Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə cinayəti ilə bağlı məhkəmə istintaqı davam edir. “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində general-mayor Nizami Məmmədovun da müttəhim kürsüsündə oturduğu 4 nəfərin işini Fikrət Əliyevin sədrlik etdiyi hakimlər heyəti araşdırır.
Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovla birgə Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Bu zabitlər başqaları ilə əlbir olaraq xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilirlər.
Budəfəki iclasda cinayət işindəki əsas şahidlərdən biri-Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olmuş polkovnik Məlikməmməd Qurbanov şahid qismində ifadə verib.
Haşiyəyə çıxaraq xatırladaq ki, Məlikməmməd Qurbanov özü də 143 milyonluq yeyintiyə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfinfən həbs edilib. Eyni məhkəmədə onun da cinayət işinə baxılır.
Fotoda: Nizami Məmmədov

Qurbanovun ifadəsini bu işdə adı keçən digər şahidlərin dediklərindən fərqləndirən odur ki, o, bütün tapşırıqları nazirliyin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdan aldığını deyir.
Polkovnikin sözlərinə görə, o, birbaşa nazirə tabe olsa da, bütün göstərişi Baş Qərargah rəisi verib. Qurbanov deyib ki, Nəcməddin Sadıkovun tapşırığı ilə Nizami Məmmədova iki il ərzində 800 min manat pul çatdırıb. Həmin pulların nə məqsədlə verildiyi ilə isə maraqlanmayıb: “2018-ci il idi. Nəciməddin Sadıkov məni kabinetinə çağırıb 300 min manat pul verdi ki, Nizami Məmmədova çatdırım. Eyni şəkildə 2019-cu ildə Məmmədova çatdırmaq üçün 500 min manat verdi. Amma heç vaxt maraqlanmamışam ki, bu pulları niyə verir”.
Şahid şirkətlərlə müqavilələrin necə bağlanması haqda da danışıb. Qurbanov bu işdə də bütün tapşırıqları Nəcməddin Sadıkovun verdiyini deyib: ”Mən Nəcməddin Sadıkovun göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazım olduğuna Baş Qərargah rəisi qərar verirdi. Nəcməddin Sadıkov məni çağırırdı yanına, bir-bir deyirdi ki, bu şirkətlə müqavilə bağlamaq olar, bu şirkətlə olmaz. Tenderlərdə əsasən “Azərsun Holdinq” və onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilirdi.
.jpg)
Nizami Məmmədova gəldikdə deyə bilərəm ki, onun satınalma və təchizata heç bir aidiyyəti olmayıb. O, nə şirkətlərlə bağlanan müqavilələrdə iştirak edib, nə danışıqlardan xəbəri olub. 2015-2019-cu illər ərzində ümumilikdə nazirlik tərəfindən şirkətlərdən 19 milyon 600 min manat pul alınıb”.
General Nizami Məmmədov isə polkovnikin yalnız son dedikləri ilə razıdır. Digər məsələlərdə onun dediklərini fərziyyə adlandırır: “Qurbanov onu düz deyir ki, satınalma mənə aidiyyəti olmayan bir məsələdir. Bunu qoyduq bir tərəfə… Qaldı ki, Nəcməddin Sadıkovun mənə pul göndərməsinə, bu, yalandır. İbtidai istintaqın gedişində mənə bu məsələ ilə bağlı yeni ittiham verdilər. Həmin ittihamla da ibtidai istintaq bitəndə tanış oldum. Əgər Məlikməmməd Qurbanovun dediyi məbləği alsaydım, deyərəm almışam. Nəcməddin Sadıkovun mənə nə borcu var idi, nə tabeçiliyi, nə də qorxusu yox idi ki, mənə o qədər pul göndərsin”.
Müttəhim generalın dediyinə görə, o, rəis gələnə kimi Maliyyə-Büdcə İdarəsində qanunsuzluq baş alıb gedirmiş. Təyinatından sonra isə vəziyyəti dəyişib: “Mən rəis gələnə kimi ora “bazar” idi. Gələn kimi satınalma ilə bağlı məsələləri yığışdırdım. Hər hansı şirkət müdiri yanıma gələ bilməzdi.
“Azərsun Holdinq”in nümayəndəsi Afdandil Abdiyev deyib ki, guya mənə pul verib. Gəlsin bura, üzümə desin ki, səni tanıyıram”.
.jpg)
Məlikməmməd Qurbanovun şahid kürsüsündən Nizami Məmmədovun danışdıqlarına laqeydcəsinə reaksiyası generalı hiddətləndirib: “Orada başını bulayır. Kişi kimi de, mən əsgərin pulunu saxlaya bilərdim? Bilərdim, yoxsa yox? Nəcməddin Sadıkov mənə pul versəydi, deyərdim verib”.
“Olub ki, deyirəm”, - deyə Qurbanov generala qısa cavab verib.
Şahidin məhkəmədə dedikləri ilə ibtidai istintaq zamanı dedikləri arasında ziddiyyətli məqamlar ortaya çıxıb. Qurbanov həmçinin ilkin istintaq vaxtı da Nizami Məmmədovla üzləşdirilib.
Qurbanov əvvəlki ifadəsində deyib ki, Maliyyə-Büdcə İdarəsi ancaq icra sənədləri əsasında şirkətlərə ödənişlər edib. Əlavə olaraq qeyd edib ki, idarəyə müqavilələr hazır gəlib, Nizami Məmmədovun işi yalnız ödəniş tapşırıqlarına imza atmaq olub.
N.Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahid Qurbanovdan əldə olunan gəlirdən nə qədər özünə götürdüyü və həmin dövrlərdə şirkətlərdən gələn faizləri kimlərə verilməsi barədə danışmasını istəyib.
Lakin polkovnik müdafiəçinin suallarına cavab vermək istəməyib. Şahidin etirazına görə general Məmmədovun digər vəkilləri Cahangir Cavadov və Faiq Hüseynovun da sualları verilməmiş qalıb.
Proses növbəti cümə günü digər şahidlərin dindirilməsi ilə davam edəcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər
Sən elə bilirsən Müdafiə Naziri şalapaydır?Faizini alıb.Qoy aşağıdakılar cavab versin.Bir azdan səs-küy də kəsoləcək.Bura yazıq Azərbaycandır.
Düzdür, 143 milyon böyük puldur, ancaq maliyyən xidməti rəisinin boynuna almadığı 300+500 =800min manat, metro Tağı demişkən semişka puludur...
"Maşallah", nə şirin-şirin söhbətlər gedir...o teatr tamaşasında deyildiyi kimi, ah bu mənim, bu mollanın...
Yaşasın Nəcmıddin !!! Söz Əfqanıstanda kəşfiyyat « komandirinin » rəisi olmuş ,səkkiz medalı olan deputat Siyavuş Novruzova verilir ,görək nəcməddini debata ( duelə ) çağıra biləcəkmi
NAZİR ŞALAPAYDIR Kİ.BU BOYDA HAY-KÜYDƏN XƏBƏRİ OLMAYIB?SƏHVİN VAR.BİR DÜŞÜN,ƏGƏR ÖZÜNƏ ÇATACAQ FAİZİ ALANDAN,,YUXARIYA ÇATANI ÇATDIRMASA ONU KİM SAKİT SALAYAR? ELƏ NAZİRYİ HANSI HAKİMİYYƏT VƏZİFƏSİNDƏ SAXLAYAR?
"Əlbir olub bir ayı bir şir ilə,ovlyırlar dovşanı əl bir ilə"şeri yadındadır.
Moşu müellim Yaşa Var ol Sizi tam destekleyirem tam haqlısınuz Yeqin Necmeddin de zamanında layıq olduğu mekanda olacaq
Moshu-ya...Sizinlə tam razıyam, çox düz deyirsiniz. Müdafiə Nazirliyindəki bu korrupsiya söküntüdə bilavasitə Nazirin də günahı vardır. Qurumun rəhbəri kimi niyə nəzarət edə bilməyib, yoxsa tabeliyindəki işçilərdən çəkinib???...
Bu yazılara baxanda “Sehirli xalat” filmində Rəşidlə xanın dialoqu yada düşür. Rəşid onlara baxan vəzir-vəkillərə baxıb deyir, görmürsən tülkü kimi gözlərini necə marıtdayıblar. Bu “çərəfli” generallarımıza baxanda onların hazırki durumuna valeh oluram. Bunlara elə cəZa verilməlidir ki, başqalarına dərs olsun. Vallah bunları bir az sıxsan bütün Silahlı qüvvələri erməniyə satarlar. Sopruşan yoxdur, ay şərəfdən uzaqlar dövlətin büdcəsi dədənizdən mirasmı qalıb sizlərə. Hesablama Palatasından, Hərbi Prokurorluqdan soruşan lazımdır, Siz haraya baxırdınız ki, bu qədər yeyinti baş verib. Tam məsuliyyətlə deyə bilərəm ki, burada hamının günahı var, hamı məsuliyyət daşıyır. Bizim hüquq-mühafizə orqanları da çirkabın içindədir. Bu gün Prezidentimizin başı daha qlobal problemə qarışıb, gün 24 deyil, 48 saatdan da ibarət olsa belə bu işlərin öhdəsindən gələsi deyil. Lakin ölkəni bu dələduzların öhdəsinə buraxmaq ölkəyə üzağlığı gətirmir. Rəhbər vəzifədə oturanlar bur-biiri ilə qohumluq əlaqələri qururlar, qız verib qız alırlar, necə deyərlər kruqovaya poruka yaradırlar və dövlətin anasını ağlıadırlar. Bu isə Sizin, mənim, bizim pullarımızdır, burunlarından qan-irin olsun, bunların hamısının yeri Kürdəxan ıdır. Əlavə müəssisələr tikib bu yaramazları ora göndərmək və bütün varidatılarını dövlə\tin büdcəsinə keçirmək lazındır. Bu gün Qarabağımızın yaralarını sağaltmaq lazımdır. Cənab Prezident Sizə yalvarıram, qarşınızda diz çökürəm Azərbaycanımızı daxildəki ermənilərdən azad edin. Nəcməddin Sadıkov elə bil dəcəl uşaqdır, onun nazı ilə oynamaq lazıəm deyil. Bütün bunlar Sizin nüfuzunuza ziyanlıq gətirir.
Nəcməddinin cunayətləri hamıya bəlli olduğu halda nə üçün o məsuliyyətə cəlb olunmur?
Sən demə ən böyük korrupsiya Müdafiə Nazirliyində imiş...