Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandakı hüquqi və fiziki şəxslər tərəfindən 84 ölkəyə məhsul ixrac olunub, 134 ölkədən isə məhsul idxal olunub.Sözügedən müddət ərzində xarici ticarət dövriyyəsi 6 milyard 428 milyon dollar olub ki, bunun da 2 milyard 651 milyon dollarını idxal təşkil edib. Bu ilin birinci rübündə ən çox məhsul idxal etdiyimiz ölkə Çin olub. Rusiya və Türkiyəni geridə qoymağı bacaran Çindən Azərbaycana 743,7 milyon dollar dəyərində məhsul idxal olunub.

Başqa sözlə, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,7 faizi Çinin payına düşüb. Bu müddətdə Rusiyadan 661,7 milyon, Türkiyədən isə 538 milyon dollar dəyərində məhsul idxal edilib.

Maraqlıdır, Çinin idxalda liderliyə yüksəlməsinə nə səbəb olub?

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, Çin idxal payına görə, hər zaman ilk 3-lükdə olub.

“Əslində, bu, sürpriz bir nəticə deyil. Çin ötən illərdə də birinci olurdu. Son 3-5 ilə baxsaq, görərik ki, Çin, Rusiya və Türkiyə arasındakı idxal həcmi aşağı-yuxarı bərabər olub, arada ciddi, nəzərəçarpacaq fərqlər olmayıb”, - ekspert bildirib.

X. Kərimli qeyd edib ki, son zamanlar Çindən idxal olunan avtomobillərin həcmində əhmiyyətli artım baş verib: “Ölkəyə idxal olunan hibrid və elektrikli avtomobillərin həcmində ciddi artım var. Hibrid və elektrikli avtomobillərin alışının böyük bir qismi Çindən idxal hesabına həyata keçirilir. Əvvəllər Çinin avtomobil sənayesindəki mövqeyi elədə ciddi deyildi. Lakin son zamanlar elektrik mühərrikli avtomobillərin istehsalına görə, Çin birinci sıradadır. Ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin 70-80 faizi Çinin payına düşür. Eyni zamanda Çin smart telefonlar arasında da ciddi nüfuz əldə edib. Çinin hazır məhsullarına əvvəl də təlabat böyük idi, indi də. Ümumən deyə bilərik ki, əhalinin Çin məhsullarına münasibəti dəyişib”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanmışdır.