Menu

Fransa Rusiya ilə dialoqu dayandırır - “Maraqlarımıza uyğun deyil”

09.04.2024, 11:03
Fransa Rusiya ilə dialoqu dayandırır - “Maraqlarımıza uyğun deyil”

Fransanın Xarici İşlər naziri Stefan Sejornet Rusiya rəsmiləri ilə danışıqların artıq Fransanın maraqlarına uyğun olmadığını bildirib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, rəsmi Paris dialoqun Rusiya tərəfindən təhrif olunmuş formada təqdim edilməsindən narazıdır.

Fransalı nazir Rusiyanı qarşılıqlı təmaslarla bağlı yalan məlumatlar yaymaqda günahlandırıb: "Bu gün Rusiya rəsmiləri ilə danışmaq bizim maraqlarımıza uyğun deyil, çünki bu barədə yayılan kommunikelər və hazırlanan hesabatlar yalandır".

Sejornetin dediyinə görə, etimadın qaytarılmasından sonra dialoqu bərpa etmək mümkün olacaq: “Və ilk növbədə Ukraynada hərbi cəbhədə hadisələrin inkişafını görmək lazımdır, lakin hələlik bu yoxdur”.

Məlum olduğu kimi, aprelin 3-də Fransanın Müdafiə naziri Sebastyan Lekornunun rusiyalı həmkarı Sergey Şoyqu ilə 2022-ci ilin oktyabrından bəri ilk telefon danışığı olub. Rəsmi Parisdə onların Moskvadakı terror aktını müzakirə etdiklərini bildiriblər. Lekornu həmçinin, Rusiyanın Ukraynaya təcavüzünü pisləyib və Fransanın ukraynalılara dəstəyini davam etdirəcəyini bildirib.

Moskva isə bildirib ki, bu söhbətdə nazirlər “Ukrayna üzrə dialoqa hazır olduqlarını” qeyd ediblər. Fransa tərəfi Kremlin bu açıqlamasını yalanlayıb və qeyd edib ki, Fransa Ukrayna ilə bağlı dialoqa hazır olduğunu bildirməyib. Eyni zamanda, Emmanuel Makron bildirib ki, nazirlər arasında dialoq əslində, Parisin Moskvadakı terror aktı ilə bağlı “faydalı məlumatı” paylaşmağa hazır olması səbəbindən baş tutub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol