TEXNİKİ BAXIŞI NİYƏ YOL POLİSİ KEÇİRİR? - Yaxın-uzaq qonşu dövlətlərdə bu məsələ necə tənzimlənir?

Əminliklə deyə bilərik ki, müasir şəraitdə ən aktual sosial-iqtisadi problemlərdən biri də avtomobil nəqliyyatında qəzaların səviyyəsidir. Artıq bu problem transmilli xarakter almışdır. İnsanların əzab-əziyyətindən əlavə, yol-nəqliyyat hadisələri nəticəsində ölüm halları, yaralanmalar fərdlərə və cəmiyyətə əhəmiyyətli ziyan vurur. Bu zərər bir çox ölkələrdə illik Ümumi Daxili Məhsulun 3-5 faizini təşkil edir. Dünya Bankının məlumatına görə, yol qəzalarından illik iqtisadi itki 1 trilyon dolları ötür.

Həyat Təhlükəsizliyi üçün Yol Təhlükəsizliyi üzrə Dördüncü Beynəlxalq Konqresdə Birləşmiş Millətlər Təşkilatı özünün hesabatında bunu qlobal böhran kimi qiymətləndirib. Dünyada yol-nəqliyyat hadisələrində hər il təxminən 1,3 milyon, yəni hər 24 saniyədə 1 nəfər həyatını itirir və bu ölüm səbəbi əsas səbəblər siyahısında dünyada səkkizinci yerdədir. 50 milyon insan isə yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alır və şikəst olur.

Yaranmış vəziyyətdə onlar daha 13 milyon insanın ölümünə və növbəti onillikdə 500 milyon insanın yaralanmasına səbəb olur, xüsusilə də aşağı və ya orta səviyyəli ölkələrdə davamlı inkişafa mane ola bilər. Birləşmiş Millətlər Təşkilatının və yol hərəkəti təhlükəsizliyi məsələləri ilə məşğul olan digər qurumların səylərinə baxmayaraq, bu rəqəmlər demək olar ki, son 20 ildə dəyişməz olaraq qalmışdır.

Bütün yol-nəqliyyat hadisələrinin yarıdan çoxu yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlilliyi olan şəxslərin, velosipedçilərin və qocaların payına düşür. Yüzlərlə uşaq hər gün məktəbə, oyun meydançasına, evə, dostlarının yanına gedərkən və ya geri qayıdarkən qəza nəticəsində həyatını itirir. Hər yaşda olan milyonlarla insan da müxtəlif dərəcəli xəsarətlər alır. Belə bədbəxt hadisələr əsasən 5-29 yaş arası gənclər arasında baş verir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası siyasi bəyannamə qəbul edərək 2030-cu ilə qədər dünya üzrə yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin və xəsarət alanların sayını iki dəfə azaltmağı qarşısına məqsəd qoymuşdur.

Hər il noyabr ayının üçüncü bazar günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnaməsində statusu təsbit edilən Yol nəqliyyatı Qurbanlarının Ümumdünya Xatirə Günü qeyd edilir. Bu gün yol-nəqliyyat hadisələri zamanı həlak olan insanların xatirəsini yad etmək, yol hərəkətinin təhlükəsizliyi və yol qəzalarında ölüm hallarının qarşısının alınması barədə danışmaq adət halını almışdir.

2022-ci ilin statistik rəqəmlərinə malik olmadığımızdan baş vermiş qəzaların neçəsinin nasaz nəqliyyat vasitələrinin payına düşməsini tərəfimizdən müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin internet səhifəsindən məlum olur ki, 2019-cu ildə respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 821 nəfər həlak olmuş, 1702 nəfər yaralanmışdır. 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisəsinin sayı 53 fakt (2.9 %), həlak olanların sayı 99 nəfər (13.7 %) artmış, yaralananların sayı isə 9 nəfər (0.5 %) azalmışdır.

Baş vermiş qəzaların təhlili göstərir ki, demək olar ki, hər il yol qəzaları nasaz avtomobillərin istismarı nəticəsində baş verir, bu da bəzi hallarda ölüm də daxil olmaqla çox ağır nəticələrə səbəb olur. Məsələn, bunlar yanlış konfiqurasiya edilmiş avtomobil əyləc sistemi və ya açılmamış hava yastığı səbəbindən baş verə bilər. Bir çox sürücülər avtomobildə xırda problemlərə əhəmiyyət vermirlər və yol hərəkəti qaydaları ilə qadağan olunsa da, onu idarə etməyə davam edirlər. Onların diqqətsizliyi və məsuliyyətsizliyi ucbatından texniki nasazlıq nəticəsində baş verən qəzaların sayı artır. Belə bir paralel aparmaq bəlkə də yerinə düşərdi. Həkimlər insan müayinəsinə necə yanaşırlarsa, fikrimizcə, avtomobilə də elə yanaşmaq lazımdır. Təsəvvür edin ki, biz də əvvəlki xəstəliklərin bütün təfərrüatlarından qaçaraq, yaş və doğum ili baxımından nəzərdən keçirilirik və əvvəlki xəstəliklərimizə etinasızlıq göstəririk, bu da gələcəkdə arzuolunmaz, müalicəsi mümkün olmayan, ağır nəticələrə səbəb olur.

Yol-nəqliyyat qəzalarının səbəblərindən biri də ölkə ərazisinin avtomobil yollarında hərəkət edən, belə demək mümkündürsə, “qoca” maşınların sayının kifayət qədər çox olmasıdır. 1 yanvar 2022-ci il göstəricilərinə istinad etsək, Azərbaycanda təxminən 1.419.870 minik avtomobili var.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda qeydiyyatda olan 1.4 milyon ədəd minik avtomobilinin 45 faizi (634 mindən çoxu, təxminən hər 2 avtomobildən biri) yaşı 20 il və daha çoxdur. Yaşı 10-20 il olan avtomobillərin sayı isə 545.265-dir ki, bu da ümumi sayın 38.4 faizini təşkil edir. Ümumi avtomobillərin cəmi 17 faizinin yaşı 10 ilə qədərdir.

Əvvəlki illərlə müqayisədə Azərbaycanda “qoca” maşınların sayı artmışdır. Belə ki, 2019-cu ildə Azərbaycanda yaşı 10 ildən çox olan avtomobillər 78 faiz təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 80 faiz, ötən il isə 83 faiz olmuşdur. Ölkənin avtobus parkında isə vəziyyət daha xoşagəlməzdir. Belə ki, ölkədə olan 31 mindən çox avtobusun 63 faizdən çoxunun yaşı 20 il və daha çoxdur. Avtobusların sadəcə 12 faizə yaxınının yaşı 10 ilə qədərdir. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də respublikanın yollarında texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin hərəkətdə olmasıdır. Bu səbəbdən də yol hərəkətində olan nəqliyyat vasitələrinin vaxtaşırı texniki baxışdan keçirilməsinə ehtiyac duyulur.

İl ərzində hərəkətdə olan nəqliyyat vasitəsinin müəyyən ehtiyat hissəsinin sıradan çıxması onun nasazlığına səbəb olur və belə nəqliyyat vasitəsinin vaxtaşırı müayinədən keçirilməsi zəruri olur. Bu vaxtaşırı müayinənin keçirilməsi qaydası isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də təsbit olunmuşdur.

Dəyərli oxucular üçün daha maraqlı olsun deyə texniki baxışın yaranma tarixinə kiçik ekskursiya etmək istərdik. Tarixdə qeydə alınan ilk qəzalardan biri 1896-cı il mayın 30-da Nyu-Yorkda baş vermişdir: Henri Uellsin elektrik avtomobili velosiped idarə edən Evelin Tomasla toqquşmuş, nəticədə sonuncunun ayağı sınmışdır.

1896-cı il avqustun 17-də Londonda Artur Edselin idarə etdiyi avtomobil isə iki uşaq anası olan 44 yaşlı Bridget Driscollu vurmuşdur. Bu, dünyada ilk ölümlə nəticələnən piyada toqquşması idi. İlk avtomobil 1891-ci ildə Rusiyada peyda olmuşdur - Panhard & Levassor avtomobili Fransadan "Oddeskiy listok" qəzetinin sahibi Vasili Navrotski tərəfindən gətirilmişdir. Artıq 1896-cı ilin yazında Rusiya İmperiyasında sankt-peterburqlu sənayeçilər Yevgeni Yakovlev və Peter Freze tərəfindən ilk avtomobil istehsal edilməyə başlanmışdır.

Bununla əlaqədar, 23 sentyabr 1896-cı ildə Dəmir Yolları Nazirliyi “Dəmir yolları şöbəsinin özüyeriyən ekipajlarda ağır yüklərin və sərnişinlərin daşınması qaydası və şərtləri haqqında” qərar qəbul etmişdir. Qərarın 6-cı bəndi tələb edirdi ki, hər bir avtomobil “Ekipajın bütün hissələrinin yaxşı vəziyyətdə olması və mexaniki mühərrikin bütün hissələrinin saz və təhlükəsiz vəziyyətdə olması haqqında müvafiq sertifikat”la təmin olunsun. Rusiya imperiyasında texniki yoxlamalar şəhər şuraları tərəfindən həyata keçirilirdi. Onlar tez-tez prosedur qaydalarını və onun dövriliyini təsdiqləyirdilər. Bir qayda olaraq belə yoxlama ildə bir dəfə keçirilirdi.

Rusiyanın nəqliyyat naziri, knyaz M.N.Xilkov 1896-cı ilin payızında hər bir avtomobilin qənaətbəxş texniki vəziyyəti haqqında sertifikat alması üçün lazım olan qərar qəbul etmişdir. Məhz bu dövr texniki baxışın başlanğıcı hesab edilə bilər. Avtonəqliyyat vasitələrinin müstəqil müntəzəm texniki baxışdan keçirilməsinin vacibliyini hamımız başa düşürük, çünki yollarda təhlükəsizlik, sadə dillə desək, bizim və yaxınlarımızın həyatı texniki baxış sisteminin təşkilindən asılıdır.

Sovet hakimiyyətinin ilk illərində nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət, demək olar ki, yox idi. Belə ki, Xalq Komissarları Sovetinin 1920-ci il 10 iyun tarixli “Moskva şəhəri və onun ətrafında avtomobil hərəkəti haqqında. Dövlət nömrə nişanları haqqında” fərmanında ilk sovet yol hərəkəti qaydaları toplusu yalnız tələbdən ibarət idi. 1923-cü ildə Xalq Daxili İşlər Komissarlığı “Avtomobil və motosikllərin hərəkəti, istifadəsi qaydalarına dair quberniya icraiyyə komitəsinin məcburi qərarının əsas müddəalarının layihəsi”ni işləyib hazırlamışdı. Həmin layihənin əsasında yerli hakimiyyət orqanları vahid qaydalar qəbul etmişdilər ki, bu da yenidən avtomobillərin dövri texniki baxışını tətbiq etmişdi.

1936-cı il iyulun 3-də SSRİ Xalq Komissarları Soveti öz qərarı ilə “SSRİ Daxili İşlər Xalq Komissarlığının Fəhlə-Kəndli Milis Baş İdarəsinin Dövlət Avtomobil Müfəttişliyi haqqında Əsasnamə”ni təsdiq etmişdir. Texniki baxışın aparılması səlahiyyəti yerli hakimiyyət orqanlarından yeni quruma, yəni Dövlət Avtomobil Müfəttişliyinə verilmişdir. Texniki baxış ildə iki dəfə keçirilirdi. Elə həmin o vaxtdan texniki baxış demək olar ki, bütün SSRİ respublikalarının hamısında Dövlət Avtomobil Müfəttişliyi tərəfindən həyata keçirilirdi.

1964-cü ildə avtomobilin texniki baxış şəhadətnaməsinin tətbiq edilməsinə başlanılıb. Sürücü həmin sənədi özündə saxlamalı və ön şüşənin sağ alt küncünə yerləşdirməli idi. Texniki baxışdan keçmə qaydaları bir neçə dəfə dəyişdirilmişdir. Ən ciddi dəyişikliklər 1964, 1974 və 1988-ci illərdə edilmişdir.

Gəlin görək, texniki baxışın keçirilməsi hal-hazırda bizə lazımdırmı, buna nə qədər ehyiyac duyulur? Üz tutaq yaxın-uzaq qonşu dövlətlərə, görək, qədim Avropa bu məsələləri necə, hansı qaydada tənzimləyir?

Avropa İttifaqı ölkələrində nəqliyyat vasitələrinin istismara yararlılığı üç ümumavropa direktivinin müddəalarını dəqiqləşdirən milli səviyyədə qəbul edilmiş 450 sənədlə tənzimlənir. Minik avtomobilləri adətən ilkin qeydiyyata qoyulduqdan 3-4 il sonra ilk texniki baxışdan keçir, daha sonra prosedurun dövriliyi 1 və ya 2 ildə bir dəfəyə endirilir. Avropada istər yol polisi, istərsə də trafik polisi olsun, ümumiyətlə polisin texniki baxışa hər hansı bir aidiyyəti yoxdur. Bu proseduru lisenziyaya malik emalatxanalar həyata keçirir. Dövlət qurumları ilə yanaşı, özəl avtoservis mərkəzləri də texniki baxışı həyata keçirə bilər və bəzi ölkələrdə bu, hətta ayrıca lisenziya tələb etmir - lazımi avadanlıqların olması kifayətdir. Ümumilikdə, Avropada ildə 132 milyon prosedur yerinə yetirilən 110.000 avtomobil texniki baxış xətti mövcuddur. Avropada texniki baxışdan keçmək qaydasını pozduğunuza görə nəinki bir neçə min avro cərimə ala, hətta həbs oluna və ya avtomobilinizi müvəqqəti itirə bilərsiniz. Avstraliyanın əksər bölgələrində texniki baxış yalnız avtomobil yenidən təchiz edildikdən sonra (məsələn, yeni mühərrikin quraşdırılması) yenidən qeydiyyata alınması və ya satışı üçün tələb olunur. Türkiyədə istehsal müddəti üç ildən çox olan avtomobillər 2 ildə bir dəfə texniki baxışdan keçirilir. Xidmət yanacaqdoldurma məntəqələrində də keçirilir və adətən 15 dəqiqədən çox çəkmir. 1994-cü ildən Litva Respublikasında texniki baxış dövlət qurumları və ya yol polisi tərəfindən deyil, özəl şirkətlər tərəfindən keçirilir. Polşada nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi prosesi nəqliyyat vasitələrinə texniki baxış qaydaları haqqında infrastruktur nazirinin müvafiq qərarı ilə tənzimlənir. Bu hüquqi akta uyğun olaraq, texniki baxışı yalnız xüsusi akkreditasiya almış şirkətlər həyata keçirə bilər. Bunlara avtomobil idarəetmə stansiyaları deyilir. Prosedurun özü olduqca sadədir. Adətən avtomobil sahibi texniki baxış məntəqəsinə zəng edir və müəyyən müddətə görüş təyin edir. Bir qayda olaraq, gözləmə müddəti 5 günə qədərdir. Təyin olunmuş vaxtda sürücü avtomobilini stansiyanın əməkdaşına təhvil verir, yarım saatdan sonra maşın sənədlərlə birlikdə geri, onun sahibinə qaytarılır. Əsas odur ki, növbə yoxdur. Müştəriyə tam olaraq təyin olunduğu vaxtda xidmət göstərilir. Eyni zamanda ona pulsuz içkilər və müxtəlif şirniyyatlar da verilir. Şiddətli rəqabət şirkət sahiblərini hər bir müştəri üçün mübarizə aparmağa sövq edir. ABŞ-də 13 ştatda texniki baxışdan keçmək zərurəti tamamilə yoxdur, qalanlarında isə bununla bağlı çox çevik qanunvericilik bazası mövcuddur. Bəzi ştatlarda nəqliyyat vasitəsinin istismarının davam etməsinə icazə verilməsi prosesi çox sərtdir, avtomobilin bütün komponentləri və birləşmələri yoxlamadan keçir. Digərlərində katalizator hərtərəfli yoxlanılır, bəzilərində əksinə, işləyən təhlükəsizlik yastıqları və təhlükəsizlik kəmərlərinin olması kifayətdir, müfəttişlər nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə xüsusi maraqlanmırlar. Avtomobil texniki baxışdan keçdiyi halda sahibinə ön şüşə stikeri və ödəniş qəbzi verilir. Məsələn, Delaver ştatında dörd ildən yuxarı, Nyu-Cersidə beş ildən yuxarı, Merilend ştatında isə texniki baxış yalnız nəqliyyat vasitəsini yeni sahibinə yenidən qeydiyyata alarkən, eləcə də başqa ştatdan avtomobil idxal edərkən tələb olunur. Digər ştatlarda məcburi texniki baxış qüvvədədir, lakin mülki şirkətlər tərəfindən həyata keçirilir. Eyni zamanda, dövlət administrasiyaları əsasən mühərrikin işlənmiş qazında CO-nun səviyyəsi ilə maraqlanırlar. Virciniya, Nyu-York və Massaçusetsdə texniki baxış ciddi şəkildə aparılır: onlar təkər və şinləri, əyləcləri, kuzovları, işıqlandırma avadanlığını, dönmə siqnallarını (işıqlarını), güzgüləri, şüşələri, onların silgəclərini, sükan idarə mexanizmini, sürət qutusunu, katalizatorun olub-olmamasını, yanacaq sistemini yoxlayırlar. Alyaska və ya Arkanzasda nəqliyyat vasitələrinin istismar vəziyyətinə dair məcburi tələblər yoxdur. 2010-cu ildə Minnesota və Kentukki ştatının hakimiyyəti texniki baxışdan tamamilə imtina etmişdir.

Almaniyada nəqliyyat vasitələrinin yoxlanılması ideyası artıq dövlət səviyyəsində 1938-ci ildə müzakirə olunmuşdur, lakin müharibə onun həyata keçirilməsini dayandırmışdı. Müharibə başa çatdıqdan sonra küçələrdə avtomobil və motosikletlərin sayının artması yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi zərurətini yenidən gündəmə gətirmişdir. Almaniyada texniki baxış 1951-ci ildə tətbiq edilməyə başlamışdır. 1985-ci ildən texniki baxışdan ayrıca mövcud olan ekoloji nəzarət (işlənmiş qaza nəzarət) tətbiq edilmişdir. 2010-cu ildə böyük bir islahat aparılmışdır, bunun nəticəsində ekoloji nəzarət texniki baxışın bir hissəsi olmuşdur. Almaniyada maksimal sürəti 6 km/saatdan çox olan bütün avtomobillər, motosikletlər və digər mühərrikli nəqliyyat vasitələri texniki baxışdan keçməlidir. Almaniyada dövlət texniki baxışı TUV adlı xüsusi texniki nəzarət institutu həyata keçirir. Avtomobilin nömrəsində artıq etibarlı yoxlama stikeri varsa, alman polisinin onun konfiqurasiyasının düzgünlüyünə şübhə etmək səlahiyyəti yoxdur.

Çində vahid yoxlama sistemi yoxdur, hər bir əyalət və ya şəhər rəhbərliyi öz qaydalarını müəyyən edir.

Böyük Britaniyada texniki yoxlamalar 1967-ci ildən Nəqliyyat Departamenti tərəfindən həyata keçirilir.

Fransada texniki baxışı dövlət lisenziyası almış özəl şirkətlər həyata keçirirlər. Bu şirkətlərin sayı 5000-ə qədərdir. 4 ildən yuxarı avtomobillərə texniki baxış tələb olunur. 4 ildən yuxarı bütün avtomobillər iki ildə bir dəfə, 10 ildən çox olan avtomobillər hər il, avtobuslar isə 6 ayda bir dəfə texniki baxışdan keçir. Fransada texniki vəziyyətlə bağlı problemlərə görə sahibinə müəyyən edilmiş bütün nasazlıqları aradan qaldırana qədər avtomobildən istifadə etmək qadağan olunur.

Cənubi Koreyada texniki baxış dövlətdən lisenziya almış özəl şirkətlərə həvalə olunub. İspaniyada texniki baxışı rəsmi dilerlər həyata keçirirlər. Onlar nəqliyyat vasitəsini götürüb texniki baxış keçirirlər, baxışı keçirdikdən sonra bütün tərtib olunmuş sənədləri nəqliyyat vasitələri ilə birlikdə sahibinə qaytarırlar.

Hollandiya və İsveçdə avtomobillər istehsal edildiyi tarixdən ilk üç il müddətində texniki baxışdan azad edilir, üç ili keçmiş köhnə avtomobillər iki ildə bir dəfə texniki baxışdan keçir. Dünyadakı ən sərt və yəqin ki, ən bahalı “syaken” (車検) abbreviaturası ilə məşhur olan texniki baxış Yaponiyada aparılır. Mühərrikin yaşından, vəziyyətindən və həcmindən asılı olaraq, bütün ödənişlər daxil olmaqla, onun ümumi dəyəri 300 000 yen (2 700 dollar) təşkil edə bilər. Təəccüblü deyil ki, işlənmiş avtomobillərin sahibləri istismara yararlılıq müddəti bitməmiş öz avtomobillərini xarici ölkələrə satmağa üstünlük verirlər.

1996-cı ildən qüvvədə olan belə yoxlama qaydaları bütün Avropa İttifaqı ölkələri üçün tövsiyə olunur. Texniki baxış keçməməyə görə 90-140 avro cərimə, təkrar pozuntuya görə inzibati qaydada həbs nəzərdə tutulur. MDB məkanına daxil olan dövlətlərin demək olar ki, hamısında texniki baxış mövcuddur. Rusiyada məcburi texniki baxış ləğv edilərək könüllülük prinsipinə keçilmişdir. Texniki baxış avtomobil qeydiyyata alındıqda, sahibi dəyişdikdə və ya avtomobilin konstruksiyasında hər hansı dəyişiklik edildikdə keçirilir.

Ukraynanın qanunvericiliyinə görə, texniki baxışı İnfrastruktur Nazirliyindən akkreditasiya almış qurumlar keçirə bilər. Hazırda Ukraynada sertifikata malik olan 800 xidmət stansiyası fəaliyyət göstərir.

Qazaxıstanda da texniki baxış eyni qaydada sertifikata malik olan texniki xidmət stansiyaları tərəfindən həyata keçirilir. Nəqliyyat və rabitə sahəsində səlahiyyətli orqan texniki baxış operatorlarının reyestrini aparır və öz internet resursunda yerləşdirir. Qazaxıstanda 1815 belə stansiya fəaliyyət göstərir.

Qırğızıstanda İqtisadiyyat və Ticarət Nazirliyi nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi qaydasını hazırlamışdır. Sənədə əsasən, nəqliyyat vasitələrinin texniki baxışı milli akkreditasiya sistemində akkreditə olunmuş diaqnostika mərkəzləri tərəfindən həyata keçirilir. Gürcüstanda avtomobillərin texniki baxışdan keçirilməsi üçün 100-dən çox xətt olan 50-yə yaxın servis mərkəzi fəaliyyət göstərir.

