“RUSİYADAKI REJİMİ HEÇ NƏ XİLAS EDƏ BİLMƏZ” – “Rusiya bütün gücü ilə ABŞ-nin varlanmasına kömək edir”

Ukraynadakı müharibə fonunda Rusiya iqtisadiyyatı heç də yaxşı günlərini yaşamır.

Ukraynanın “Glavred” internet portalına verdiyi müsahibəsində rusiyalı iqtisadçı, İqtisad elmləri doktoru İqor Lipsiç Rusiya iqtisadiyyatının qaranlıq perspektivlərindən danışıb. Həmin müsahibəni qısa ixtisarla təqdim edirik:

- “The Wall Street Journal” qəzeti NATO-nun dəyərləndirilməsinə dayanaraq xəbər verib ki, Rusiya indiki miqyasda iki-beş il ərzində müharibə apara bilər. Sizin bu dəyərləndirməyə münasibətiniz necədir?

- Rusiyanın Milli Rifah Fondu elə bu il tükənə bilər, orada 5 trilyon rubldan (təxminən 50 milyard dollar) az pul qalıb. Həm də bu il Rusiya büdcəsində 2 trilyon rubl kəsir olacaq. Vəziyyət elədir ki, Rusiya bu fondun qalıqları sayəsində hələlik duruş gətirə biləcək. Bəs onlar 2025-ci ili necə maliyyələşdirəcəklər? Bax, bu aydın deyil. Problem həm də ondadır ki, onlar dövlətin bütün iqtisadiyyatını hərbi xərclərin maliyyələşdirilməsinə yönəldiblər. Ancaq Rusiyada fövqəladə hadisələr də baş verir və bunlara da pul ayırmaq gərəkdir. Qışda hər cür texnogen qəzalar yaşandı və müvafiq kommunal təsərrüfat sistemi təcili təmir edilməlidir. Bu, hökumət üçün xoşagəlməz mənzərədir, amma bu sahə böyük pul tələb edir, pul isə yoxdur. Rusiyada dövlət büdcəsinin başlıca mənbəyi olan ixrac gəlirləri kifayət qədər sürətlə azalır.

Büdcəyə pul yığılması üçün gərək əhali talan olunsun, vergilər artırılsın, rublun devalvasiyası getsin. Əgər bunlar ediləcəksə, Rusiya 2024-2025-ci illər üçün hərbi xərclərin maliyyələşədirilməsinə vəsait tapacaq. Lakin bu zaman çox yüksək inflyasiya meydana gələcək və əhalinin həyat səviyyəsi düşəcək, həm də böyük sosial narazılıq olacaq. Ancaq xərclərin ödənilməsi üçün başqa yol yoxdur. O ki qaldı 2026-cı ilə, hətta rusiyalı iqtisadçılar da bu barədə danışmağa qorxurlar. Ona görə ki, nə baş verəcəyi qətiyyən bilinmir. Rusiyanın 2026-cı ildəki maliyyə vəziyyətinin dayanıqlı olacağını söyləmək çox çətindir.

- Son zamanlar Qərb mətbuatında yazırlar ki, Rusiya 2024-2025-ci illərdə Baltik ölkələrinə müdaxilə edəcək. Sizcə, Rusiya indiki iqtisadi imkanlarıyla iki cəbhədə döyüşə bilərmi?

- Kremlin Baltikdən başqa Moldovadakı Dnestryanı problemi də var və Rusiyanın ora ilə birbaşa quru əlaqəsi yoxdur. Bu əlaqə yalnız Qara dənizlə mümknüdür, lakin həmin istiqamət Rusiya donanması üçün qapalıdır. Rusların Baltikada döyüşmək istəyi mənə inandırıcı gəlmir.

Rusiya iqtisadiyyatı çox gərgin haldadır, lazımi sayda silahı çətinliklə əldə edirlər. Ona görə də Putin hərbi müəssisələrin rəhbərlərinə daim deyir ki, hərbi sənayeni şaxaləndirin. Axı, onlar nə edə bilərlər? Hərbi zavodlarda 12 saatlıq iki növbə işləyirlər. Yəni, avadanlıqlar və dəzgahlar durmadan 24 saat yüklənir və belə bir rejimdə hətta yeni avadanlıqlar da tez sıradan çıxır. Bu gedişlə Rusiyanı hərbi zavodlarda texnogen qəzalar gözləyir ki, bu da müxtəlif xoşagəlməz nəticələrə gətirə bilər. Bu mənada Rusiyanın Baltik ölkələrində ikinci cəbhə açması çox çətindir və belə bir müharibə aparılmasına Rusiya iqtisadiyyatının gücü çatmaz.

- Əgər iqtisadi vəziyyəti nəzərə alsaq, NATO ilə həqiqətən savaşmağa hazırlaşması üçün Rusiyaya nə qədər vaxt lazımdır?

- İstehsalın miqyasını və müəssisələrin gücünü hərbi ekspertlər daha yaxşı bilirlər. İki illik müharibədə itirilmiş hərbi texnikanın, avadanlıqların, silah və sursatın yerini doldurmaq üçün ən azından 3-4 il lazımdır.

- Müharibəni iqtisadi baxımdan dəstəkləməkdən ötrü onların vəsaiti nə vaxta kimi bəs edər?

- Əgər hökumət əhalini soymağa hazırdırsa, o zaman bu, uzun sürəcək. Çünki neft və qazdan böyük pullar gəldiyi dönəmlərdə əhali bir qədər pul yığıb. Rusiyalıların banklarda təxminən 42-43 trilyon rubl pulu var. Hökumət müxtəlif üsullarla bu pulları ələ keçirmək istəyir. Fikirləşirlər ki, əhalini necə məcbur etsinlər ki, onlar pullarını dövlətə versinlər. Bu, kifayət qədər təhlükəli hadisədir. Əlbəttə, Rusiya əhalisi dözümlüdür, mübahisə etmir, amma onun öz pulunu əlindən almağa başlasalar, hövsələdən çıxa bilər. İndi Rusiyaya xarici istiqraz verən yoxdur, Çindən pul götürməyə çalışılır, amma çinlilər pul vermək istəmirlər.

Daxili bazardan borc götürməyə cəhd etmək olar, ancaq buradakılar da dövlətin talamağa başladığı həmin əhali və həmin şirkətlərdir. Elə bu səbəbdən də ölkə içərisindən böyük bir şey əldə etmək çətindir. Deməli, praktiki olaraq yalnız son ehtiyat, yəni, əhalinin banklardakı əmanəti qalır ki, hökumətin indi ona gözü düşüb. Əgər həqiqətən də bunu edərlərsə, o zaman yəqin ki, bu pullar uzun müddət hökuməti görəcək, bəlkə də on il.

- Buna cəmiyyət necə reaksiya verəcək, dözməyə davam edəcəkmi?

- Demək çətindir. Rusiya əhalisi dözümlüdür və deyirlər ki, babalarımız dözüb, biz də dözəcəyik. Əlbəttə, biz tam tolerantlıq gözləyə bilmərik, çünki Rusiyadakı adamlar artıq nələrisə anlayırlar. Bir şeyə diqqət edin, xalqın yüksək vətənpərvərliyindən danışılsa da, həmin bu xalq pullarını fəal şəkildə xilas etməyə, Rusiyadan çıxarmağa cəhd edir. Rusiya Mərkəzi Bankının statistik məlumatında deyilir ki, bir il ərzində rusiyalılar yaxın ölkələrin banklarına bir trilyon rub pul çıxarıblar. Əgər hökumətin əhalidən pul yığmasına meyli aydın hiss edilərsə, bir triyon rubldan dəfələrlə artıq pul çıxarılmasını gözləmək olar. Belə olan halda hökumətin ehtiyatı daha tez tükənə bilər.

- Siz ixraca toxundunuz, dəqiqləşdirmək istərdim, 1 martdan Rusiya ixrac benzininin ölkə xaricinə aparılmasına qadağa qoyub. Bu qadağa Rusiya bazarına təhlükədirmi? Bu, ordunun yanacaq təchizatına necə təsir göstərəcək?

- Ukrayna dronları Rusiynın bir neçə Neft Emalı Zavoduna hücum edib. Həmin zavodlarda plandan kənar təmirlər başlayacaq və bu da təhlükə yaradacaq. Yaz gəlir və cəbhədə aktiv döyüş fazası, eyni zamanda tarlada səpin kampaniyası başlayacaq. Bütün bunlar üçün yanacaq lazımdır və o, çatışmaya bilər. Bunun qarşısını almaq üçün ixraca qadağa qoyublar. Amma iş ondadır ki, Rusiya benzinin ixracına qadağa dövlət büdcəsinə doldurulacaq gəlirləri də azaldır. Yəni, bir tərəfdən bütün imkan və üsullarla büdcəyə pul yığmağa cəhd edilir, digər tərəfdən isə gəliri kəsirlər...

- Bu qadağalar payızda özünü nə dərəcədə büruzə verəcək? Hansı rəqəmlərdən danışmaq olar?

- Biz qadağanın hansı həcmdə olduğunu bilmirik. Hansı ölkələrin istisna olduğu məlum deyil. Bu ölkələr yəqin ki, Avrasiya İqtisadi Əməkdaşlığının üzvləridir. Həm də ki, Rusiyanın xarici ticarət statistikası məxfiləşdirilib və indi biz bu göstəricilərdən istifadə edə bilmirik. Sözsüz ki, itkilər olacaq, hər halda neft və qaz büdcənin əsas gəlir mənbəyidir. Ümumiyyətlə, Rusiya həmişə xammalın ixracı hesabına yaşayıb. İndi bu azalır və büdcə problemlərlə üzləşməyə başlayır.

- Neft emalı zavodlarına edilən zərbələr Rusiya iqtisadiyyatının dayanıqlılığına nə qədər təsir edir?

- Bunlar neft bazarında öz əksini tapır. Rusiyadakı zavodlar qış dövründə işləmək üçün hər il planlı təmirə bağlanırlar. Hələ üstəlik planda nəzərdə tutulmayan işlər də meydana çıxır. Əlbəttə, bu bazara təzyiq edir və buna görə də hökumət özü üçün belə xoşagəlməz addımlar ataraq benzinin ixracını dayandırıb. Bu, vəziyyəti normallaşdırmaq cəhdidir. Əgər yazlıq səpin kampaniyası həyata keçirilməzsə, Rusiya payızda məhsul qıtlığı ilə qarşılaşa bilər. Hələ ki, Rusiyada buna inanmırlar, lakin ərzaq böhranı baş verə bilər.

- Söhbət konkret kateqoriyalardan, yoxsa, bütün məhsullardan gedir?

- Daha çox bitkiçilik ziyan görəcək. Bu sahə onsuz da yaxşı vəziyyətdə deyil, idxaldan güclü şəkildə asılıdır, idxal isə bahalaşır. Bildiyiniz kimi, kənd təsərrüfatı məhsullarına sanksiya tətbiq olunmayıb. Amma bu məhsulların pulunu ödəmək lazımdır, ödəmə əməliyyatları isə sanksiya altındadır. Rusiya bankları “SWIFT” -dən kənarlaşdırılıb, qonşu ölkələrin bankları ikili sanksiyalar qorxusundan pul verməkdən imtina edirlər. Ona görə də Rusiyanın kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı üçün gərəkli olan şeyləri ala bilməməsi təhlükəsi yaranır. Belə olan halda qida məhsullarının qıtlığı başlaya bilər. Problemin hansı məbləğlə qiymətləndirilməsini demək çətindir. Aydındır ki, bu, əhəmiyyətli məsələdir, çünki Rusiyanın ərzaq təhlükəsizliyi tam təmin olunmayıb. Bu günə olan statistikaya görə, Rusiyadakı mal ətinin və süd məhsullarının 16 faizi xaricdən idxal olunur və onları yerli məhsullarla əvəzləmək mümkün olmayıb. 16 faiz bazarın əhəmiyyətli hissəsidir, altıda biridir. Əgər idxal məhsullarının tədarükündə problemlər başlayarsa, Rusiya ərzaq bazarında kifayət qədər gərgin vizəyyət yaranacaq.

- Rusiya ixrac neftinin əsas alıcılarından olan Hindistan sanksiyalar üzündən müqaviləni təzələməkdən imtina edir. Necə düşünürsünüz, Rusiya neftini alan digər ölkələr də bu yolla gedəcəkmi? Çin Rusiyanı böhrandan qurtarmaq üçün onu maliyyələşdirərmi?

- Rusiyanın maliyyələşdirilməsinə gəldikdə, bu çox şübhəlidir. Belə ki, Çinin ölkə daxili iqtisadi vəziyyəti heç də yaxşı deyil. Öz iqtisadiyyatındakı daxili problemlərin həlli üçün çinlilərin özlərinə pul lazımdır. Bunu necə başa düşmək olar, onlar öz iqtisadiyyatlarının dağılmasına göz yumacaqlar və Rusiyaya pul yardımı edəcəklər? ABŞ tərəfindən gələ biləcək ikili sanksiya qorxusundan Çin bankları ödəmələri çətinləşdirir və Rusiyadan pul köçürülməsini istəmirlər.

- Siz Rusiyadakı gələcək vəziyyəti necə görürsünüz? Yaxın dövrdə Rusiya üçün müsbət və mənfi ssenarilər nədən ibarətdir?

- Rusiyanın atəşkəsə getməsi onun üçün müsbət ssenaridir. Belə olan halda döyüşlərin aktiv fazası dayanacaq. Onda Rusiya insan həyatını qurban verməz və müharibə üçün xərclədiyi pullara qənaət edər, təmir-bərpa işləri həyata keçirər. Bu variant az ehtimal olunandır və biz hər iki tərəfin danışıqlar masası arxasında oturmaq fikrindən uzaq olduqlarını görürük. Bu, Rusiya üçün yaxşı variant olardı, çünki onda onun üzərinə daha ağır sanksiyalar qoyulmaz və hansılarsa götürülərdi. Rusiya üçün pis variant onun heç kimlə razılaşmaması və Ukrayna üzərində tam qələbə qazanmağa inadla can atmasıdır.

- Rusiyadakı seçkidən sonra hadisələrin inkişafın necə görürsünüz? Nəsə dəyişə bilərmi?

- Nələrsə dəyişəcək, artıq Rusiyada vergi islahatına hazırlıq gedir. Putin öz rejiminin legitimliyini hiss edib kifayət qədər kəskin addımlar atmağa qərar verəcək, vergi dəyişikliyini təsdiq edəcək, hətta ola bilər ki, büdcənin mühüm vergi mənbəyi olan Əlavə Dəyər Vergisini qaldırsın. Biz inauqurasiyadan sonra vergi islahatına görə Rusiya vətəndaşlarının vəziyyətinin pisləşməsini, rublun məzənnəsinin cilovunun buraxılmasını gözləyirik. Büdcənin doldurulması üçün rubl dollara və avroya nisbətdə aşağı yuvarlanmağa başlayacaq. Bunlara müvafiq şəkildə rusiyalıları devalvasiya gözləyir. Deməli, inflyasiya artacaq, müvafiq sürətdə qiymətlər də qalxacaq. Hətta ən nikbin variantda da rusiylarıları bu gözləyir.

- Perspektivdə bu dəyişikliklər hakimiyyət dəyişikliyinə gətirib çıxara bilərmi? - Bu, problemlidir, mən buna çox da inanmıram. Rusiya xalqı Ukrayna xalqından çox fərqlənir, onlar siyasi cəhətdən fəal deyillər. Rusiyada hərə özü üçün yaşayır, hərə öz gəlir və çıxarı haqqında düşünür. Əgər birtəhər dolanırsa, deməli, yaxşıdır və heç nəyi dəyişmək lazım deyil. Rusiyalıların dəyişiklik etmək üçün siyasi təşkilatları yoxdur.

Rusiyada bir dənə də real partiya yoxdur, heç kim öz tərəfdarlarını yığıb siyasi cəhətdən koordinasiya edilmiş müqavimət aksiyası keçirə bilmir. Təbii ki, hökumət istədiyini edir, əhali isə susur. Əhaliyə rüşvət kimi ayrıca xırda bir pay atırlar və hamı özünü xoşbəxt sayır.

Ölkədə maliyyə imkanları çətin vəziyyətdədir və onun yaxşılaşacağı mümkünsüz görünür, çünki gələcəkdə neftin bahalaşmasının əlaməti gürünmür. Bundan başqa, Rusiyadakı rejimi heç nə xilas edə bilməz. Hazırda Rusiya nefti maksimum 63 dollara satılır. Bundan sonra Rusiya hökumətinin super gəliri olmayacaq. Rusiyanın Avropaya təzyiq rıçaqları prakitk olaraq yoxdur. Avropa Rusiya qazı olmadan da yaşaya bilər. Avropa Rusiya qazına ehtiyac duymadan artıq iki qış keçirib və heç bir xüsusi problem baş verməyib. Əvəzində yalnız Amerikanın Sıxılmış Təbii Qazının tədarükü artıb. Belə görünür ki, Rusiya bütün gücü ilə ABŞ-nin varlanmasına kömək edir.

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar