Ötən həftə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc rəhbərlik etdiyi komitənin iclasında ölkədə konstitusiya referendumunun keçirilməsini gündəmə gətirib.
“Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışlara yeni referendumun keçirilməsi də daxildir”, - millət vəkili bildirib.
Z.Oruc vurğulayıb ki, bu il həmçinin Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür: "Nəzərə alsaq ki, Konstitusiyaya dəyişikliklər məsələsi parlamentdə tez-tez qaldırılır. Bu kimi çağırışlar və baxışlar aktualdır".
Xatırladaq ki, ötən 23 il ərazində Azərbaycan Konstitusiyasına 3 dəfə (2002, 2009, 2016) dəyişikliklər həyata keçirilib. Bu zaman əsasən ölkənin siyasi sistemi ilə bağlı məsələlərə baxılıb. Seçki sistemi, Prezidentin, Nazirlər Kabinetinin və Milli Məclisin səlahiyyətləri ilə bağlı dəyişikliklər aparılıb.
Konstitusiya dəyişikliyinin vacibliyi bir neçə ildir deputatlar, siyasi ekspertlər, partiya sədrləri tərəfindən mediada, müxtəlif ictimai çıxışlarda səsləndirilir. Əsas səbəb kimi, 44 günlük Vətən müharibəsində qələbədən, 2023-cü ilin sentyabrında Qarabağda suverenliyin təmin olunmasından sonra Azərbayanın regionun nüfuzlu oyunçularından birinə çevirilməsi göstərilir. Qeyd olunur ki, ölkənin Konstitusiyada əxz olunan hədəflərinin yenidən dəyərləndirilməsinə, siyasi, idarəetmə sistemində islahatların aparılmasına ciddi ehtiyac var.
Beləliklə, Konstitusiya referendumunun keçirilməsinə bir neçə təməl zərurət var:
Siyasi islahatlar - hakimiyyət qollarının səlahiyyətləri, onların qarşılıqlı əlaqələrinin konstitusion əsaslarına yeni baxış. Bura iki palatalı Milli Məclisin yaradılması (Senat və aşağı palata) və say tərkibinin genişləndirlməsi, Nazirlər Kabineti və vitse-prezidentlik institutu arasında səlahiyyətlərinin dəqiqləşdirilməsi və s.
İdarəetmə islahatları:
- Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi və yeni konstitusiyaya uğunlaşdırılması;
- Xüsusi nümayəndəlik institununun konstitusion əsaslarının yaradılması və səlahiyyət dairəsinin müəyyənləşdirilməsi;
- Yerli icra hakimiyyətindən iqtisadi zonaların sayına və coğrafi bölgüsünə uyğun regional idarəçilik sisteminə keçidin təmin olunması;
- Bələdiyyələrin yerli idarəçilikdə rolunun artırılması və s.
Dünyada baş verən geosiyasi dəyişikliklərin təsiri altında regionda formalaşan yeni siyasi reallıqlar da Azərbaycana öz imkanlarını yenidən dəyərləndirmək fürsəti verir. Məsələn, Azərbaycan xarici hərbi bazalara münasibətdə ənəvəvi yanaşmasını dəyişə bilər. Daha çevik qərarların qəbul olunması üçün Prezident, Parlament institutları konstitusion səlahiyyətlər əldə edə bilər.
Yaxud, dünyada beynəlxalq ticarət, nəqliyyat dəhlizlərinin önəmin artmasına görə Azərbayanın bu sahədə unikal coğrafi, siyasi imkanlarının yenidən dəyərləndirilməsi də mümkündür. Ölkənin əsas xarici inteqrasiya prioriteti kimi seçdiyi Türk Dövlətləri Təşkilatı ilə bağlı məsələlər də Konstitusiyaya əlavə edilə bilər.
Bir məsələnin də xüsusi vurğulanmasına ehtiyac var: Azərbaycanın erməni işğalına son qoyması, bədnam “miatsum” ideologiyasına ağır zərbə endirməsi, keçmiş SSRİ tərəfindən qoparılaraq Ermənistana verilmiş tarixi əraziləri ilə bağlı haqlı iddialar qaldırmasına səbəb olub. Hazırda Ermənistanla aparılan sülh danışıqlarının bir hissəsi Qərbi azərbaycanlıların hüquqlarının bərpası, onların öz yurd-yuvalarına dönmək immkanı ilə bağlı İrəvanın üzərinə öhdəliklər götürməsi ilə bağlıdır. Azərbaycan Konstitusiyasının dövlətin tarixi ərazilərə mənəvi, siyasi təsirini formalaşdırmaq üçün hüquqi əsaslar yaratması da mümkündür...
Azərbaycan Respublikası dünyanın hər yerində yaşayan azərbaycanlıların Vətənidir. Ölkə Konstitusiyası onların hüquqlarının qorunması, dəstəklənməsi, müdafiəsi, habelə Azərbaycanda rahat fəaliyyəti üçün təminatlar da verməlidir. Bu, qarşıya qoyulan böyük hədəflərə çatmağın əsas şərtlərindən bidir.
Rasim Əliyev
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanmışdır.


Şərhlər
Konstitusiyanı yox,idarəçilik sisyemini dəyişmək lazımır...
Hörmətli yazar , konstitusiya nə qədər dəyişsə ,mükəmməl belə olsa cəmiyyət bunu öz həyat tərzində hiss etmirsə ,kağız parçası olaraq qalacaq .Bizdə qanunlar insan həyatını çətinləşdirmək üçün qəbul olunur .Sadə bir misal - sənədsiz evlərlə bağlı verilən fərmandan 10-15 il keçib ,nəsə dəyişib ?
Biz bu məsələdə çox gecikirik. O ki qaldı məsələnin gündəmə gətirilməsinə bu məsələ təkcə parlamentdə qaldırılırılmır, əslində son vaxtlar bununla bağlı ictimayyətdən daha çox çağrışlar eşidilir. Ki, Konstitusiyada köklü islahatlar aparılmalı, indiki yarımçıq doğulmuş parlament buraxılmalı, yeni azad seçgilərə və referenduma gedib, mövcud köhnəlmiş idarəetmə sistrmi kökündən dəyişiulməlidr. Burada gedən yazıda da bir çox nədənlər sadalanır. Son illərdə, xüsusən də Qarabağ işğaldan azad edildikdən sonra gözlənilirdi ki, bu məsələ son Prezident seçgilərindən sonra gündəmə gələcək və gəlməlidir də artıq.
Çünki, indiki halda bu olmadan Ölkə olaraq qarşıya, xüsusən də sosial- iqtisadi sahədə qoyduğumuz hədəflərə ulaşmamız sadəcə zaman alacaq və alır da. Ona görə də elə bir islahat aparılmalıdır ki, bəli öncə ölkədə icra strukturlarında cəmlənmiş, yüz minlərlə mərtəbəli kadr çoxluğu ləğv edilməlidir. O kadrlar ki, bu gün ölkənin sosial-iqtisadi inkişafı üçün sadəcə bir buxova çevrilmişlər.
İkinci və ən əsası isə Konstitusiyada təsbit edilmiş hakimiyyətin üç qolu -İcra, Məhkəmə və Qanunverici hakimiyyətləri arasında, onların müstəqil və qarşılıqlı fəliyyətləri öz yerini almaqla ölkədə qanunun aliliyi tam təmin olunsun. Yəni Ana qanunun 7-ci maddəsinin IV-cü bəndində qeyd olunduğu kimi (qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər). Hər birimiz yaxşı bilirik ki, bu gün reallıqda İcra mütləq hakim olduğu üçün, digər hakimiyyət qolları reallıqda özlərinin konstitusion səlahiyyətlərinə yeterincə malik deyillər.
Üçüncüsü, yaxşı olardı ki, konstitusiyanın 114-cü maddəsinə də yenidən baxılardı. Düzdür ölkə Prezident üsul idarəsi ilə idarə olunur və kostitusiyanın qeyd olunan maddəsinin II bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. Lakin buna baxmayaraq, Nazirlər kabinetinin öz konstitusion səlahiiyətləri çox azdır. Ya bu qurum tamamilə ləğv edilməli, ya da səlahiyyətlərinə az da olsa yenidən baxılmalıdır ki, kabinetin tərkibində olan hökümət üzvlərinin fəliyyətlərində sözü az da olsa keçərli olsun. Zatən Ölkə Başçısının ölkənin taleyüklü məsələlərində işi o qədər çox və ağırdır ki, bəzən dövlət qrumlarının, xüsusən də sosial-iqtisadi sahəyə aid qrumların fəaliyyətsizliyi diqqətdən kənarda qalır. Buna misal, cənab Prezidentin mütəmadi olaraq əksər qrumlar haqqında etdiyi çox saylı xəbərdarlıqlar və onlar barəsində verdiyi göstərişlərdir. Təbii ki, bütün bunlar sadəcə bir vətəndaş fikridir və əlbətdə ki son söz islahat komissiyasının olacaqdır. Yeter ki, bu qonuda addım atılsın. İmşallah!