Yol hərəkəti sahəsinin ekspertləri yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri kimi yol hərəkəti qaydalarını qəsdən pozmanı, məsafə saxlamamaq, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsini, qarşı zolağa girməni, sürət həddini aşmanı, ötmə qaydalarını pozma və s. səbəbləri göstərirlər.

“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 16 may tarixli qərarının 6.2.9-cu bəndində qeyd edilmişdir ki, ərazi DYP şöbələri (bölmələri) iş fəaliyyəti ilə əlaqədar texniki nasazlıq səbəbindən baş vermiş yol-nəqliyyat hadisələrini təhlil edir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi Baş idarəsinin internet səhifəsində yol-nəqliyyat hadisələrinin təhlilinə nəzər yetirsək, görərik ki, onlar əsasən ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, yolayrıclarını keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Göründüyü kimi, baş vermiş qəzaların neçəsinin nasaz nəqliyyat vasitələri tərəfindən baş verməsi faktı ümumiyyətlə qeydə alınmamışdır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin bu məsələnin hansı qaydada həll etməsini nəzərdən keçirməyə çalışacağam ki, sürücü, sıravi vətəndaş üçün bu məsələ daha aydın olsun. Avtomobilin texniki baxışı nəqliyyat vasitəsi sahibləri üçün ən vacib prosedurlardan biridir. Axı, həm sürücü, həm də başqaları üçün onun istismarının təhlükəsizliyi avtomobilin vəziyyətindən asılıdır.

Aparılmış tədqiqatlar nəticəsində müəyyən olmuşdur ki, sürücülərin demək olar ki, 100 faizi 115 km/saatdan yuxarı sürətlə hərəkət edərkən yol qəzalarında həyatla vidalaşmalı olurlar. Söhbət istismara yararlı avtomobillərdən gedir, bəs nasaz nəqliyyat vasitələri ilə bağlı vəziyyət necədir? Bu məsələ göründüyü kimi açıq qalır..

Hazırda Azərbaycan Respublikasının ərazisində texniki baxış yol polisi tərəfindən həyata keçirilir. Polisin hüquq və vəzifələri “Polis haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qanunun “Əsas anlayışlar” adlanan 1-ci maddəsində göstərilmişdir ki, polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. 3-cü maddədə isə polisin 17 bənddən ibarət olan vəzifələri sadalanmışdır. Yol hərəkəti ilə bağlı 3 bənd - yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək və yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək polisin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, bu bəndlərin heç birində konkret olaraq texniki baxışla bağlı hər hansı müddəa mövcud deyil.

Qeyd edilən Qanunun “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları” adlanan 20-ci maddəsində polisin 9 bənddən ibarət olan hüquqları sadalanmışdır. Nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə bağlı yalnız 8-ci bənd mövcuddur ki, o da polisə texniki vəziyyəti müəyyənləşdirmiş tələblərə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək hüququ verir. Burada da polisin texniki baxışı keçirmək səlahiyyəti göstərilməmişdir. Qanunun 16-cı maddəsi polisin üzərinə nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, eyni zamanda avtonəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsində dövlət nəzarətini təmin etmək kimi vəzifələr qoymuşdur. Göründüyü kimi, polisin fəaliyyətini tənzimləyən əsas Qanunun özündə belə, nə vəzifələrində, nə hüququnda texniki baxışla bağlı hər hansı birbaşa və ya dolayısı müddəa mövcud deyil.

Məsələn, Qazaxıstan Hökumətinin “Nəqliyyat vasitələrinə və onların qoşqularına texniki baxışın təşkili və aparılması qaydaları haqqında” 2011-ci il 17 may tarixli qərarının 17-ci maddəsində qeyd edilmişdir ki, nəqliyyat vasitələrinə icbari texniki baxış texniki baxış mərkəzinin ali texniki və ya orta ixtisas texniki təhsili ixtisası üzrə azı 1 il iş stajı olan, texniki vəziyyətinin diaqnostikası texnologiya və üsullarını bilən mütəxəssis tərəfindən aparılır. Əslində, texniki baxışın xüsusiyyətlərini nəzərə alaraq onu həyata keçirən mütəxəssislər səriştəli, müvafiq ixtisasa, iş təcrübəsinə malik olmalı və nəqliyyat vasitələrinin istismarı zamanı yarana biləcək qüsurları müəyyən etməyi bacarmalıdırlar.

Rusiya Federasiyası Hökumətinin “Nəqliyyat vasitələrinə texniki baxış qaydaları haqqında” 2020-ci il 15 sentyabr tarixli qərarının 5-ci bəndinə müvafiq olaraq texniki baxış nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olan akkreditasiya sahəsində texniki baxış keçirmək üçün müəyyən edilmiş qaydada akkreditasiya olunmuş texniki baxış operatorları tərəfindən həyata keçirilir. Sübuta heç bir ehtiyac yoxdur.

Gəlin görək, ölkədə bu sahədə dövlət tərəfindən hansı qabaqlayıcı tədbirlər həyata keçirilir?

Bu sualın cavabını axtarmaq üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamla “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramının müddəalarına nəzər yetirmək kifayətdir. Bu Proqrama əsasən, nəqliyyat vasitələrinin texniki baxışının təkmilləşdirilməsi, texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.

Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texniki baxışın həyata keçirilməsi qaydasının hazırlanması və bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi Dövlət Proqramının vacib müddəalarından biridir.

Texniki baxışın keçirilməsini xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi ideyası Proqramın ana xəttini təşkil edir. Ölkə başçısı hazırki sərəncamı imzalayarkən dünyada gedən mütərəqqi prosesləri, qabaqcıl təcrübəni düzgün qiymətləndirərək ölkəmizin Avropa standartlarına uyğun olaraq yeni qaydalarla işləməsini tövsiyə etmişdir. Belə bir vacib, əhəmiyyətli Dövlət Proqramının 2019–2023-cü illər üçün nəzərdə tutulmasına baxmayaraq əfsuslar olsun ki, bu günə kimi müvafiq qurumlar tərəfindən hansısa konkret addımlar atılmamışdır. Sonuncu dəfə nəqliyyat vasitəmi texniki baxışdan keçirdikdə bir daha əmin oldum ki, əslində texniki baxış formal xarakter daşıyır, açıq-aydın texniki nasaz nəqliyyat vasitələri də texniki baxışdan “uğurla” keçirilir, texniki baxışı hətta telefon vasitəsi ilə də həll etmək mümkündür. Texniki baxışın keçirilməsini nəzərdə tutan kifayət qədər qanunvericilik bazasının mövcud olmasına baxmayaraq, bu prosedur demək olar ki, nəinki lazım olan səviyyədə, bəzi hallarda heç aparılmır da. Ona görə də belə “texniki baxış”dan keçən nəqliyyat vasitələri qəza hadisələrinin bilavasitə iştirakçılarına çevrilirlər. Bu yazının da işıq üzü görməsinin əsas səbəbi yuxarıda qeyd etdiyim və şəxsən şahidi olduğum qanunazidd faktlardır.

Nəticə olaraq qeyd etmək istərdim ki, son dövrlər dünyada və keçmiş bəzi postsovet respublikalarında texniki baxışla bağlı mövcud olan və edilən yeniliklər Azərbaycan cəmiyyətinə də ciddi düşünməyə əsas verir.

Eldar Əsgərov,

hüquqşünas, Dövlət qulluğunun baş müşaviri

635x100

Şərhlər

TARİX 2024-03-28 15:57:43

............?????

TARİX 2024-03-28 10:35:22

HƏR MƏSƏLƏDƏ QƏRBİ NÜMUNƏ GƏTİRİRLƏR.TEXNİKİ BAXIŞI MÜASİR AVADANLIQLARI OLAN AVTO TƏMİR MÜƏSİSƏLƏRİNƏ VERMƏK LAZİMDIR.ƏGƏR TEXNİKİ SƏBƏBDƏN QƏZA OLARSA TEXNİKİ BAXIŞI KECİRƏN VƏİCAZƏ VERƏNDƏN SORĞU OLUNMALIDIR.HAMI BİLİR Kİ, DAM-DA HEC BİR YOXLAMA APARILMIR.

Şəkidən 2024-03-04 23:20:58

Texniki Baxışda yalnız Vüqar kimlər varlanırlar !

Moshu 2024-02-28 22:53:11

Azpolitika çox vacib, aktual bir mövzunu gündəmə gətirib. Sayta və yazının müəllifinə böyük sağ ol düşür. Məqalədən də görünür ki, 1 yanvar 2022-ci il göstəricilərinə istinad etsək, Azərbaycanda təxminən 1.419.870 minik avtomobili var. Onlardan da 1.4 milyon ədəd minik avtomobilinin, 634 mindən çoxu, təxminən hər 2 avtomobildən biri, yəni 45 faizi yaşı 20 il və daha çoxdur. Belə avtomobillər bəlkə də avtoqəzaların əsas səbəbləridir, bu da neçə-neçə insan taleyinin, neçə ailənin məhvi deməkdir. Texniki baxış məsələsi demək olar ki, əksər sürücülərin maraqlarına toxunur. Böyük ehtimalla qeydiyyat-imtahan bölmələrində hökm sürən özbaşınalıqlardan, çatışmazlıqlardan hər bir vətəndaşımız məlumatlıdır. Götürək elə konkret olaraq Sumqayıt qeydiyyat şöbəsini. 2023-cü ildən bu şöbədə (stansiya) texniki baxış xətti təmirə bağlanıb, amma nəqliyyat vasitələri yoxlanılmadan texniki baxışdan “keçirilir”. Absurd yanaşma. Bu məsələyə Dövlət Yol Polisi Baş Idarəsinin münasibətini də bilmək maraqlı olardı (yəni bu biyabırçılıqdan məlumatsızdılarmı). Əsas bildirmək istədiyim odur ki, saytın oxucuları belə taleyülıü məsələyə münasibət bildirmək niyyətində deyillər. Azpolitika-dan xahişim ondan ibarətdir ki, bu mövzunu gündəmdə saxlasınlar ki, bu məsələyə oxucuların münasibətini bilək. Hər bir halda bu məsələ qınaq obyekti olmalıdır.

Oxucu.. 2024-02-28 21:28:42

Salam, 102 yığdım dedilər ki her şeyin qaydasında olsa səndən artıq pul almazlar:) Dtk yazdım cvb vermədilər:) Korrupsiya idarəsi dedi ki əşi 30 manatdı 100 alırlar o da bəxşiş sayılır:)

Mustafaoğlu 2024-02-28 20:29:59

Texniki baxışın Dövlət Yol Polisi tərəfindən keçirilməsi Rüşvətə yol açır ? Belə ki, Texniki baxış 30 manatdırsa, əlavə olaraq 30 manatda özlərinə istəyirlər. Rüşvətin kökünün kəsilməsi üçün Texniki baxış Özəl Şirkətlərə verilməlidir. Əslində Texniki baxışdan nəqliyyat vasitələrinin keçirilməsi farmal bir prosesdir, ləğv edilməli və yaxud iki ildən bir keçirilməlidir .

Moshu 2024-02-28 18:56:55

Azpolitika çox vacib, aktual bir mövzunu gündəmə gətirib. Sayta və yazının müəllifinə böyük sağ ol düşür. Məqalədən də görünür ki, 1 yanvar 2022-ci il göstəricilərinə istinad etsək, Azərbaycanda təxminən 1.419.870 minik avtomobili var. Onlardan da 1.4 milyon ədəd minik avtomobilinin, 634 mindən çoxu, təxminən hər 2 avtomobildən biri, yəni 45 faizi yaşı 20 il və daha çoxdur. Belə avtomobillərin bəlkə də avtoqəzaların əsas səbəbləridir. Texniki baxış məsələsi demək olar ki, əksər sürücülərin maraqlarına toxunur. Böyük ehtimalla qeydiyyat-imtahan bölmələrində hökm sürən özbaşınalıqlardan, çatışmazlıqlardan hər bir vətəndaşımız məlumatlıdır. Götürək elə Sumqayıt qeydiyyat şöbəsini. 2023-cü ildən bu şöbədə (stansiya) texniki baxış xətti təmirə bağlanıb, amma nəqliyyat vasitələri yoxlanılmadan texniki baxışdan “keçirilir”. Absurd yanaşma. Bu məsələyə Dövlət Yol Polisi Baş Idarəsinin münasibətini də bilmək maraqlı olardı. Əsas bildirmək istədiyim odur ki, saytın oxucuları belə taleyülıü məsələyə münasibət bildirmək niyyətində deyillər. Azpolitika-dan xahişim ondan ibarətdir ki, bu mövzunu gündəmdə saxlasınlar ki, bu məsələyə oxucuların münasibətini bilək. Hər bir halda qınaq olmalıdır.

Mubariz 2024-02-28 13:12:15

Rəhmətliyin nəvəsi ,Milli Məclisə qanun təklifi göndərilif ,artıq Metro ,Gəmi ,təyyarə də DİN YOL POLİSİ tərəfindən məcburi texniki baxışa cəlb olunacaq .

Etibar 2024-02-28 11:09:48

Bu böyüklükdə rüşvət və korrupsiya gəlirini kim əldən vermək istər ?.... Hakimiyyətin rüşvət və korrupsiyala qarşı apardığı siyasətə ən böyük zərbəni bu orqan vurur. Özüdə bunu heç nədən qorxub çəkinmədən, xüsusi həyasızlıqla, saymazlıqla, qorxmadan edirlər. Buna son veriləcək əlbətdə.

Son yazılar