Menu

Putinə yaxın oliqarxın oğlunun müəmmalı ölümü - Seçin kimlərdən şübhələnir?

20.02.2024, 18:06
Putinə yaxın oliqarxın oğlunun müəmmalı ölümü - Seçin kimlərdən şübhələnir?

“Rosneft”in rəhbəri İqor Seçinin yeganə oğlu İvan Seçin vəfat edib.

“AzPolitika.info” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, 35 yaşlı İvan Seçin müəmmalı şəraitdə ölüb.

Rusiyanın ən böyük şirkətinin rəhbərinin oğlunun yaşadığı ünvan səhv göstərildiyindən, təcili yardım briqadası hadisə yerinə iki saatdan sonra gələ bilib. Onlar gələndə Seçin artıq çoxdan keçinib.

Rusiya telegram kanallarının yazdığına görə, ölümün rəsmi səbəbi tromb olub. Aleksey Navalnının ölümü ilə bağlı xəbərlərdən az sonra Kremlə yaxın nəşrlərin səsləndirdiyi diaqnoz da məhz belə idi. Bu isə Seçinin ölümü ətrafında müəmmanı daha da artırıb.

“Rosneft”-də idarə rəisi olan İvan Seçin əslində, hələ fevralın 5-də vəfat edib. Lakin onun ölümü barədə rəsmi məlumat verilməyib.

Güc strukturlarına yaxın kanalların yazdığına görə, Seçin fevralın 5-i səhər saat 4:30 radələrində özünü pis hiss edib və ağrılardan şikayət edib. Problemin böyrəklərlə bağlı olduğuna qərar verərək mühafizəyə “Kanefron” dərmanı almaq tapşırılıb, təxminən yarım saatdan sonra işçi dərmanı çatdırıb. İvan Seçin həbi udmaq üçün həyat yoldaşından su istəyib və o qayıdanda əri artıq hərəkətsiz vəziyyətdə, keçinmiş olub.

Qeyd edək ki, İqor Seçin Rusiyanın ən nüfuzlu adamlarından və Vladimir Putinə ən yaxın oliqarxlardan biri hesab olunur.

Maraqlıdır ki, Seçin rəsmi qurumların İvanın ölüm səbəbinin araşdırmasını istəməyib. O, dövlət təhlükəsizlik orqanlarına oğlunun ölümünü araşdırmağı qadağan edib. Məlumata görə, bununla şirkət rəhbərinə sadiq olan FTX və İstintaq Komitəsinin keçmiş əməkdaşlarından ibarət “Rosneft” təhlükəsizlik xidməti məşğul olur. Bu, o deməkdir ki, Seçin güc strukturlarına etibar etmir, kimlərdənsə şübhələnir və oğlunun öz əcəli ilə ölmədiyini düşünür. Bu isə müasir Rusiya üçün adi haldır...

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol