2024-cü ilin əvvəlindən indiyə qədər Mərkəzi Bankın (MB) keçirdiyi 15 valyuta hərracında 1 milyard 207,7 milyon dollar satılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, bu gün keçirlmiş hərracda tələb 105,1 milyon ABŞ dolları təşkil edib və satış tam təmin edilib. Daha əvvəl - 22 fevralda 108,1 milyon, 20 fevralda 102,6 milyon, 15 fevralda 103,9 milyon,13 fevral 151,1 milyon dollar olub.
Mərkəzi Bank bildirilib ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır. Bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır. Qeyd edilib ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələyib.
İqtisadçı İlham Şaban “AzPolitika”ya açıqlamasında bildirib ki, valyuta satış həcmləri ötən illə müqayisədə yüksəkdir.
“Amma sadəcə artım dinamikasına baxıb həyəcanlanmaq da düzgün deyil”, - o, əlavə edib və səbəbi belə izah edib:
“Birincisi, 2024-cü ildə Neft Fondunun xərcləri 12,9 mlrd. manat məbləğində təsdiq edilib. Bu məbləğin 12,81 mlrd. manatı ölkə daxilinə yönəlik maddə üzrə xərclərdir. Yəni Neft Fondu bu məbləği əldə etmək üçün indiki kursla 7 mlrd. 535 mln dollar satmalıdır.
İkincisi, hərraclarda satılan valyutanı həm də Mərkəzi Bank özünün ehtiyatlarını artırmaq üçün alır. Biz hələ bilmirik, MB bu ilki hərraclarda nə qədər valyuta alıb. I rübün yekunlarını hardasa mayda biləcəyik”.
Ekspert xatırladır ki, 2023-cü ildə Mərkəzi Bank hərraclarda Dövlət Neft Fondundan 2,1 milyard dollar alıb. 2022-ci ildə bu göstərici 2,048 mlrd. təşkil edib.
“AzPolitika.info”


Şərhlər