Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl “AzPolitika”-ya müsahibəsində Azərbaycanla Ermənistan arasında başlayan delimitasiya və demarkasiya prosesinə Ermənistandan verilən reaksiyalar, kilsənin, ona dəstək verən müxalifətin etirazlarının perspektivlərini dəyərləndirib, prosesin ikitərəfli sülh prosesinə təsirini qiymətləndirib.
Müsahibəni oxuculara təqdim edirik:
- Ermənistanda “Tavuş” hərakatının son günlər sərgilədiyi “performans” nədən xəbər verir?
- “Tavuş” hərəkatı hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin 4 kənd ətrafında baş verənləri son şans kimi dəyərləndirməsidir. Rusiya birbaşa bu aksiyaya xüsusi dəstək nümayiş etdirməsə də, hərəkat iştirakçılarının rusiyayönümlü olduğu şübhə doğurmur. Eyni zamanda illərlə “Böyük Ermənistan” illüziyası ilə formalaşmış bir kütlənin son çırpıntılarıdır. Qarabağ itkisini də sinirə bilməyən müəyyən kəsim də bu mənzərəni yaradan amillərdəndir. Ən əsası, bütün zamanlarda millətçilərin, terrorçuların, revanşistlərin başında və yanında olan kilsənin bu hərəkatın önündə olmasıdır.
- Palamentdə Baş nazir Nikol Paşinyana qarşı impiçment proseduru baş tuta bilərmi?
- Parlamentdə çoxluq hakim “Mülki müqavilə” partiyasına məxsusdur. Hətta impiçment proseduruna nail olunsa belə, nəticə Paşinyanın lehinə olacaq. Paşinyanın komandasında əks tərəfə meyllənən deputat yoxdur. Müxalif fraksiya nümayəndələri də bu səbəbdən bu prosedura ciddi yanaşmırlar. Ona görə də “itaətsizlik” çağırışına üstünlük verirlər.
- Hakimiyyətdə paraçalanma gözləyirsizmi?
- Hərəkat İrəvana daxil olduğu ilk gündən Paşinyan komandasının üzvləri “Paşinyan xalq tərəfindən seçilmiş qanuni Baş nazirdir” flaşmobu ilə çıxış etdilər. Komandanı tərk edənlər ötən altı ildə çıxıb gediblər və Koçaryan, Sarkisyan tərəfə keçməyəcəklərini də açıq bildiriblər. Hakimiyyət komandasında parçalanma gözlənilmir.
- Qarşıdakı günlərdə muxalifətə yeni qüvvələr qoşula bilərmi?
- Əksinə, qarşıdakı günlərdə hərəkat getdikcə zəifləyəcək və maksimum üç gün ərzində say azalmasının şahidi olacağıq. Nə müxalif qüvvə varsa ortadadır və say etibarı ilə ilk gündə heç də az təsir bağışlamadı. Amma Ermənistan siyasi həyatında hansısa formalaşmış siyasi qüvvənin kənarda qalması haqqında informasiya yoxdur ki, sabah da Baqratın hərəkatına qoşulması proqnozlaşdırılsın. Yeni qüvvə yoxdur.
- Hərbçilərin prosesə daxil olması mümkündürmü?
- Paşinyan Daxili İşlər Nazirliyində və xüsusi xidmət orqanlarında ciddi təmizlik işi aparıb və bu qüvvələr ona sadiqdir. Orduda keçmiş rəhbərliklə bağlı olan zabitlər haqqında xəbərlər hərdən gündəmə gəlib. Amma bu hərbiçilərin arxasınca şəxsi heyət gələsi deyil. Ona görə də, ayrı-ayrı hərbçilərin prosesə daxil olması gözlənilmir.
- Hazırda baş verənlərin 2018-ci il inqilabı ilə oxşar və fərqli xüsusiyyətləri nədən ibarətdir?
- “Tavuş” hərəkatı ilə 2018-ci il “məxməri inqilabın” oxşar xüsusiyəti əyalətdən paytaxta küçə yürüşü olması və hakimiyyəti istefaya göndərmək tələbidir, yəni forma cəhətdən yaxındır, amma mahiyyət etibarı ilə fərqlidir. O zaman cəmiyyətin 20 illik Qarabağ klanının hakimiyyətindən narazılığı ilə Paşinyan hakimiyyətindən olan narazılıq arasında əsaslı fərq var. Müharibənin Ermənistan cəmiyyəti üçün gətirdiyi faciənin də təsiri var. Paşinyanın müharibə istəmədiyi onlara məlumdur, hakimiyyətə can atanların revanşist hisslərlə yaşadığı şüuraltı olaraq cəmiyyətin əksəriyyətinə bəllidir.
- Rusiya bu günlərdə Ermənistanda hakimiyyətə qarşı hansı addımlar ata bilər?
- Rusiyanın hərbi təzyiq etmək planı yoxdur, iqtisadi təzyiqin anti-Rusiya əhval-ruhiyyəsini artıracağını bilir, siyasi təzyiqi isə maksimum Baqrat ətrafında rusiyayönümlü qüvvələrin birləşməsidir. Rusiya üç ildir ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmir. Atacağı addımı 8 mayda Moskva görüşündə çatdırdı və hərbi kontingenti Ermənistan sərhədlərində və bazasında saxladı. Əlavə təzyiq vasitəsinin effekt verməyəcəyi bu son üç ildə Rusiyaya da məlumdur.
- Ermənistanda baş verən hadisələr Azərbaycanla davam edən sülh prosesini poza bilərmi?
- Sülh prosesi tam pozulmasa da, yenidən uzana bilər. Paşinyanın sülhlə bağlı konstruktiv mövqeyi Ermənistan cəmiyyətində manipulyasiya edilə bilər və əlavə gərginliyə səbəb olar. Yəqin elə bu səbəbdəndir ki, Ararat Mirzoyan Almatı görüşünün “simvolik xarakter” daşıdığını bildirib. Amma keşişin hərəkatının tam fiaskoya uğradığı məlum olanda Paşinyanın əl-qolu açıla bilər və sülh müqaviləsinin, özünün dediyi kimi, noyabra kimi imzalanması mümkün variantdır.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər