AKP 22 İLDƏ İLK DƏFƏ SEÇKİNİ UDUZDU - CHP böyük şəhərləri və ölkəni qazandı (Yenilənib)

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin 99 faizdən çoxu hesablanıb.

"Report" xəbər verir ki, ölkə üzrə sandıqların 99,37 faizi açılıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.

AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir. Eyni zamanda hakimiyyətdə olan partiya Antalya və İzmiri geri ala bilməyib.

Türkiyənin Ali Seçki Komissiyası seçkilərin ilkin nəticələrini bazar ertəsi elan etmək niyyətindədir. Bu arada partiya liderləri və namizədlər artıq qələbələrini elan ediblər və ya məğlub olduqlarını etiraf ediblər. Yavaş və İmamoğlu əslində seçkilərdəki qələbələrini qeyd ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində partiyasının seçkilərdə istənilən nəticəni əldə etmədiyini etiraf edib, lakin bunun “son deyil, dönüş nöqtəsi” olduğu nu bildirib.

***

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.

"Report" xəbər verir ki, indiyədək ölkə üzrə sandıqların 51,65 faizi açılıb.

Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,89 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,56 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,31 faizlə birinci yerdədir.

İzmirdə də CHP namizədi irəlidədir. Belə ki, Cemil Tugay 48,08 faiz səs toplayıb.

"AzPolitika.info" xatırladır ki, Türkiyədə 2002-ci ildən sonra keçirilən bütün seçkilərin qalibi AKP olub. Səslərin tam sayılmasından sonra rəqəmlərdə ciddi dəyişiklik olmasa, AKP son 22 ildə ilk dəfə bir seçkini uduzmuş, CHP isə ilk dəfə qazanmış olacaq. 

***

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində protokolların 15,93 faizi hesablandıqdan sonra ölkənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri hazırkı bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaş postlarını qoruyurlar.

"Report" xəbər verir ki, İmamoğlu 49,53%, AK partidən olan namizəd Murat Kurum 41,72 % səs toplayıb.

Ankara üzrə isə Manasur Yavaş 56,24 %, hakim parityadan olan namizəd Turgut Altınok isə 36,47 % səs toplayıb.

CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 47,50% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,56% ilə ikinci sıradadır.

Bütövlükdə ölkə üzrə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) liderlik edir. AKP 38,6%, onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyası 35,26% səs toplayır. 

***

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri çərçivəsində bəzi məntəqələr üzrə ilk nəticələr açıqlanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, səslərin sandıkların 9,96 faizi açılıb.

Nəticələrə əsasən, ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% ilə irəlidədir.

Cumhuriyyət Xalq Partiyası (CHP) 32,48% ilə 2-ci, DEM Partiyası isə 6,74% ilə 3-cü yerdədir.

Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88% səviyyədə olub.

"AzPolitika.info" Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, səslərin təxminən 10-15 faizinin sayılmasından sonra ölkənin ən böyük 3 şəhərində - İstanbul, Ankara və İzmirdə CHP-nin namizədləri öndədir.

635x100

Şərhlər

Ramiz 2024-04-01 10:04:32

Kaş bizdə də belə şəffaf, demokratik və xalqın hürr iradəsini əks etdirən seçkilər keçirilərdi. Görəsən o günü bizdə görəcəyikmi?

Son yazılar