AVROPANIN DİN DAVASI VƏ ERMƏNİLƏRİN İDBAR NİYYƏTİ...

Nurəddin İsmayıl

Azərbaycana qarşı ikili standartlar səngimək bilmir. Qərbin, ard-arda beynəlxalq düzəni pozan, hüquqi nihilizmə yol açan, ədalət tərəzisini sındıran belə addımlar atması, istər stəməz demokratiya, insan haqları kimi dəyərləri gözdən salır və bu dəyərlər uğrunda mübarizə aparanların ümidini alt-üst edir. Avropa dəyrlərinin son onilliklər ərzində bu qədər ayaqlar altına düşdüyü, bu dəyərlərin irqi ayrıseçkilik, dini təəssübkeşlik səbəbindən məhz Avropanın özü tərfindən bu qədər pozulduğu olmamışdır.

Avropa Parlamenti yenə öz ampulasındadır və Ermənistanı dəstəkləyən, Azərbaycanı hədələyən qənamələrlə köhnə vərdişini davam etdirir. Qoca Avropanın oturuşmuş bürokratiyası öz merkantil maraqlarını təmin etmək və parasına göz dikdiyi erməni lobbisini razı salmaq üçün yeni qətnamələr hazırlayıb dövrüiyyəyə buraxırlar.

Türkofobiya, islamofobiya azarına tutulmuş Avropa parlamentariləri Azərbaycanın otuz illik separatizmin kökünü kəsib, öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi faktını heç bir halda həzm edə bilmirlər. Digər yandan soyuqqanlı bu intriqantlar Rusiyaya qarşı olan siyasi hikkəsini Azərbaycanın başında çatlatmaq istəyir və bu səbəbdən də Rusiyadan küskün Ermənistanın müdafiəçisi rolunda çıxış edir.

Deyəsən Azərbaycanın bir sıra regional və beynəlxalq platformalarda qardaş Türkiyə ilə eyni siyasi mövqedən çıxış etməsi də Avropa klubunun xristian təəssübkeşi olan bu cənabların ürəyincə deyil. Bunun üçün də seçilən yeganə yol, keçən otuz ildə olduğu kimi Azərbaycana təzyiq etmək, onu sanksiyalarla hədələməkdir.

Əslində bu addımları atmaq üçün hüquqi, siyasi baxımdan tutacaq yerləri də yox. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin etmək üçün beynəlxalq hüququn bütün norma və prinsiplərini qorumuş, ərazimizdə ikinci erməni dövləti yaratmaq istəyən təcavüzkar bir dövlətin təcavüz və işğalına son vermişdir.

Otuz il Rusiya faktoruna söykənib ərazilərimizi işğal altında saxlayan Ermənistan, arxasından Rusiyanın çəkildiyini görüncə, bu dəfə də Qərbə söykənib öz idbar niyyətlərini onların əli ilə gerçəkləşdirmək fikrinə düşüb. Regionumuzda bərkimək istəyən Qərb bu qulluqdan lazımınca yararlanmaq üçün zavallı obrazı yaradan ermənilərə canla başla dəstək verməyə hazır olduğunu nümayiş etdirir.

Avropa İttifaqı bu günlərdə “Ümumi xarici siyasət” və Ümumi təhlükəsizlik və müdafiə siyasəti” adlı ikiillik hesabat və buna uyğun qətnamələr hazırlayıb. Qətnamələrdə ölkəmizə sanksiyalar tətbiq eilməsinə çağırışlarla yanaşı, qarabağ ermənilərinin geri qaytarılmasının və onların hüquqlarının təminatı ilə bağlı dayanaqlı təminat tələb olunur.

Guya Azərbaycan son hərbi əməliyyatlarla apardığı etnik təmizləmə ilə sülh danışıqlarına zərbə vurub. Regionumuzun yeni baş planını cızmaq istəyən ittifaq rəsmiləri Ermənistandakı Müşahidə və Monitorinq Missiyasının mandatının gücləndirilməsi, heyətinin və fəaliyyət müddətinin artırılması, hətta müşahidəçilərin Ermənistanın Türkiyə sərhəddi boyunca yerləşdirilməsi tələbini irəli sürür.

Qətnamələrdə Aİ-nın ali orqanlarından tələb olunur ki, Ermənistanın müdafiə potensialının artırılmasına dəstək verilsin. Azərbaycana gəlincə qurumun tələblərini yerinə yetirmədiyi halda bu ölkəyə ağır sanksiyalar tətbiq edilsin. Hətta, Aİ ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı qarşılıqlı anlaşma Memorandomunun fəaliyyəti dayandırılsın. Qətnamələrdə həmçinin Ermənistanın ərazi bütövlüyünə qarşı istənilən hərbi aqressiya göstərdiyi halda Azərbaycandan neft və qazın idxalının dərhal dayandırılması tələbləri səslənib.

Sual oluna bilər, Ermənistanın 30 il ərzində Azərbaycana qarşı apardığı siyasət aqressiya və işğal siyasəti deyildimi? Bəs bu siyasi dəllallar 30 il ərzində erməni təcavüzünə qarşı niyə səslərini çıxarmadı? Niyə iyirminci əsrin insanlıq faciəsi olan Xocalı soyqırımını kürsülərə daşımadılar? Yüzmimlərlə soydaşımızın zorla, amansız işgəncələr, basqılar altında öz dədə baba yurdlarından deportasiya edilməsinə göz yumanlar, bu gün Qarababağdan könüllü köçüb gedən ermənilərin geri qaytarılması, onlara yenidən xüsusi statusun verilməsu davasını aparırlar.

Xeyir cənablar, bu xülyalar keçməz. Azərbaycan sizin erməni sevdalı davanızın un yox, din davası olmasının fərqindədir. Regionda ermən fitnəsinin sönən ocağını təzədən körükləməkdənsə, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin qorunmasına bacardığınız qədər yardımçı olmağınız yetər. Demokratiya və insan haqlarının qorunmasına gəldikdə heç bir ölkə, o cümlədən Azərbaycan süddən çıxan ağ qaşıq deyil.

02.03.2024

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar