertin dindirilməsinə ehtiyac yoxdur: “Ekspertin gəldiyi nəticələri hansı ədəbiyyata, texnologiyaya əsaslandırıbsa, buna şübhə ilə yanaşılmasına ehtiyac yoxdur”.

Ə.Talıbov isə israr etdi ki, E.Abdullayev gizli çəkilişlə məşğul olduğunu deyərək, əslində öz cinayətini boynuna alıb: “Siz o videoçəkilişi sübut kimi qəbul edirsizsə, bəs Cinayət Məcəlləsi hara getdi? Gəlin onda Cinayət Məcəlləsini bağlayaq, öz işimizlə məşğul olaq da”.

Məhkəmə vəsatətləri rədd etdi.

“NƏ ELŞAD ABDULLAYEVDƏN, NƏ DƏ SEVİNC BABAYEVADAN SƏS NÜMUNƏLƏRİ GÖTÜRÜLÜB”

G.Əhmədova isə replika hüququndan istifadə edib ekspertizadakı artikulyasiya məsələsinə toxundu: “Əsas məsələ nədir? Adam videolarda hansı dildə danışır? Dodağım tərpənir, amma nə deyirəm? Ekspertizada artikulyasiya məsələsi qoyulmayıb. Hətta kəsiklər də vacibdir. Danışıram, amma səs gəlmir. Səs nümunələrinin götürülməsi də vacibdir. Nə Elşad Abdullayevdən, nə də Sevinc Babayevadan səs nümunələri götürülüb. Məndən isə səs nümunəsi götürüldü. Bunu ona görə deyirəm ki, bundan xəbəriniz olsun. Ekspertin rəyinə görə, guya mən orda şirnikləndirici vədlər verən səs tonu ilə danışmışam. Halbuki o biri rəydə bildirilir ki, sinxronluq pozulub”.

Bunun ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olundu. Fasilədən sonra prokurora çıxış üçün söz verildi.

PUL ALINMASI SÜBUT EDİLİB, SEVİNC BABAYEVANI HİMAYƏ EDİB, MALİYYƏLƏŞDİRİB...

Prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istədi.

Prokuror bildirdi ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməlidir.

Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.

Dövlət ittihamçısı bildirdi ki, təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir.

E.Həmzəyev G.Əhmədovanın səlahiyyətləri olmadığı halda, E.Abdullayevə 1 milyon ABŞ dolları (918.950 manat) müqabilində deputat seçiləcəyini vəd edib. Sabiq deputat həmçinin Sevinc Babayevanın ölkədən çıxarılmasına şərait yaradıb, onun Türkiyədə qeyri-leqal yaşamasını təmin edib, onun yaşamını maliyyələşdirib, həmin müddətdə skayp və telefonla danışıblar. Bundan başqa, prokuror G.Əhmədovanın Sevinc Babayevanın ailəsinə də 20 min dollar pul verdiyini xatırladaraq, onun bu ailəyə yardım etdiyini dedi.

Videogörüntülərlə bağlı danışan E.Həmzəyev dedi ki, videodakı səslərin saxtalaşdırılması mümkün deyil və istintaqla 1 milyon ABŞ dollarının G.Əhmədova tərəfindən alındığını sübut edilib.

 

ƏHMƏD ŞAHİDOV GÜLƏR ƏHMƏDOVAYA SKAYPDA  “BU AĞIR CİNAYƏTDİR” DEYİB

E.Həmzəyev digər sübutlardan da danışdı. Onun sözlərinə görə, videogörüntülər yayılandan sonra G.Əhmədova ilə onun köməkçisi olmuş Əhməd Şahidov arasında da skayp danışıqları olub. Sonuncu danışıqlar zamanı G.Əhmədovaya bu əməlin ağır cinayət olduğunu, ortada təkzibolunmaz faktlar olduğunu deyib.

İstintaqa və məhkəməyə ifadə verən şahidlərin S.Babayeva ilə sabiq deputat arasındakı münasibətləri təsdiqlədiyini bildirən prokuror S.Bababeyavanın onlardan bəzilərinə G.Əhmədovanın ondan pul aldığını, iş düzəlmədiyi halda o pulu qaytarmadığını bildirib.

SEVİNC BABAYEVANIN VƏ GÜLƏR ƏHMƏDOVANIN İLGİNC MESAJLARI

Prokuror dedi ki, türkiyəli iş adamı Səlcuq Ağlayanın 22 sentyabr 2012-ci ildə  Heydər Əliyev adına Hava Limanına gəldiyi gün oradakı kameraların qeydiyyatına düşüb və bu da sübutlar sırasındadır. Bundan başqa, G.Əhmədovanın S.Babayevanın bacısına göndərdiyi “Mənim anam iki dəfə əlimizdə qalmışdı. Biz yüz yerə pul göndərmişik. Xəsislik etməyin, adamınızı orda ləyaqətlə saxlayın. Bizim bildiklərimiz çoxdur, sizin də bildikləriniz var. Düşmənimiz güclüdür. Elşad Abdullayevlə birgə mübarizə aparırıq” mesajını da açıqladı.

Bundan başqa, S.Babayevanın da sağlığında G.Əhmədovaya “Bu da səninçün Elşad Abdullayevin işi deyil ki, atasan”, məzmunlu mesajı da elan edildi.

Çıxış etmək üçün söz G. Əhmədovanın vəkili Əfsər Talıbova verilib. Vəkil çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istədi.

Proses noyabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. (musavat.com)

 

***

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməlidir.

Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir.

Çıxış etmək üçün söz G. Əhmədovanın vəkili Əfsər Talıbova verilib. Vəkil çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.