Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir hərbi təyyarəsini məhv edib.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk bildirib. O, öz telegram kanalında yazıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Su-34 qırıcısını vurub.
Həmçinin, bir Su-35 də hədəfə alınıb, lakin pilot manevr edərək, canını qurtara bilib: “Bu dəfə deyə bilərəm ki, Su-35 pilotunun bəxti gətirdi - o, manevr etdi və artıq riskə getməyəcək. Amma Su-34 ekipajının bəxti gətirmədi...”
Qeyd edək ki, son günlərdə Rusiya ordusu öz aviasiyasını sürətlə itirməyə başlayıb. Fevralın 17-də şərq istiqamətində Ukrayna Silahlı Qüvvələri düşmənin 3 təyyarəsini - iki Su-34 qırıcı-bombardmançısını və bir Su-35 qırıcısını eyni vaxtda məhv edib. Ertəsi gün hava hücumundan müdafiə qüvvələri bir Su-34-ü, fevralın 19-da isə Su-34 və Su-35S-i vurub.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bildirib ki, onlarda düşməni uzaq məsafələrdə yaxalamağa imkan verən “alətlər” var.
İtaliyalı hərbi ekspert Tomas Thaner isə Almaniyanın Ukraynaya ötürdüyü “Patriot” sisteminin artıq 18 rus təyyarəsini vurduğunu iddia edib.
“AzPolitika.info”


Şərhlər