Rusiyanın Ukraynada canlı qüvvə və hərbi texnika itkisi ağlasığmaz həddə çatsa da, Kreml müstəqil ölkəyə qarşı işğalçılıq müharibəsini dayandırmaq istəmir.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun “Hərbi Balans” hesabatı yayılıb. Hesabatda deyilir ki, Rusiya Ukraynadakı müharibə zamanı 3000-dən çox tank itirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatı bu statistikadan xeyli fərqlənir. Ukrayna tərəfinin fevralın 13-nə olan məlumata görə, Rusiya işğalçıları Ukraynada artıq 6424 tank itirib...
Bununla yanaşı, hesabatda qeyd olunur ki, kütləvi itkilərə baxmayaraq, Rusiya qoşunları ehtiyatda kifayət qədər tanka, zirehli maşınlara malikdir və nəticədə rus ordusu bu baxımdan potensial olaraq daha üç il ağır itkilərə tab gətirə bilər.
Eyni zamanda bildirilir ki, 2022-ci ilin fevralında işğal başlayandan bəri Ukrayna da əhəmiyyətli itkilərə məruz qalıb, lakin Qərbin hərbi təchizatı ona ehtiyatları saxlamağa imkan verib və onların keyfiyyətini artırıb.
Analitiklərin hesablamalarına görə, Rusiyanın köhnəlmiş T-55-dən tutmuş müasir T-80 və T-90-a qədər 1750 əsas döyüş tankı var. Daha 4000 tank isə anbardadır: "Moskva bəzən ayda 90 tanka çatan sürətlə köhnə tankları ehtiyatdan çıxararaq, keyfiyyəti kəmiyyətə çevirə bildi".
Mütəxəssislər qeyd edirlər ki, bu gedişlə 2024-cü il də hərbi əməliyyatların dalana dirəndiyi il kimi tarixə düşə bilər...
“AzPolitika.info”


Şərhlər