Rusiya Federasiyasında yüksək vəzifəli şəxslərin kadr dəyişiklikləri "sonsuz müharibə" üçün resursların təmin edilməsinin zəruriliyini göstərir.

“AzPolitika” xəbər verir ki,, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Sergey Şoyqu və Nikolay Patruşevin istefaya göndərilməsini şərh edərkən deyib.

Podolyak qeyd edib ki, bu kadr dəyişiklikləri Rusiya iqtisadiyyatının total hərbiləşdirilməsinə və ordu təchizatı sistemlərinin yenidən qurulmasına hesablanıb: “Bu, ölkənin “sonsuz müharibə” üçün resursları təmin etmək məqsədilə hərbi “kommunizmə” qəti keçiddir”.

Həmçinin, Podolyakın fikrincə, baş verənlər Rusiya hakimiyyəti daxilindəki klanlararası mübarizənin təzahürüdür. O, hesab edir ki, Putin bununla da ətrafında qərar vermək səlahiyyəti olan nüfuzlu fiqurları azaldır.

Podolyak qeyd edib ki, Rusiya bundan sonra da özünü tamamilə təcrid edəcək və müharibəni genişləndirməyə çalışacaq, eyni zamanda iqtisadiyyatın hərbiləşdirilməsi səviyyəsini daha da artıracaq.

Onun fikrincə, nəticə etibarilə bütün bunların müharibənin dayandırılması və danışıqların aparılması perspektivinə heç bir müsbət təsiri yoxdur: “Hər halda, Rusiyanın qlobal proseslərdə adekvat iştiraka qayıtması variantı yoxdur və buna görə də hər hansı danışıqlar formatı mümkün deyil”.

“AzPolitika.info”