Bu ilin ilk rübündə Ermənistanda ən böyük vergi ödəyicisi elektronik avadanlıqlar satan bir şirkət olub. “Mobile Center Art” adlı bu şirkət büdcəyə hətta “Qazprom-Ermənistan” şirkətindən də çox vergi ödəyib. 3 ay ərzində “Qazprom” büdcəyə 45,7 milyon, “Mobile Center Art” isə 50,2 milyon dollar vergi ödəyib.
"AzPolitika.info" xəbər verir ki, bunu iqtisadçı Allahverdi Aydın bildirib. Onun sözlərinə görə, “Mobile Center Art” 2022-ci ilin ilk rübündə büdcəyə 3,3 milyon dollar vergi ödəyib və siyahıda 38-ci olub.
"2023-cü ilin ilk rübündə isə 13,5 milyon dollar ödəyərək 7-ci sıraya yüksəlib. Bu il də 50,2 milyon dollarla 1-ci sırada yer alıb" - deyə, o, əlavə efib.
Ekspertin sözlərinə görə, 2021-ci ilə kimi Ermənistandan Rusiyaya elektronik avadanlıqların illik ixracı təxminən 10 milyon dollar ətrafında olub: "2022-ci ildə birdən-birə artaraq 462 milyon, 2023-cü ildə isə 924 milyon dollara yüksəlib. Elektronik avadanlıqların əsas ixracatçısı da haqqında bəhs etdiyimiz “Mobile Center Art” adlı şirkət olub. Bu gün bir-sıra elektronik avadanlıqlar, xüsusın mobil telefonlar (smartfonlar) rus xalqı üçün həyatı əhəmiyyətli məhsul hesab olunur. Rusiyanın zəngin insanlarını hakimiyyətə qarşı qaldırmağın ən asan və qısa yolu onları “Ayfon”suz qoymaqdan keçir. Amma Ermənistan şirkətinin “böyük xidmətləri” sayəsində ruslar mobil telefonsuz qalmırlar..."
A.Aydın xatırladır ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl – 2021-ci ildə Azərbaycanın Rusiyaya ixracı 921 milyon dollar, Ermənistanın ixracı 794 milyon dollar olub.
"2023-cü ildə isə Azərbaycanın Rusiyaya ixracı 1,2 milyard dollar, Ermənistanın ixracı 3,38 milyard dollar olub", - iqtisadçı vurğulayıb.
Rasim Əliyev
"Azpolitika.info"




Şərhlər