Məlum olduğu kimi, bazar ertəsi Fransa Prezidenti Emmanuel Makron Qərbdə Ukraynaya qoşun göndərmək ideyasını müzakirə etdiklərini bildirib. Dərhal sonra əksər Avropa ölkələri bu ideyanı inkar edən bəyanatlarla çıxış etdilər. Lakin bu təklifi qəbul etməyə hazır olanlar da var.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, iki Pribaltika ölkəsi Ukraynaya qoşun göndərmək ideyasına tərəfdar olduqlarını bəyan ediblər.

"Avropanın taleyi Ukraynanın döyüş meydanlarında həll olunur. Belə dövrlər siyasi liderlik, ambisiya və qeyri-standart düşünmək üçün cəsarət tələb edir. Parisdəki görüşün arxasında duran təşəbbüs diqqətə layiqdir". Bunu Litvanın Xarici İşlər naziri Qabrielius Landsberqis bildirib.

Bunun ardınca Estoniyanın Baş naziri Kaja Kallas bildirib ki, Qərb ölkələri Ukraynaya yardım göstərmək, o cümlədən qoşun göndərmək üçün bütün imkanları nəzərdən keçirməlidir. Onun fikrincə, belə bir addıma hazır olmağın nümayiş etdirilməsi Vladimir Putin üçün bir siqnal olardı.
Kallasın sözlərinə görə, bu cür qərarlar “qapalı qapılar arxasında” müzakirə edilməlidir. Eyni zamanda, hazırda Ukraynanın müttəfiqləri diqqəti digər vacib məsələlərə, xüsusən də Avropadan kənardan artilleriya sursatlarının alınmasına yönəltməlidirlər.
“AzPolitika.info”


Şərhlər