Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandes ABŞ federal məhkəməsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, məhkəmə Hernandezi ABŞ-yə kokain ixrac etməkdə və pulemyotlar da daxil olmaqla qanunsuz silahlara sahib olmaqda günahkar bilinib.
Prokurorlar bildiriblər ki, eks-prezident Hondurası narkotik alverçilərindən rüşvət alaraq “narko-dövlət” kimi idarə edib.
Hernandezi indi ömürlük həbs cəzası gözləyir. 55 yaşlı keçmiş prezidenti hər hansı qanun pozuntusuna yol vermədiyini bildirir və ittihamları rədd edir. Lakin Manhetten federal məhkəməsinin heyəti iki günlük müşavirədən sonra onu təqsirli bilib.
Hernandez 2014-cü ildən 2022-ci ilə kimi ardıcıl iki müddətə Honduras prezidenti olub. Ancaq prezidentlikdən ayrıldıqdan üç ay sonra Nyu-Yorka ekstradisiya edilib və 2022-ci ilin aprelində ABŞ-də həbs edildi. O, vaxtilə ABŞ-ın güclü müttəfiqi hesab olunurdu. Onun Hondurasa rəhbərlik etdiyi dövrdə ölkə ABŞ-dən narkotiklərlə mübarizə üçün 50 milyon dollardan çox yardım, eləcə də əlavə milyonlarla dollarlıq hərbi yardım alıb.
2019-cu ildə Donald Tramp Hernandezə “ABŞ ilə çox yaxından işlədiyinə” görə təşəkkür etmişdi.
“AzPolitika.info”


Şərhlər